Siyasət

  • 577

Füzuli günü gündən inkişaf edir! ŞƏRH

image

Vətən müharibəsi zamanı ən ağır döyüşlər Füzuli uğrunda getdi. Çünki 30 il ərzində düşmən təmas xəttində elə bir möhkəm istehkam qurmuşdu ki, onu yarmaq böyük güc və zaman tələb edirdi. Lakin Azərbaycan Ordusu bunun öhdəsindən gəlməyi bacardı; Bu gücün qarşısında düşmən öz silahlarını yerə qoyub torpaqlarımızdan qaçdı. Füzuli işğalçılardan təmizləndi. Azərbaycan gerçəkdən qürur duyulası bir qələbəyə imza atdı.Təəssüf doğuran tərəf isə o idi ki, biz Füzulini büsbütün dağıdılmış, viran qoyulmuş, ən pisi isə demək olar, tamamilə minalanmış bir vəziyyətdə geri aldıq. Füzuli faktiki olaraq azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Bu, böyük fəlakətdir; minaların təmizlənməsi zaman və zəhmət tələb edir. Bu faktın dəhşəti bizə işğalın tarixini, onun doğurduğu acı nəticələri heç cür unutdura bilməz.Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən 23 avqust 1993-cü il tarixində işğal edilmişdi. Düşmənlə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili oldu; 663 nəfər şəhidlik zirvəsinə ucaldı; 181 nəfər isə əsir və itkin düşdü. 1386 km² ərazisi olan rayonda düşmən daş üstündə daş qoymadı. Evlər talan edildi, şəhər və rayonun tarixi-dini abidələri, türbələri dağıdıldı. Ərazi boş səhranı xatırladan bir viranəliyə çevrildi. Düşmən bu coğrafiyanın əsl sakinlərinə təəssüf ki, mina terroru kimi ağır miras buraxdı. Amma bu təəssüflər, maneələr Azərbaycanın Füzulinin ayağa qalxması üçün müəyyənləşdirdiyi inkişaf proqramının icrasını əngəlləyə bilməzdi.

Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması ilə onun inkişaf konsepsiyasının icrası start götürdü. 2021-ci il yanvarın 14-də Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Bu yolun başqa bir adı Zəfər yolu idi və Böyük Qələbəmizi simvolizə edirdi.Yol çəkilişi paralel aparıldı və fevralın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlləri qoyuldu. Füzuli şəhərinin Baş planı təsdiqləndi. Mart ayında 180 çarpayılıq xəstəxananın bünövrəsi atıldı. İyun ayında Füzuli-Hadrut avtomobil yolunun tikintisinə başlanıldı. Avqust ayında “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı oldu. Oktyabrda Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu. Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı 2022-ci ilin mayın 10-da baş tutdu. Bu hava limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı.Vətən müharibəsindən sonra isə dövlətimizin başçısı İlham Əliyevin birbaşa rəhbərliyi ilə Füzuli ən sürətlə yenidən qurulan və abadlaşan rayona çevrilib. Füzuli rayonu gözlərimiz önündə yenidən doğulur. Cəmi 9 ay ərzində müasir standartlara cavab verən beynəlxalq hava limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətindən, Prezident İlham Əliyevin möhkəm siyasi iradəsindən və uzaqgörən strateji baxışından irəli gəlir. Cənab prezidentin Füzuliyə mütəmadi Səfərli və hər səfərində Füzuli üçün yeni nəfəs gəlir. Bu rayonda yeni iqtisadi layihələr reallaşdırır və açılışlar edir.Füzuli Beynəlxalq Hava Limanı, xüsusən bu rayonun Qarabağın və Şərqi Zəngəzurun hava qapısı rolu oynadığını birmənalı surətdə təsbit edir. Füzuli rayonunun Qarabağ və Şərqi Zəngəzur üçün rolu və əhəmiyyəti təkcə hava limanının inşası ilə məhdudlaşmır. Zəfər Yolu kimi məşhurlaşan və qəhrəman əsgərlərimizin faktiki olaraq yolsuzluq şəraitində irəliləyərək addım-addım canları və fədakarlıqları bahasına açdıqları cığırın üzərində Füzuli-Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, eləcə də Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası rayonun Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və məskunlaşması üçün hansı önəm daşıdığını vurğulayır.Yeri gəlmişkən, bu gün Horadiz-Ağbənd dəmir yolunun inşası üzrə işlər tam sürətlə davam edir. Bu dəmir yolu beynəlxalq əhəmiyyətli strateji yoldur. Ağbənd-Horadiz dəmir yolu Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsidir və həm Naxçıvanın blokadadan çıxmasında mühüm rol oynayacaq, həm də Azərbaycanın Türkiyə və digər ölkələr arasında tranzit imkanlarını ciddi surətdə artıracaq. Ən əsası, bütün bu infrastruktur layihələrdən başqa, doğma sakinlərinin Füzuliyə qayıtması və məskunlaşması üçün yaşayış komplekslərinin, xəstəxana, peşə liseyi kimi sosial obyektlərin inşası Füzuliyə həyatın yenidən qayıtdığının müjdəsini verir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər