Elçin Bayramlı
Bir neçə ildir ki, müzakirələr gedir ki, Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran yararsız maşınlar utilizasiyaya göndəriləcək. Bunun əvəzində vətəndaşlara ucuz qiymətə və güzəştli şərlərlə yeni avtomobil almaları üçün şərait yaradılacaq.
Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəkləridir.
Rəsmi açıqlamalarda qeyd olunurdu ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək.
Hazırda Azərbaycanda 1,5 milyon avtomobil var. Avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ili ötür. 20 faizinin isə yaşı 30 ildən çoxdur.
Bir çox ölkələr avtoutilizasiya proqramı həyata keçirərək öz avtomobil parklarını yeniləyib və nəticədə həm yol qəzalarının sayı, həm də ekoloji çirklənmə xeyli azalıb. Məsələn, Rusiyada köhnə avtomobillərin utilizasiyası proqramı 13 il əvvəl başlayıb. Dövlət bu proqramın həyata keçirilməsi üçün federal büdcədən hər il böyük məbləğdə vəsait ayrılır.
Texniki vəziyyəti bərbad olan maşınları münasib qiymətə alınır və vətəndaşa yeni avtomobil almaq üçün güzəştli və uzunmüddətli kredit verilir. Yerli avtomobillər belə vətəndaşlara daha ucuz qiymətə təklif olunur. Hər il Rusiya istehsalı olan 100 mindən çox avtomobil satılır. Nəticədə, ölkənin avtomobil parkı böyük ölçüdə yenilənib.
Bəs yerli avtomobil istehsalı olmayan ölkələrdə bu proses necə ola bilər? Azərbaycanda yerli model avtomobil istehsalı olmasa da, Rusiya, İran və Çin avtomobil modellərinin bəzilərinin yığımı mövcuddur. Lakin onların qiyməti elə də ucuz deyil. Ən ucuzlarının qiymətləri 20 min manat civarındadır. Bu halda vətəndaş özünün hazırda bazar dəyəri 3-5 min manat olan avtomobilini verib 5-6 qat qiymətə yeni maşın ala bilməyəcək, çünki dövlət onun köhnə maşınına uzağı 1-2 min manat ödəyəcək. Qalan fərqi hətta kreditə bölsələr belə vətəndaş uzun illər ayda 400 manatdan az olmayaraq vəsait ödəməlidir ki, bu da böyük əksəriyyət üçün mümkün deyil.
Bu halda yeganə çıxış yolu, dövlətin həmin maşınları real bazar dəyərinə alması, ölkədə yığılan və ya xaricdən gətirilən maşınları onlara maya dəyərinə verməsidir. Həm də faizsiz və uzunmüddətli kreditlə. Yalnız bu halda bu proqram effektli və ədalətli ola bilər. Üstəlik, həmin avtomobillərin detallarının güzətşli satışı təşkil olunmalıdır. Çünki yeni model maşınların ehtiyat hissələri çox bahadır, demək, məsələ təkcə maşını almaqla bitmir, onu saxlaya bilmək də var.
Daha bir məqamı nəzərə almaq lazımdır ki, bir sıra vətəndaşlarımız ucuz və köhnə avtomobillə yük daşıyır, xidmət göstərir, öz təsərrüfatı üçün istifadə edir və bununla dolanır. Yeni maşının amortizasiya və servis xərcləri dəfələrlə baha başa gəldiyindən bu maşınla həmin işi görməsi mümkün olmayacaq. Demək belə vətəndaşlara dövlət uzun müddətli kredit verməlidir ki, o ili nisbətən yeni olan və texniki cəhətdən daha yaxşı vəziyyətdə olan başqa bir işlənmiş maşın ala bilsin. Məsələn, 30-40 yaşı olan 2-3 min manatlıq xarab maşınının əvəzinə 7-8 min manata 15 ilin daha yaxşı vəziyyətdə olan işlənmiş maşınını ala bilsin. Bu halda dövlət onun maşınını bazar dəyərinə- 2-3 min manata qəbul etməli, ona 5 min manat krediti azı 5 il müddətinə cüzi faizlə verməlidir. Yalnız bu halda köhnə və yararsız avtomobil sahibləri bunda maraqlı ola bilərlər.
Mövzu ilə bağlı daha bir məsələ var ki, bir çox maşınların istehsal ili çox köhnə olsa da, texniki vəziyyətləri sazdır və ya demək olar ki, ideal vəziyyətdədir. Hətta yaşı 50 ildən çox olan retro avtomobillərin qiyməti çox bahadır. Dünyanın bütün ölkələrində 50-100 arası yaşı olan avtomobillər istifadə olunur, əlbəttə, texniki vəziyyətləri normal halda.
Və ya əksinə, elə maşınlar var ki istehsal ili nisbətən yenidir, amma ağır qəza keçirib və ya çox pis istifadə edildiyindən texniki vəziyyəti bərbad haldadır. Yəni, 10 ilin maşını 30 ilin maşınından daha pis vəziyyətdə ola bilər. Bu halda həmin maşın dövlət necə, hansı qiymətə qəbul edəcək? Sahibi o maşını 1-2 min manata verməyəcək. Bundansa detallarını söküb satsa dəfələrlə çox gəlir əldə edər.
Demək avtomobillərə yaşına görə yox, texniki vəziyyətinə görə yanaşılmalıdır. Əgər avtomobil texniki baxışdan keçirsə demək istifadəyə yararlıdır.
Göründüyü kimi, bu proqramla bağlı hələ də aydın olmayan xeyli mürəkkəb məsələ var. Elə bir optimal yol tapılmalı və şərtlər elə ədalətli olmalıdır ki, köhnə avtomobil sahibləri bunda maraqlı olsun.