PDF Oxu

Siyasət

  • 533

Milli dövlətçilik ənənələrinin inkişaf etdirilməsi

image

1918-ci il mayın 28-də Azərbaycan xalqının istiqlal iradəsini əks etdirən İstiqlal Bəyannaməsi qəbul edildi və müstəqil Azərbaycan dövləti-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olundu. Yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, üzərinə düşən mühüm missiyanı şərəflə yerinə yetirdi. Qısa müddət ərzində ölkənin ilk Parlamenti və Hökuməti formalaşdırıldı, dövlət idarəetmə sistemi quruldu, sərhədlər müəyyənləşdirildi, dövlət atributları-bayraq, himn və gerb təsis edildi, Azərbaycan dili dövlət dili elan olundu.
Cümhuriyyət dövründə dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, milli ordu yaradıldı, ölkənin ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması istiqamətində ciddi tədbirlər həyata keçirildi. Demokratik prinsiplərə əsaslanan dövlət təsisatları formalaşdırıldı, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil sistemi milliləşdirildi, xalqın gələcək mədəni və intellektual inkişafı üçün möhkəm zəmin yaradıldı.
Fəaliyyətinin ilk günlərindən xalq hakimiyyəti və bərabərlik prinsiplərinə söykənən Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlara milli, dini, irqi və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verdi. Parlamentin fəaliyyəti dövründə qəbul olunan qanunlar dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafın təmin edilməsinə, elm, təhsil və mədəniyyət sahələrində irəliləyişə geniş imkanlar yaratdı.
Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlərdə sülhsevər siyasət yürüdərək dünya dövlətləri ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan əlaqələr qurmağa çalışırdı. Məhz həmin dövrdə Azərbaycanın beynəlxalq hüququn subyekti kimi tanınması 1920-ci ilin aprelində baş vermiş bolşevik işğalından sonra belə Azərbaycanın dünya siyasi xəritəsindən tamamilə silinməsinin qarşısını aldı.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli yaddaşında müstəqillik ideyalarını əbədi yaşatdı. Azərbaycan xalqı sonrakı dövrlərdə də milli dövlətçilik ənənələrini və milli-mənəvi dəyərlərini qoruyub saxladı. Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət xalqımızın tarixi-mədəni yaddaşının bərpasına, milli mənlik şüurunun inkişafına və azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə mühüm töhfə verdi.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət dövlətçiliyi ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Belə bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyinin qorunması, ölkədə sabitliyin təmin olunması və dövlətçilik əsaslarının möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atdı. Məhz onun rəhbərliyi ilə Azərbaycan öz geosiyasi və iqtisadi potensialını reallaşdırmağa başladı, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edirdi: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”
Bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Ölkədə genişmiqyaslı siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilir, iqtisadiyyat davamlı inkişaf edir, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.
Son illərdə əldə olunan bütün uğurların əsasında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması kimi ali məqsəd dayanırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərə nail oldu, torpaqlarımız işğaldan azad edildi və dövlət suverenliyi tam bərpa olundu. Bu gün Azərbaycanın üçrəngli bayrağı bütün ərazilərimizdə qürurla dalğalanır və xalqımız dünyada qalib, mübariz və yenilməz xalq kimi tanınır.



Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər