PDF Oxu

Siyasət

  • 479

Kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir

image

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə aqrar sektorun mövcud vəziyyəti, qarşıda duran vəzifələr, fermerlərin problemləri və ərzaq təhlükəsizliyi məsələləri geniş müzakirə olunub.
Prezident İlham Əliyev çıxışında bildirib ki, kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayır. Dövlət başçısı qeyd edib ki, son illərdə aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılıb, fermerlərə dövlət dəstəyi gücləndirilib və regionlarda yeni infrastruktur layihələri həyata keçirilib. Subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikalarının güzəştli şərtlərlə təqdim olunması və suvarma sistemlərinin yenilənməsi bu sahənin inkişafına müsbət təsir göstərib.
Müşavirədə ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayrılıb. Prezident vurğulayıb ki, dünyada baş verən iqtisadi və siyasi proseslər fonunda hər bir ölkə daxili istehsal imkanlarını artırmalıdır. Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır və yerli istehsalın artırılması əsas prioritetlərdən biri hesab olunur.
Su problemi də müşavirənin əsas mövzularından biri olub. Dövlət başçısı iqlim dəyişikliklərinin yaratdığı çətinliklərə diqqət çəkərək su ehtiyatlarından səmərəli istifadənin vacibliyini qeyd edib. Müasir suvarma texnologiyalarının tətbiqi, yeni su anbarlarının tikilməsi və mövcud kanalların yenidən qurulması istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin aqrar potensialına da toxunub. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri kənd təsərrüfatının inkişafı üçün böyük imkanlara malikdir və həmin ərazilərdə müasir aqrar layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Müşavirədə aidiyyəti qurumlara fermerlərin problemlərinin operativ həll edilməsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması və dövlət dəstəyinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib. Keçirilən müşavirə bir daha göstərdi ki, kənd təsərrüfatının inkişafı Azərbaycanın dövlət siyasətində əsas prioritet istiqamətlərdən biri olaraq qalır.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər