PDF Oxu

Siyasət

  • 821

Kənd təsərrüfatı Azərbaycanın strateji sahəsidir

image


Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət qayğısının daha bir nümunəsi kimi böyük əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında qeyd etmişdir ki, kənd təsərrüfatı Azərbaycanın iqtisadiyyatının strateji istiqamətlərindən biridir və bu sahənin inkişafı həm ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də regionların sosial-iqtisadi yüksəlişinə mühüm töhfə verir.
Son illər ərzində ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlar kənd təsərrüfatında yeni mərhələnin başlanmasına səbəb olmuşdur. Müasir texnologiyaların tətbiqi, fermerlərə verilən subsidiyalar, güzəştli kreditlər, suvarma sistemlərinin yenilənməsi və kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə təqdim olunması bu sahədə məhsuldarlığın artmasına geniş imkan yaratmışdır. Prezident İlham Əliyev müşavirədə vurğulamışdır ki, kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır və bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır.
Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Xüsusilə aqroparkların yaradılması, meliorasiya və irriqasiya layihələrinin icrası, kənd yollarının yenidən qurulması və logistika imkanlarının genişləndirilməsi fermerlərin fəaliyyətinə müsbət təsir göstərmişdir. Regionlarda müasir infrastrukturun formalaşdırılması kənd əhalisinin rifah halının yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına və kənddən şəhərə miqrasiyanın azalmasına səbəb olmuşdur.
Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac potensialını artırmaq üçün də mühüm addımlar atır. Yerli məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə keyfiyyət standartlarının tətbiqi, istehsal və emal müəssisələrinin yaradılması xüsusi diqqət mərkəzində saxlanılır. Bu isə həm ölkəyə valyuta axınının artmasına, həm də “Made in Azerbaijan” brendinin dünyada tanınmasına xidmət edir.
Dövlət başçısı fermerlərlə daim təmasda olmağın vacibliyini də vurğulamış, onların problemlərinin operativ həllinin aidiyyəti qurumların əsas vəzifələrindən biri olduğunu bildirmişdir. Fermerlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, gübrə və toxum təminatının yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi aqrar sektorun daha da inkişafına şərait yaradır.
Bu gün Azərbaycan kənd təsərrüfatında əldə olunan uğurlar göstərir ki, həyata keçirilən məqsədyönlü siyasət öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə aparılan islahatlar ölkənin iqtisadi qüdrətini artırmaqla yanaşı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd əhalisinin sosial rifahının yüksəlməsinə xidmət edir. Bütün bunlar onu deməyə əsas verir ki, kənd təsərrüfatı gələcək illərdə də Azərbaycanın davamlı inkişafında mühüm rol oynayacaqdır.

Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər