Siyasət

  • 301

Həyat və sağlamlıq üçün ciddi təhlükə: mina terroru TƏHLİL

image

Qarabağ və Şərqi Zəngəzurda 1 milyon 167 hektara yaxın təhlükəli sahə

44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında qazandığı Zəfər nəticəsində işğalçıları "iti qovan kimi" torpaqlarımızdan qovaraq məğlub etdi. Artıq Azərbaycan işğaldan azad olunan torpaqların abadlıq-qurucuqluq işlərinə başlayıb. Həyata keçirilən layihələr bu ərazilərin dirçəlməsinə səbəb olur. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrini birində bildirdiyi kimi, "Biz çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır". Təbii ki, qısa bir zaman məsafəsində bütün əərazilərin tam abadlaşması bir qədər çətindir. Belə ki, erməni təcavüzkarları işğal altında olan ərazilərimizi darmadağın edərək xarabazarlıqlara çeviriblər. Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirləri xatırlatmaq yerinə düşər. "Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb", - deyən Prezident qeyd edib ki, dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır: "Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə bərabər ərazini tikmək, abadlaşdırmaq lazım gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə". Bəli, belə bir vəziyyətdə olan torpaqlarımıza qovuşduq.

Bu gün həmin ərazilərdə genişmiqyaslı layihələr icra olunur. Bir sıra magistral avtomobil yolları, dini-tarixi abidələr, infrastruktur layihələri icra olunub və bu davamlı həyata keçirilir. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır. Əlbəttə ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur. Ermənistanın basdırdığı minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhlükə törədir və ya azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişafa mane olur. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-si uşaq, 38-i isə qadınlar təşkil edir. Əlbəttə ki, bu xəritələri verilməsi işğaldan azad edilmiş ərazilərdə tikinti və yenidənqurma layihələrini tez bir zamanda reallaşmasına səbəb olar.

166 MİN HEKTARDA, ÜMUMİ ƏRAZİLƏRİN 14,2 FAİZİNDƏ TƏMİZLƏMƏ APARILIB

İşğaldan azad edilmiş ərazilərdə hazırda 1 milyon 167 hektara yaxın təhlükəli sahə var. İşğaldan azad edilmiş ərazilərdə elə bir yer yoxdur ki, minatəmizləyənlər orada mina olmadığını və çirklənmədiyini əminliklə söyləsinlər. Bu günə qədər 166 min hektarda, ümumi ərazilərin 14,2 faizində təmizləmə aparılıb. Dörd il əldə olunan bu faiz göstəricisi prosesin hələ çox davam edəcəyini deməyə əsas verir.

Azərbaycan Ermənistan tərəfindən ərazilərimizin 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verib. Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.

44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.

DÜNYA İCTİMAİYYƏTİNƏ, BEYNƏLXALQ QURUMLARA VƏ TƏŞKİLATLARA MÜRACİƏT

İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürüdür. Bu gün əlbəttə ki, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Təhlükəsiz hərəkət üçün yollar minalardan təmizlənir. Onu da qeyd edək ki, mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması nəticəsində Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədi ilə Azərbaycan tərəfindən dünya ictimaiyyətinə, beynəlxalq qurumlara və təşkilatlara, o cümlədən BMT-nin Baş Katibliyinə, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Şurasına və Avropa İttifaqına müraciət ünvanlanıb.

Azərbaycan bu istiqamətdə ardıcıl işlər görür. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməsə də, bu gün artıq Azərbaycan işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərini davam etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər