PDF Oxu

Siyasət

  • 1 691

Azərbaycanın qədim mahalı - Zəngəzur

image

Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışaraq əqli mülkiyyətimizin terrorçusuna çevrilən ermənilər ölkəmizin 30 ilə yaxın işğal altında olan ərazilərini xarabalığa çevirərək vəhşilik missiyalarını həyata keçiriblər. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazandı və yolumuzu gözləyən yurd yerlərimizdə abadlıq quruculuq işlərinə start verilib. İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilib. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sırada vurğulanmalıdır. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir.

Bütün qeyd olunan bu və digər abidələrimizlə yanaşı, Qərbi Azərbaycan ərazisində məhv edilən abidələrimizi də qeyd etməliyik. Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığınının bariz nümunəsidir. Qərbi Zəngəzurun etnik təmizləməyə məruz qalan Gorus, Qafan, Mehri, Qarakilsə (Sisian) rayonlarının tarixi əhəmiyyətli yaşayış evləri, inzibati yaşayış məntəqələri, qəbiristanlıqlar, qəbirüstü abidələr, məscidlər, türbələr də tamamilə məhv edilib, Alban dövrü kilsə və monastırlar isə formaları dəyişdirilərək yararsız hala salınıblar. Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozmuşdur.

AZƏRBAYCANLILARA QARŞI MƏQSƏDYÖNLÜ ŞƏKİLDƏ HƏYATA KEÇİRİLMİŞ ETNİK TƏMİZLƏMƏ VƏ SOYQIRIM SİYASƏTİ

1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdların tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir". Qərbi Azərbaycan ölkəmizin tarixinə görə ən qədim bölgələrdən biridir. Burada mövcud olan qəbirsanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisidir. Böyük bir irsin nümunələri bu yerlərdədir.

ZƏNGƏZURDA 115 KƏND YER ÜZÜNDƏN SİLİNDİ

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi var idi. 1905–1907 və 1914–1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində bu mahalda çox sayda müsəlman (türklər və kürdlər) həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinmişdir. 4472 qadın və uşaq ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilmişdir.

AZƏRBAYCANLILAR TARİXİ DƏDƏ-BABA YURDLARINDAN QOVULDULAR

Zəngəzurun səfalı təbiətə məxsus rayonlarından biri Qarakilsədir. Mənbələrdə qeyd olunur ki, Zəngəzurun ən böyük və səfalı təbiətə məxsus rayonlarından biri Qarakilsədir. Burada 1918-ci ilə kimi 76 kənd olub. Onun 61-də türk tayfaları, 15-də albanlar yaşayıblar. Əsasən sovet hakimiyyətinin bərqərar olmasından sonra Qarakilsəyə xarici ölkələrdən erməni axını başlayıb. Rayon mərkəzindən 15 kilometr aralıda - Salvartı dağının ətəyində yerləşən Comərdli Qarakilsənin ən böyük türk kəndlərindən biri idi. Məlumdur ki, Zəngəzur vaxtilə Gəncə quberniyasının qəzası olub. 1920-ci ildən sonra Zəngəzurun Qafan, Gorus, Qarakilsə və Mehri bölgələri Sovet rəhbərliyi tərəfindən yenicə yaradılmış Ermənistan dövlətinin tərkibinə verilib. 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 389 məscid fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası - 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. 1988-ci ildə təkcə Zəngəzurda deyil, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulublar.

Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.

URUD KƏNDİ YAXINLIĞINDAKI ORTA ƏSRLƏR AZƏRBAYCAN MƏZARLIĞI

Qədim tarixi olan Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi-memarlıq abidələri kompleksi olan Uruda daxil olan Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Xatırladaq ki, 1968-ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Urud kəndində 1988-ci ilə kimi yalnız Azərbaycan türkləri yaşamışlar. Bu kənddə ermənilərin ilk məskunlaşması 1988-ci ildən sonra olmuşdur.

Onu da qeyd edək ki, abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığındakı orta əsrlər Azərbaycan məzarlığıdır. Məzarlıqda bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Məzarlıq ermənilər tərəfindən dağıdılıb, Urud qalasının yalnız xarabalıqları qalır.

Ermənilər Azərbaycan xalqının tarix və mədəniyyətinə dair fakt və həqiqətləri saxtalaşdırmaqla bərabər, abidələrin görünüşünü və yazılarını da süni şəkildə "erməniləşdirmişlər". Məkrli niyyət və mənfur siyasət sahibi olan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizm hərəkətləri hər zaman pislənilib. Tarix ədaləti bərpa edir. Hər zaman belə olub, bu gün də belə olacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər