İyunun 12-də Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı tərəfindən 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə “Heydər Əliyev şəxsiyyəti Milli Qurtuluşun bünövrəsidir” mövzusunda tədbir keçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, xatirəsi ehtiramla yad olunub.Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev çıxışında Azərbaycan Respublikasının şanlı tarixinin mühüm mərhələsi olan Milli Qurtuluş Gününün dövlətçilik və müstəqillik üçün mühüm dönüş nöqtəsi olmasından, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanı məhv olmaqdan xilas etməsindən bəhs edib. Qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizdə sabitlik və inkişaf dövrü olub. Bildirib ki, bu gün Ulu Öndərin müəyyən etdiyi strateji yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmiz beynəlxalq arenada nüfuzlu və söz sahibi olan bir dövlətə çevrilib. İqtisadi islahatlar, infrastruktur layihələri, beynəlxalq enerji və nəqliyyat layihələrində iştirakımız, eyni zamanda mədəni və humanitar sahədə əldə edilən nailiyyətlər tərəqqimizin əyani göstəriciləridir.
Tədbirdə çıxış edən partiya fəalları Rasif Qaçayzadə, Lamiyə Bədəlzadə və Gülşən Quliyeva 15 iyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin dərin zəkası, yüksək səviyyəli dövlət idarəçiliyi bacarığı nəticəsində Azərbaycan Respublikasının qurtuluşdan başlayaraq hal-hazırda Prezident İlham Əliyevin dəmir iradəsi sayəsində tərəqqi ilə irəliləyərək yeni-yeni zəfərlər qazanmasından bəhs ediblər.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan yeni üzvlərə partiya vəsiqələri təqdim edilib.