PDF Oxu

Siyasət

  • 1 414

Zəfər Günü: Azərbaycan tarixində yeni dövrün başlanğıcı

image

“44 günlük Vətən müharibəsinin ən mürəkkəb, riskli əməliyyatlarından olan Şuşanın azad olunması, təkcə hərbi deyil, tarixi və siyasi baxımdan əhəmiyyətli hadisə oldu. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər Qələbə olmamışdı. Xalqımıza qarşı 200 ildən çox davam edən düşmənçilik siyasətinə ən tutarlı cavab məhz Şuşada oldu. Xüsusi Təyinatlı Qüvvələrimiz, mərd oğullarımız əlçatmaz və alınmaz qala hesab olunan Şuşanın sıldırım qayalıqlarını dırmaşaraq yüngül silahlarla düşmənə qan uddurdu. Bütün dünyaya sübut etdik ki, Azərbaycanın güclü ordusu var və ən çətin tapşırıqları yerinə yetirmək iqtidarındadır”.Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, Azərbaycanın son iki əsrdə üzləşdiyi bəlaların, faciələrin əsas icraçıları ermənilər olub: “Çar Rusiyasının təşəbbüsü ilə müxtəlif ölkələrdən Qarabağa köçürülən ermənilər onlara “hədiyyə” verilən torpaqlarla razılaşmadılar, daha münbit, zəngin yerlərə iddia etdilər. Onlar İrəvanı, Qərbi Zəngəzuru, Naxçıvanı, Qarabağın dağlıq hissələrini də öz ərazilərinə qatmaq üçün gecə-gündüz çalışdılar, hiyləgər planlar qurdular. Erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qaldı. 31 Mart soyqırımı xalqımızın yaddaşında ən faciəli hadisə olaraq qalıb, etnik təmizləmə sonrakı illərdə də davam etmişdir. 1988-ci ilə qədər 200 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından qovuldu, didərgin salındı. “Dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm xülyalarını gerçəkləşdirmək üçün 1988-ci ildən başlayaraq Azərbaycana qarşı separatizm cinayətləri həyata keçirən ermənilər on minlərlə vətəndaşımızı qətlə yetirmiş, torpaqlarımızın 20 faizini işğal edərək şəhər, rayon və kəndlərimizi xarabaxanaya çevirmişlər. Beləliklə, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vuruldu. 1992-ci il fevralın 26-da Xocalıda törədilən soyqırımı xalqımızı nə qədər sarsıtmışdısa, həmin ilin may ayında Şuşanın işğalı bizim psixologiyamızda, əhvalımızda bir o qədər sağalmaz izlər buraxdı. Biz uzun müddət o faciələrin təsiri altından çıxa bilmədik. Qarabağı Azərbaycanın ərazisi hesab etmələrinə baxmayaraq, beynəlxalq təşkilatların dişsiz siyasətləri bizim o torpaqlara qayıdacağımıza dair ümidlərimizi də puç edirdi. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digərləri sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərdilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu 28 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir”.
Tahir Mirkişili qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qaldı: “Amma dövlətimiz bu müddət ərzində özünün iqtisadi, hərbi və diplomatik gücünü artırmaq üçün böyük səylər göstərdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələrlə regionda tamamilə yeni mənzərə yaratdı, enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə əmr verildi. Müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirdi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad etdi. Bu dövrdə ordumuzda bir nəfər də fərari olmadı. Ermənistan ordusunda isə 10 mindən çox fərari vardı. Hərbçilərimiz “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər. Qəhrəman hərbçilərimizin bir neçə istiqamətdə sıldırım qayalarla Şuşaya doğru irəliləməsi, yüngül silahlarla düşmənlə döyüşməsi, əlbəyaxa olması əməliyyatın mürəkkəbliyindən irəli gəlirdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər”.
T.Mirkişili əlavə edib ki, Prezident İlham Əliyevin Şuşa şəhərinin azad olunması xəbərinin yaratdığı xoş əhval-ruhiyyə bu gün də gözlərimizin qarşısından getmir: "Dövlət başçısı çıxışlarının birində qeyd edib: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımları Azərbaycanın gücləndirilməsinə yönəldilib. Vətən müharibəsinə qədər bütün addımlar bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”. Şuşanın azad edilməsi Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. 10 noyabr Bəyanatından sonra isə Azərbaycan işğal altındakı bütün rayonları azad etdi, Qarabağda separatizmə son qoydu. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz əldə olunan bütün bu Qələbələrə görə ordumuza, xalqımıza borcluyuq”.

Digər xəbərlər