"WUF13-ə ev sahibliyi etmək ölkəmizə bir sıra üstünlüklər qazandıracaq. İlk növbədə, bu, Azərbaycanın dayanıqlılıq üzrə qlobal liderlik rolunu daha da gücləndirəcək".Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.Onun sözlərinə görə, on minlərlə iştirakçı ölkəmizə gələcək ki, bu da turizmin və biznesin canlanmasına töhfə verəcək: "Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri də daxil olmaqla, ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək imkanı yaranacaq. Şəhərsalma, iqlimə uyğunlaşma, yaşayış yeri siyasəti və “ağıllı şəhər” həlləri sahələrində yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının genişlənməsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün geniş platforma formalaşacaq.Ölkəmiz iqlim dəyişmələri, dekolonizasiya, bərabərsizliklərlə mübarizə və dayanıqlılıq kimi qlobal çağırışları beynəlxalq platformalarda uğurla gündəmə gətirir. Azərbaycan 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edərək Qlobal Cənubun ehtiyaclarını beynəlxalq səviyyədə fəal şəkildə səsləndirib və Hərəkatın inkişafına mühüm töhfə verib. 2024-cü ildə təxminən 200 ölkənin Azərbaycanın COP29-a ev sahibliyini yekdilliklə dəstəkləməsi nəticəsində ölkəmiz bu mötəbər tədbiri də yüksək səviyyədə təşkil edərək iqlim diplomatiyasında mühüm uğura imza atdı.Bu il Azərbaycan BMT-nin daha bir mötəbər tədbiri olan “Ümumdünya Şəhərsalma Forumu”nun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi Azərbaycanın xarici siyasətdə artan nüfuzuna əlavə dividendlər qazandırmaqla yanaşı, diplomatik əlaqələrin yeni formatda inkişafına təkan verir. Bu isə ölkəmizin beynəlxalq platformalarda mövqeyinin daha da möhkəmlənməsinə və qlobal proseslərdə fəal iştirakına yeni imkanlar açır".
Müəllif: Günel Fərzəliyeva