PDF Oxu

Siyasət

  • 6 507

Qürur mənbəyimiz Azərbaycan Bayrağı TƏHLİL

image

Müstəqillik rəmzlərimizdən olan üçrəngli bayrağımız qürurumuz, varlığımızdır və Vətən torpağı üzərində məğrur-məğrur, azad dalğalandıqca var olacağıq. Bu gün Vətən torpağının hər bir yeri milyonlarla insanı bir amalla, bir məsləklə birləşdirən Azərbaycan bayrağına bürünüb. Bütövlüyümüzün simvolu olan millətimizin imzasını dünyada təsdiqləyən bu bayraq tarixində əzəmətli, möhtəşəm olan günlərini yaşayır. Qürurvericidir ki, bütöv və suveren Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncamı ilə Dövlət Bayrağı Günü ölkəmizdə 9 noyabr tarixində qeyd olunmağa başladı. Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından, mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın yüksəklikdə dalğalanmasına sədd qoyulsa da, 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı.. Siyasi-ideoloji və mənəvi baxımdan əhəmiyyətli olan bayrağmıza görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev hər zaman dövlət atributlarından biri kimi xüsusi diqqətlə yanaşmış, "Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun", – deyə bildirmişdir. 1990-cı illərin çətin, ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir.

Bayrağımızda olan hər bir rəng Azərbaycan xalqına məxsus dəyərləri özündə ehtiva edir. Göy rəng Azərbaycan xalqının türk mənşəli olmasını göstərir, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni və inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə islam sivilizasiyasına və islam dininə mənsubluğun göstəricisidir. Demək, bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixi ilə sıx bağlıdır. Qürur mənbəyimiz və and yerimiz olan üçrəngli bayrağımıza and içirik və hər bir vətəndaşın üzərində ciddi mənəvi məsuliyyət var. Azərbaycan xalqının türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoluna çevrilən üçrəngli bayrağımız bu gün göylərə yüksəlib. Dövlət Bayrağımız, ölkəmizin hər bir yerində, o cümlədən Şərqi Zəngəzurda və Qarabağda qürurla dalğalanır. Artıq hər kəs əmindir ki, bayrağımız işğaldan azad olunmuş torpaqlarda əbədi olaraq dalğalanacaq. Prezident İlham Əliyevin 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdığı zaman vurğuladığı kimi: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.

Bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi bayrağımız bu gün ən yüksək zirvələrdə dalğalanır və xalqımız qururla Bayraq Gününü qeyd edir.

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Digər xəbərlər