"İçərişəhər bizim milli sərvətimizdir, dünya memarlıq tarixinin möhtəşəm abidəsidir, Azərbaycan xalqının istedadının bariz nümunəsidir. Əsrlər boyu Azərbaycan xalqı İçərişəhəri, onun içində olan tarixi abidələri qoruyub və bundan sonra da əsrlər boyu qoruyacaq", - deyə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir.
Buranın hər bir daşı neçə-neçə əsrləri yaşadır. Tarixdən boylanan səda daşlarda, küçələrdə həkk olununb. Hansı hadisələrə şahidlik etməyib İçərişəhərimiz? Üçqat qala divarları və Qız qalası möhtəşəm müdafiə istehkamının bu günümüzə gəlib çatan nişanələrdir. Burada küçələrin çox dar və dolanbac olması düşmən süvariləri küçə və dalanlara girə bilməsin deyə belə hörülmüşdür. "İçərişəhərin hər bir küçəsi, hər bir tini, hər bir daşı qiymətlidir, tarixi əhəmiyyət kəsb edir. Qala divarları, Qız qalası, Şirvanşahlar sarayı, məscidlər, karvansaralar, muzeylər, digər tarixi abidələr qürur mənbəyimizdir", - deyən Cənab Prezident qeyd edib ki, dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur. Bəli, dünyada bənzəri olmayan İçərişəhər Bakının ən qədim hissəsi, eləcə də tarixi-memarlıq qoruğudur. Tarixi yaddaşımızın canlı şahidi olan İçərişəhər Bakının ən qədim hissəsidir və yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. "İçərişəhər Bakı şəhərinin özəyidir", - deyən Cənab Prezident Bakı şəhərini İçərişəhərsiz təsəvvür etməyin mümkün olmadığını bildirib: "Bakı şəhərinin gözəlliyi bu gün heç kimə sirr deyil və Bakıya gələn hər bir xarici qonaq Bakıya heyran olur. Əminəm ki, hər gələn, xüsusilə ilk dəfə Bakıya gələn xarici qonaq mütləq İçərişəhərə baş çəkir, İçərişəhərlə, orada yerləşən abidələrlə tanış olur və bir daha görür ki, Azərbaycan xalqı böyük xalqdır, qədim xalqdır, istedadlı xalqdır. Ancaq böyük və istedadlı xalq belə möhtəşəm, dünya əhəmiyyətli abidə yarada bilər."
"İÇƏRİŞƏHƏR KİMİ İKİNCİ MƏKAN, İKİNCİ YER DÜNYADA YOXDUR"
Tunc dövründən bizə soraq verən ərazinin qədim tarixində neçə-neçə istilalar, vuruşmalar, müharibələr yer almışdır. İçərişəhəri çox vaxt şəhər içərisində şəhər adlandırırlar. Doğrudan da, qala darvazasından içəri ayaq qoyanda sanki başqa bir aləmə düşürsən – orta əsrlər şəhərinə. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətli abidələrdir.
İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri - Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, Məhəmməd Məscidi, Multanı, Buxara və Kiçik Karvansaralar, məscidlər, karvansaralar, hamamlar, muzeylər və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur. Dövlət başçısının qeyd etdiyi kimi, "Düzdür, dünyanın bir neçə ölkəsində köhnə şəhər məhəllələri vardır, onların bir neçəsində mən olmuşam. Amma tam əminliklə deyə bilərəm ki, İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur. Bu, bizim tarixi irsimizdir."
Qız qalası və Şirvanşahlar Sarayı 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Azərbaycan Böyük İpək yolunun üzərində yerləşdiyinə görə, İçərişəhərdə çoxlu karvansara və bazar meydanları vardı. Yaraşıqlı görkəmi ilə seçilən ikimərtəbəli Karvansara XV əsrə aiddir. Karvansara cənub-şərq tərəfdən künc qalalarla mühafizə olunur ki, bu da onun müdafiə xarakterindən xəbər verir. İçərişəhərin üç əsas darvazası var - Şamaxı darvazası, Salyan darvazası və dəniz sahilinə açılan darvaza. Əsas girişlərdən biri Qoşa Qala qapısıdır ki, buna Şamaxı Darvazası deyilir. Qoşa Qala qapısından içəri daxil olan kimi geniş bir meydana çıxmış olursan. Sol tərəfində XVIII əsrin memarlıq abidəsi olan Bakı xanlarının iqamətgahının qalıqları görünür.
Məlumdur ki, dağıdıcı zəlzələdən sonra Şirvan hökmdarı Axsitan paytaxtı İçərişəhərə köçürdü. Şəhər böyüyüb genişləndi. Burda möhtəşəm bir saray - Bakının ecazkar tarixi abidələrindən olan - Şirvanşahlar sarayı tikildi. Bu saray İçərişəhərə xüsusi bir yaraşıq və əzəmət verir.
"BAKININ TƏMƏLİ MƏHZ İÇƏRİŞƏHƏRDƏ QOYULUBDUR"
Tariximizin daha bir incisi, Bakının simvolu olan Qız qalası da İçərişəhərdədir. Əslində, İçərişəhərin tarixi daha qədimlərə, hətta eramızdan əvvələ gedib çıxır.
Bakının ən dəyərli incisi, həm də tarixi-memarlıq qoruğu olan İçərişəhər XIX əsrin sonları-XX əsrin əvvəlləri Bakıda neft bumunun yaşanmasından sonra genişlənir, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlayır. Məhz "İçərişəhər" anlayışı da bayır şəhərin formalaşmasından sonra yaranır. "İçərişəhərin hər bir hissəsi, hər bir guşəsi əhəmiyyətlidir və eyni zamanda, İçərişəhər, sadəcə olaraq, açıq səma altında muzey deyil. İçərişəhərdə insanlar yaşayır, əsrlər boyu yaşayıb. "Hamımız yaxşı bilirik ki, Bakının təməli məhz İçərişəhərdə qoyulubdur və qədim dövrlərdə Qala divarlarının kənarında heç bir tikili yox idi" – deyə Cənab Prezident bildirib: "Bu gün də İçərişəhərdə insanlar yaşayır və onların rahatlığı üçün əlbəttə ki, böyük işlər görülür və görüləcəkdir. İçərişəhər əbədi yaşayacaq və yaşamalıdır. Biz də, bizdən sonra gələn nəsillər də haqlı olaraq İçərişəhərlə fəxr edəcəklər".
İÇƏRİŞƏHƏR YENİ MƏRHƏLƏDƏ
Qeyd etmək yerinə düşər ki, 17 fevral 2003-cü ildə Prezident Heydər Əliyev "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamdan sonra burada tikinti işləri dayandırıldı və şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı. İçərişəhərin qorunması istiqamətində 10 fevral 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" Sərəncam imzaladı. Dövlət başçısının 16 may 2007-ci il Sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi təsdiq edildi. İdarənin yaradılmasının əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunması idi.
17 dekabr 2009-cu ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri haqqında" Prezidentin Sərəncamına əsasən, İçəri Şəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün vəsait ayrılmışdır.
İçəri Şəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və orada arxeoloji işlərin aparılması məsələləri də müvafiq normativ hüquqi aktların və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə uyğun şəkildə həll edilir. Mövcud qanunvericiliyə görə, Qoruğun ərazisində yerləşən elmi, tarixi və ya mədəni əhəmiyyətli bütün abidələr dövlət tərəfindən qorunur, onların dağıdılması, köçürülməsi və dəyişdirilməsi qadağan olunur. Hazırda İçərişəhərdə mövcud olan tarixi abidələr – dünya, ölkə və yerli əhəmiyyətli olmaqla 3 qismə bölünür.
Həm coğrafi yerləşmə, həm Xəzər dənizinin kənarında yerləşməsi, həm də qədim abidələri ilə Bakı dünyanın ən gözəl, unikal, inkişaf etmiş şəhərlərindən birinə çevrilib. Əlbəttə ki, dövlətimiz tərəfindən görülən işlər şəhərin gözəlliyinə yeni çalarlar əlavə edir.
Nəzakət ƏLƏDDİNQIZI