"Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər və özəl sektor nümayəndələri bir araya gələrək geniş fikir mübadiləsi aparacaq, yeni bilik və təcrübə paylaşmaq imkanı əldə edəcəklər".Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.Onun sözlərinə görə, bu önəmli tədbirin paytaxtımızda keçirilməsi dövlətimizin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun yüksək səviyyəyə çatmasından irəli gəlir: "Regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olan WUF13 çoxşaxəli və müxtəlif istiqamətləri əhatə edən mərhələli tədbirlərdən ibarət olacaq, şəhər ərazilərinin çağırışlarına cavab vermək üçün yeni tərəfdaşlıqların və fəaliyyətlərin formalaşmasına zəmin yaradacaqdır.Artıq dövlət strukturları WUF13-ün yüksək səviyyədə keçirilməsi üçün səfərbər olunublar. Rəsmi hazırlıq mərhələsi uzun müddətdir ki, həm təşkilati, həm də logistik baxımdan davam edir və Bakı şəhəri bu qlobal platformaya ev sahibliyini strateji təşəbbüs kimi qəbul edib.Ümumiyyətlə, bu mötəbər platformaya ev sahibliyi etməsi ölkəmizin təşkilati gücünün və diplomatik çəkisinin göstəricisidir. Belə tədbirlər dövlətin idarəetmə mədəniyyətini, çevik qərarvermə bacarığını və beynəlxalq standartlara uyğun fəaliyyət modelini nümayiş etdirir. Uzun illərdir Azərbaycan bu proseslərdə kənar müşahidəçi kimi deyil, təşəbbüs irəli sürən və gündəm formalaşdıran tərəf kimi çıxış edir.2026-cı ildə Bakının BMT-nin Dünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizin bu sahədə qlobal diskursun fəal iştirakçısına çevrildiyinin bariz göstəricisidir. Bu seçimin təsadüfi olmaması Azərbaycanın təqdim etdiyi modelin artıq yalnız daxili inkişaf nümunəsi kimi deyil, həm də beynəlxalq səviyyədə tətbiq oluna bilən urbanistika konsepsiyası kimi qəbul edilməsindən qaynaqlanır. Azərbaycan artıq şəhərsalma sahəsində regional deyil, qlobal nümunə kimi çıxış edir".
Müəllif: Günel Fərzəliyeva