PDF Oxu

Siyasət

  • 809

Dini-tarixi abidələrimizə dövlət qayğısı

image

Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində, özünüdərkində mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, istər sovet məkanında, istərsə də müstəqillik dövründə yaşadığımız illərdə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasına və inkişafına çox böyük önəm verib. Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə olan münasibəti aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Dövlət başçısı mütəmadi olaraq, din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir və dini ibadət yerləri təmir-bərpa olunub, inanclı insanların istifadəsinə verilir. Ölkə ərazisində 2200-dən artıq məscid fəaliyyət göstərir. Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də, dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Əsrlərin süzgəcindən keçərək, müasir dövrümüzədək qoruyub-saxladığımız milli-mənəvi, dini adət-ənənələrimiz yaşayır və düzgün şəkildə insanlara çatdırılır.

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda, Şuşada, Xankəndidə dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Azad olunmuş torpaqlarımızda gedən dinc quruculuq, yenidənqurma işləri, dini-mənəvi abidələrə yeni həyat bəxş olunması, vandalizmə məruz qalmış ziyarətgahlara, qəbirstanlıqlarımıza sahib çıxılması, soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı istiqamətində dövlət başçımız tərəfindən həyata keçirilən tədbirlər təqdirəlayiqdir.

XALQININ MİLLİ-MƏNƏVİ VƏ DİNİ DƏYƏRLƏRİNƏ BÖYÜK EHTİRAM

Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir. Çoxəsrlik tarixə malik olan abidələrimizə, dini ziyarətgahlarımıza, maddi-mədəniyyət abidələrimizə yeni həyat verilir. Azərbaycanda dini abidələrin dövlət tərəfindən qorunması, bərpası və tikintisi milli dəyərlərimizə olan münasibətin təzahürüdür. Müstəqillik dövründə yüzlərlə dini abidələrin bərpası və tikintisi fikrimizi əsaslandırır. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirilir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilib. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır.

Azərbaycanda paytaxt Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpasına dövlətimiz tərəfindən ayrılan diqqətin daha bir göstəricisidir. Əminliklə deyə bilərik ki, dini abidələrimizin təmir və bərpası Azərbaycanda bu sahədə dövlət siyasətinin real mənzərəsinin ifadəsidir.

Bu sahəyə dövlət qayğısının artması dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Təbii ki, görülən bu işlərdə əsas məqsəd vətəndaşların rahat ibadət etmələrini təmin etməkdir.

QƏDİM MƏDƏNİYYƏTİN TƏŞƏKKÜL TAPDIĞI QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

Bu gün işğaldan azad olunan ərazilərimizdə də dini abidələr təmir və bərpadan sonra istifadəyə verilir. Belə ki, Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub. Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirib. İkimərtəbəli məscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb. Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.

Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər. Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb.

Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini abidələrin bərpası və mühafizəsinə daim diqqət yetirilməsinə dair məlumatlar əks olunub. Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütün dövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilib. Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ və Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət və dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər törədilmişdir. Erməni təcavüzkarları şəhər və rayonları, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətləri talan etmiş, bu ərazilərdəki dini, tarix və mədəniyyət abidələrini vandalizm aktlarına məruz qoymuşdur.

"MÜSƏLMAN ALƏMİNDƏ HƏMRƏYLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİ ÜÇÜN SƏYLƏRİMİZİ ƏSİRGƏMİRİK"

İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsidir. İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto və videomateriallar nümayiş olunur.

İndi əzəli sakinlər bu yerlərdə dini ayinləri yerinə yetirirlər. Zidiyyətlərlə zəngin iyirmi birinci yüzillikdə Azərbaycan ənənələrinə sadiq qalaraq milli mənəvi dəyərlərə önəm verərək islamofobiya, islam adından sui-istifadə edərək qırğınlar törədənlərə malik olduğu dəyərləri ilə çağırışlar edərək onları sülhə, dostluğa dəvət edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik".

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər