“Görüşdə çox maraqlı mövzular müzakirə olundu. Görüşün əsas məqsədi üzv dövlətlərin sosial rifah, məşğulluq və əmək sahəsindəki təcrübələrinin paylaşılması, inklüzivliyin artırılması istiqamətində işlərin davam etdirilməsi və bu sahədə daha geniş əməkdaşlığın qurulması idi. Bu fikirlər imzalanan bəyanatda da öz əksini tapdı”. SİA xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.Nazir müavini bildirib ki, imzalanan bəyanatda eyni zamanda işçi qruplarının yaradılması və onların bu sahədə işi davam etdirərək üzv dövlətlər arasında məlumat mübadiləsinin aparılması da öz əksini tapıb.Onun sözlərinə görə, artıq Türk Dövlətləri Təşkilatının əmək sahəsində əməkdaşlığa və davamlı inkişafa böyük maraq göstərdiyi aydın görünür və bu istiqamətdə konkret praktiki addımlar atılır.“Ümid edirik ki, əmək nazirləri bu prosesi dəstəkləyəcək və üzv ölkələr arasında bu sahədə əməkdaşlıq uğurla davam etdiriləcək. Təcrübə mübadiləsi nəticəsində Türk Dövlətləri Təşkilatında əmək münasibətləri daha da inkişaf edəcək”, – deyə Rəşad Mustafayev əlavə edib.
Müəllif: Günel Fərzəliyeva