PDF Oxu

Siyasət

  • 353

Səmimi qonşuluq münasibətləri ŞƏRH

image

Məlum olduğu kimi, Azərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi vardır. Xalqlarımız hər zaman bu əlaqələri qoruyub saxlayıb və inkişaf etdiriblər. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da münasibətlər inkişaf etməkdə davam edib. Bu münasibətlərin möhkəmlənməsində hər iki dövlətin rəhbərlərinin böyük rolu olub. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edən yeni bir sənədə imza atılıb.

Yeri gəlmişkən, Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir. Ötən dövr ərzində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Qeyd edək ki, cari ilin yanvarın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edərək hər iki ölkə arasındakı siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və gələcək perspektivlər müzakirə etmişlər. Ölkə başçısı çıxışı zamanı Gürcüstanın Baş nazirinin qısa zaman ərzində Azərbaycana üçüncü dəfə səfər etməsini iki ölkə arasında əlaqələrin dərinliyinin və strateji xarakterinin göstəricisi kimi dəyərləndirərək qeyd etmişdir: “Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər”.

Məlumdur ki, Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında bu dövlətlərin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya və parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu platformaları vacib rol oynayır. Dövlət başçısı çıxışı zamanı bütün bu məqamlara toxunaraq bildirmişdir: “Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır”.

Ən əsası, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya rəsmi səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək və ölkələrarası əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəkdir.

Əli Həsənov,

YAP Göygöl rayon təşkilatı üzrə 5 nömrəli ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər