PDF Oxu

Siyasət

  • 2 596

2022-ci il 24 yanvar: ilk dəfə Bakıdan Ağdama və Şuşaya...

image

Üç il öncə, Qarabağ Zəfərindən iki il sonra, yanvar ayının 24-də Bakıdan Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşdü. Bu, sadəcə olaraq təqvimdəki günlərdən biri və sıradan olan tarix deyil. Bu yolçuluq 30 illik həsrətin vüsal anı idi. 30 illik işğal altında qalan yurdlarımızın azadlığa çıxıb sakinlərinə qoynunu açdığı gün idi.

Həmin gün Bakıdan Ağdama və Şuşaya yola düşən avtobuslarda toplaşan, Zəfərdən sonra ilk dəfə ata-baba yurduna üz tutan 30 ilin köçkün, qaçqın həyatını yaşayanlar idi. Qəlblərində 30 il yurd həsrəti yaşayanlar, bu həsrətlə əzizlərini torpağa verənlər idi. Onlar tək özləri üçün deyil, dünyadan köçərkən ata-analarının, nənə-babalarının çiyinlərinə qoyduğu yükü də o yurdlarda atmaq üçün dədə-baba torpaqlarına yollanırdı.

Həmin günü, həmin avtobuslardakı insanları o qədər gözəl duyuram ki.. Yəni Bakıdan mənzilbaşına bir saniyə də olsun ürəyinin guppultulu döyüntülərini eşitmədən gedə bilərdimi o insanlar? O ürəklərdə hansı arzular, hansı diləklər vardı. 30 il əvvəl məcburi şəkildə, silah burnunda tərk etdikləri yurdlarına 30 il sonra geri dönmək... Yolboyu qəlblərdə insanın özünün özü ilə söhbəti sanki gəlir qulaqlarıma: yurdum məni necə qarşılayacaq? Hansı hissləri keçirəcəyəm yenidən orada? Görəsən həyətimizdən, evimizdən nə qalıb yurdumda? Tanıyacağam evimi? Görəsən anamın əlləri ilə əkdiyi o ağac qalıbmı yerində, rəhmətə gedərkən dediyi sözləri o ağaca çatdıra biləcəyəmmi? Görəsən, babamın qəbrini tapıb onu ziyarət edə biləcəyəmmi?..

Bax, bu kimi fikirlər avtobusların hər birinin içərisində əyləşən, yurda üz tutan onlarla insanın ürəyi ilə pıçıltısı idi. Onlar İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Zəfərin zərrin şüalarına doğru yola çıxmışdılar. Qarabağa-əzəli ata-baba yurdlarına üz tutmuşdular... Onlar bu dəfə yalnız azad torpaqlara səfər edirdilər. Lakin qarşıda ata yurduna qayıdış edəcəkdilər. O gün yaxında idi. Elə bu gündən ötən illərə nəzər saldıqda və minlərlə soydaşımızın yurduna qayıtdığının şahidi olduqca, minlərlə şükür etdik. Qarabağı bizə, xalqımıza, soydaşlarımıza qaytaranlara can sağlığı arzuladıq. Bu mübarizədə canından keçib şəhid olanlara Allahdan rəhmət dilədik. Onların sayəsində bu gün Azərbaycan bütövdür, sərhədləri tamdır. Azərbaycanlıların hər birinin alnı açıq, üzü ağ, başı ucadır.

Yol gedirdi Ağdama...

O Ağdama ki, 27 il düşmən tapdağı altında qalan və 2020-ci ilin 27 sentyabrından başlanan yolla azadlığına doğru yolçuluğa çıxan Ağdam bir qərinəyə yaxın qara günlər yaşadı. Gözəl hüsnündən əsər-əlamət qalmadı Ağdamın. Vəhşi düşmən bu ağ saraylı, ağ binalı şəhəri yerlə yeksan etdi. Dağıdıldı, yandırıldı, köksü qara tüstü burulğanına büründü. Ağ şəhər qara şəhərə çevrildi. Həm də qara günlü şəhərə...

27 il idi ki, adından “ağ” sözünü çıxarıb Qarabağın qara bəxti, qara taleyi adlandırmışdıq Ağdamı. Çünki ağ günündən, ağappaq şölə saçan növrağından əsər-əlamət qalmamışdı bu yurdun. Ona yad əllər uzanmışdı. Bədxah addımlar köksündə yaralar açmışdı. Tanış olmayan nəfəslər bu yerlərin ağ gününə qara tüstü püskürmüşdü.

İllərdi yanırdı çinarlıqları. Sökülürdü abidələri, mədəniyyət ocaqları. Dağıdılırdı zəhmət əllərinin ucaltdığı evlər - bir ailənin ümidi sökülürdü. Evindən-eşiyindən köçmək məcburiyyətində qalanların yuxularının tez-tez qonağı olurdu Ağdam. Bu yuxular dünyada məşhur olan Qarabağ atlarının məskəni olan Ağdamın ağ atlı oğullarından, ağ duvaqlı qızlarından “danışırdı”. 27 il əvvəl Qarabağın qoynundakı ən çox şəhid verən bu bəyaz şəhərin qara günlərini nağıl edirdi o yuxular. Lakin nə bu yuxular, nə də real həyat belə davam edəcəkdi. Çünki xalqın belə bir deyimi var: Qara günün ömrü az olar.

Qara gününün ömrü 27 il olsa da, 27 sentyabrdan başlanan Vətən müharibəsi Ağdamın bu ömrünün sonu oldu. Müzəffər ordumuzun sürətlə irəliyə doğru irəliləməsi, o yuxulardakı ağ atlı oğulların düşmənin qara kabusuna çevrilməsi son qoydu Ağdamın qara günlərinə. Ali Baş Komandanımızın da söylədiyi kimi: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş və böyük vəsait xərclənmiş istehkamlar. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etmişdilər. Bizim gücümüzü düzgün hesablaya bilməmişdilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bizi o Qələbəyə aparan həm gücümüz, texniki təchizatımız, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

27 sentyabrdan başlanan hərbi yol 10 noyabrda siyasi yolla birləşərək Ağdamın qələbəsini yaxınlaşdırdı. Tarix yenə 27 il əvvələ geri döndü. Lakin bu dönüş azərbaycanlıların başına açılan o müsibətli günləri qələbə sevinci ilə əvəzlədi. Bu dəfə əzilən başqasının torpaqlarında ağ gün axtararkən qara günlərin sahibinə çevrilənlər oldu. Tarix öz siyasi lideri və səhifələrinə minilliklərin hünər səhifəsini yazan azəri övladlarının şücaəti ilə Ağdamı ağdamlılara qaytardı. Həmin gün Ağdamın “çöhrəsini” gülümsəyən gördük. Sevinc göz yaşları axıtdıq. Qəlbimiz qürur hissi ilə doldu...

Ağdamda Azərbaycan bayrağı ucaldıldı. Ağdam bu doğma nəfəsləri, tanış əllərin hərarətini duyduqca gülümsəyirdi. 27 il çöhrəsinə qara rəng çökən Ağdam gülümsəyirdi. Dağıdılmış, viran edilmiş abidələri, tarixi yerləri, incəsənət, mədəniyyət nümunələri, bərəkətli, altı da, üstü də zəngin torpaqları ilə birlikdə gülümsəyirdi. Çünki o əllər bu yurd yerinə yeni həyat vermək üçün gəlmişdi. Minlərlə evinin daşı daş üstündə qalmayan bir yurdu yurddaşlarına vermək, buraya yeni növraq bəxş etmək üçün gəlmişdi. Bu səbəbdən də Ağdam gülümsəyirdi. Qələbəsini, azadlığını bayram edirdi. Bütün işğaldan azad olunmuş torpaqlarımız kimi, Ağdamın da üzünə gülümsəmək necə də yaraşır...

Budur, azadlığından 5 il ötür Ağdamın. O, yenidən qurulur. Bağrına çəkilən min bir dağa dağ vüqarlı oğullarımız məlhəm oldu. Bu gün isə dövlətimiz Ağdamı yenidən dirçəldir. Ağdamlılar artıq ata-baba torpaqlarına-doğma Ağdamlarına qayıdır.

20 noyabr-Ağdamın azadlığı günü xalqımızın qürur tarixidir.

Yol gedirdi Şuşaya...

O Şuşa ki, Böyük Zəfərimizdən iki gün əvvəl azad olundu. Noyabrın 8-də Milli ordumuzun qəhrəman əsgərləri möcüzələr diyarı Şuşanı elə möcüzəli şəkildə də işğalçılardan təmizləyib, xilas etdilər.

Şuşa azad olunanda 28 il yarım idi ki, əsarətdə- düşmənin murdar əlində idi. 28 ilin əvvəlində o, bir təsadüf nəticəsində işğal olunmuşdu. Yadımdadır, o zamanlar hamı “bu, bir möcüzədir”, deyirdi. Çünki bu sözləri söyləyən insanlar dəfələrlə Şuşada olmuşdu. Onun hansı coğrafi mövqedə yerləşdiyini, düşmənin onu heç vaxt işğal edə bilməyəcəyini yaxşı bilirdilər. Bəs necə olmuşdu ki, Şuşa belə asanlıqla işğal olunmuşdu? Düşmən bunu necə bacarmışdı?

Şuşanın işğalı barədə televiziya vasitəsilə məlumat alan insanların hər biri böyük kədər, qəm-qüssə içərisində bunun nə cür baş verdiyini müzakirə edir, bir qənaətə gələ bilmirdi. Gələ bilməzdi də. Çünki hələ sonralar Şuşanın satılması, hazır tikə kimi düşmənin ağzına qoyulması bilinəcəkdi. Bilinəcəkdi ki, dövlətimizin ozamankı səriştəsiz, vəzifəpərəst ünsürləri özlərini qorumaq, vəzifədə qalmaq üçün bir oyuna giriblər. Bu, torpaq oyunu idi. Azərbaycanın qədim, əzəli torpaqları qoyulmuşdu bu oyuna. Oyundan erməni qalib olaraq çıxacaqdı. Bu, əvvəlcədən hazırlanmış plana görə belə idi. Uduzan isə səriştəsiz rəhbərlərin sayəsində xalqımız olmalı idi və oldu da. Bir-birinin ardınca torpaq idi ki, gedirdi, düşmənin tapdağı altına verilirdi. Baxmayaraq ki, minlərlə şəhidimiz, qazimiz oldu, bu torpaqları son nəfəslərinədək müdafiə etdilər, lakin bir faydası olmadı. Çünki plan həyata keçirilirdi. Və biz bu planda çoxdan uduzan tərəf idik. Bütün bunlardan isə xalq xəbərsizdi. Xəbəri olacaqdı, çox yaxın zamanda olacaqdı. Lakin o zaman torpaqlarımız çoxdan işğal altına verilmiş olacaqdı.

Şuşanın müdafiəsini Tanrı özü onu yaradarkən bəxş etmişdi. Şuşa sanki öz kürsüsündə oturan xan, düşmən isə onun ətrafındakılar idi. Bax elə möcüzə də burada idi ki, bu ətraf xanı öz məqamından necə endirə bilərdi? Təbii ki, yalnız arxadan vurulan zərbə və satqınlıqla... Elə insanların Şuşanın işğalına möcüzə kimi baxması da bu səbəblərdən idi. Çünki o, belə asanlıqla alına bilməzdi.

Bəli, 2020-ci ildə artıq düz 28 il yarım idi ki, Şuşa bizim əlimizdən satqınlıqla getmişdi.

Qayıtmalıydı, qayıtdı!

İşğal altındakı torpaqlarımızı hər zaman təəssüf hissi ilə anan, onların geri qaytarılmasına böyük inam bəsləyən Ümummilli Liderimiz ömrünün sonunadək bu sözləri dedi: “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik. Bu, qarşımızda duran vəzifədir və biz onu nəyin bahasına olur-olsun, yerinə yetirəcəyik”.

Ulu Öndər torpaqlarımızın geri alınması üçün beynəlxalq aləmdə böyükmiqyaslı işlər həyata keçirdi. Lakin dünya susdu. 2020-ci iləqədərki 17 ildə dövlətimizin başçısı da eyni Ulu Öndər kimi bu istiqamətdə danışıqlar apardı, Qarabağ problemini beynəlxalq səviyyədə həll etməyə, düşmənin sülh yolu ilə torpaqlarımızdan çıxarılmasına çalışdı. Lakin dünya yenə də susdu. Mənfur düşmən isə hələ üstəlik yeni ərazilər işğal etmək xülyasına düşdü. Belə olanda isə Ulu Öndərimizin həm mənəvi, həm də siyasi varisi Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni yerində oturtmağı bacardı. Şəhər, qəsəbə və kəndlərimiz qarış-qarış, kənd-kənd geri alındı. Biz övladlarımızı itirdik, lakin onların qanı ilə Azərbaycan tarixinin yeni səhifələrini yazdıq.

Bu səhifələrdə Şuşanın işğaldan azad olunması xüsusi yer tutur. Çünki bir möcüzə baş vermişdi. Düşmən əlində olan Şuşa böyük qətiyyətlə də qorunurdu. Düşmən ötən 28 ildə Şuşanın bütün sərvətlərinin, hüsnünün sahibinə çevrilmişdi. Onlar üçün Şuşa həqiqətən də möcüzə idi. Ömürlərində rastlaşmadıqları, görmədikləri bir möcüzə. Rahatlıqla, döyüşmədən əldə etdikləri bu möcüzəni əsla itirmək fikrində də deyildilər. Lakin gözləmədikləri yeni bir möcüzə baş verməkdə idi. 44 günlük Vətən Müharibəsinin son 10 günlüyündə qarşılaşacaqdılar bu möcüzə ilə. Və qarşılaşdılar da. Müharibədən sonra düşmən bəzi mətbuat orqanlarına müsahibələrində, söhbətlərində Şuşada möcüzə ilə üzləşdiklərini açıqca etiraf etmişlər. Onlar belə söyləyir ki, heç gözləmədiyimiz halda bir də gördük ki, Azərbaycan əsgəri Şuşadadır. Onlar buraya haradan, necə gəlmişdi, biz onu düşünürdük.

Azərbaycan əsgəri Şuşaya addım-addım, gecə-gündüz sürünə-sürünə, sinəsini dağa-daşa sürtə-sürtə, əl-ayaqlarında daşlar yaralar aça-aça gəlib çıxmışdı. Bu, əsgərimizin nəyə qadir olmasının göstəricisi idi. Bu, ürəyi torpaq sevgisi ilə dolu olan azərbaycanlı övladlarının əlbəyaxa döyüşü, texnikasız, silah-sursatsız bir taktikası idi. Bu, Milli Ordumuzun gücünün, Ali Baş Komandanımızın sərkərdəlik məharətinin, həmrəyliyinin nümayişi idi. Bu barədə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edən cənab İlham Əliyev demişdir: ... Münaqişəyə son qoyan Azərbaycan əsgəri oldu, qəhrəman Azərbaycan əsgəri. Müharibənin son hadisələri məhz burada - Şuşada baş vermişdir. Sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə burada topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər. Şuşa Zəfərindən sonra faktiki olaraq Ermənistan cəmi bir gün dirəniş, - əgər buna dirəniş demək mümkündürsə, - göstərməyə cəhd etmişdir və noyabrın 9-da artıq kapitulyasiya aktını imzalamağa hazır olduğunu bildirmişdir.

8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Təqvimi vərəqləyərkən...

24 yanvar 2022-ci il əslində təqvimin ən əlamətdar günüdür. Çünki bu tarix bizim şərəf tariximizin açdığı səhifələrdən biridir. Biz torpaqlarımızı yağı düşməndən azad edib, sonra da soydaşlarımızın bu tarixdə ata-baba yurduna səfərini təşkil etmişdik. Yüzlərlə insan avtobuslarla yurdunu görməyə yollanırdı. Həsrəti atıb vüsala qovuşmağa, minlərlə şəhidimizin qanı axan müqəddəs torpağı öpməyə, salamlamağa yollanırdı. Qələbənin, Zəfərin töhfəsini öz gözləri ilə görməyə yollanırdı.

Nəinki bu tarix, Qarabağla, birinci və ikinci Vətən müharibələrinin hər biri ilə bağlı tarixlərin hər birini dəfələrlə xatırlamalı, uşaq, yeniyetmə və gənclərin daş yaddaşına köçürməliyik.

Və bütün bunların fonunda Cənab İlham Əliyev fikirlərini bir daha xatırlayıram: Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. Bəli, Xirosima atom bombası nəticəsində məhv edildi. Ağdam və digər şəhərlər erməni vandallığı nəticəsində məhv edildi. Birinci Qarabağ müharibəsi dayanandan sonra 30 il ərzində binaları daş-daş söküb, daşıyıb satmışdılar və beynəlxalq təşkilatların hesabatlarında bu, var. Qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Yəni, Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Ona görə gələn hər qonaq, azad edilmiş torpaqlara gedən hər qonaq erməni vəhşiliyini görür və görməlidir. Görməlidir ki, biz təkcə işğalçını yox, faşistləri məhv etdik. Onların Birinci Qarabağ müharibəsində, İkinci Qarabağ müharibəsində, iki müharibə arasındakı dövr ərzində bütün əməlləri faşist əməlləridir. Bizim dinc şəhərlərimizi müharibə dövründə ballistik raketlərlə atəşə tutmaq, insanları məhv etmək faşizm deyil, bəs nədir? “Tocka-U”, “SCUD”, “İskəndər-M” raketi ilə Şuşa vurulmuşdu. Qar əriyəndən sonra Şuşada, şəhərin mərkəzində “İskəndər-M” raketinin qalıqları aşkarlanmışdır və bir daha biz sübut etdik ki, Ermənistan bu ölümcül silahdan, qadağan edilmiş silahdan və onlarda heç cür olmayan silahdan istifadə edib. Buna inanmayanlar gəlib Hərbi Qənimətlər Parkında “İskəndər-M” raketinin qalıqlarını görə bilərlər.

Birliyimiz bizi xilas etdi

Biz ona görə torpaqlarımızı azad edə bildik ki, xalq və hakimiyyət birləşdi. Birlikdə olduq. Bütün gücümüzü bir etdik: 30 illik qaranı ağ etmək, alnımızdan ləkəni təmizləmək, şərəf, namus məsələsini həll etmək üçün birləşdik. Beləliklə, Zəfər qazandıq, soydaşlarımıza yurdunu qaytara bildik. Bu mübarizədə dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu ətrafında birləşən xalqın bu yumruq ümumi gücü oldu.

Ölkəmizin rəhbəri dəmir yumruğunu düşmənin başına endirməklə Qarabağa Zəfər gətirdi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Nə qədər xoşbəxt və bəxtəvərik. Torpaqlarımız azad, sərhədlərimiz tam, bütöv və möhkəmdir. Yurd yerlərimiz abadlaşdırılır, soydaşlarımız mərhələli şəkildə ata-baba ocağına qayıdır. 30 ilin əvvəli ilə sonu arasındakı zaman kəsiyi isə xalqımıza bir məsələni təlqin edir: həmişə birlik nümayiş etdirməyi və yaşanan tarixi unutmamağı.

Mətanət Məmmədova

Digər xəbərlər