PDF Oxu

Siyasət

  • 1 124

Azərbaycanın əlverişli coğrafi vəziyyəti əlavə imkanlar yaradır

image

Azərbaycan nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparır və dövrün tələbinə uyğun olaraq tam modernləşdirir. Cənab İlham Əliyevin iştirakı ilə yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə son 20 ildə bu sahədə görülən işlərə bir daha diqqət yönəldilərək hədəflər açıqlandı. “Bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir” deyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilmişdir. İllər keçdikcə əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimiz müasir avtomagistrallarla birləşdirilib. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayrılır.

Azərbaycanın əlverişli coğrafi vəziyyəti əlavə imkanlar yaradır. Cənab İlham Əliyev qeyd etdi ki, coğrafi vəziyyətimizdən səmərəli şəkildə istifadə etdiyimiz üçün beynəlxalq nəqliyyat dəhlizləri ərazilərimizdən keçir. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq, səylər göstərmişik və praktiki işlər görmüşük.
Azərbaycan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevrilib. Adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Ölkəmizin isə dünya okeanlarına çıxışı yoxdur. Amma buna baxmayaraq, görülən işlər nəticəsində Azərbaycan əvəzolunmaz nəqliyyat mərkəzi kimi diqqətdədir. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür.
Yeni layihələr arasında Zəngəzur dəhlizi xüsusi vurğulandı. Bu, Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək. İkinci Qarabağ müharibəsində Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, termindir. Əlbəttə, bu dəhlizin açılması üçün praktiki addımlar atılır. Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Cənab İlham Əliyev müşavirədə bir daha bu çağırışı etdi: “Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin”.
Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer aldığı təsadüfi deyil. Azərbaycan ölkələr arasında körpü roluna daim yeni əlavələr edir.

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Digər xəbərlər