PDF Oxu

Siyasət

  • 409

Azərbaycan nəqliyyat-logistika mərkəzidir

image

Prezident İlham Əliyev: "Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil"

Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə ölkəmizdə yolların yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi, "Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. İndi bir daha öz sözlərimə qayıdıram. Əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil". Prezident İlham Əliyev çıxışında nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının vacibliyini vurğulayıb. Coğrafi vəziyyətimizdən səmərəli şəkildə istifadə etdiyimiz üçün beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycan ərazilərindən keçir.

"BİZİM ƏRAZİMİZDƏN ŞƏRQ-QƏRB VƏ ŞİMAL-CƏNUB NƏQLİYYAT DƏHLİZLƏRİ KEÇİR"

Müstəqil Azərbaycan nailiyyətləri ilə dünya birliyində sayılıb-seçilən, təşəbbüsləri və nəhəng iqtisadi layihələri ilə bütün bəşəriyyətə fayda verən dövlətlər sırasındadır. Müasir Azərbaycan dünyada geosiyasi və geoiqtisadi əhəmiyyətilə seçilən transmilli layihələr reallaşdıran ölkə kimi də tanınır. Təkcə Cənubi Qafqaz bölgəsini deyil, ümumilikdə, böyük coğrafiyanı əhatə edən, hətta Avrasiya geosiyasi məkanda təhlükəsizlik və əməkdaşlıq münasibətlərinə töhfəsini verməklə diqqəti çəkir. Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən ölkəmizin tranzit potensialının inkişafı qeyri-neft sektorunun inkişafına öz təsirini göstərməkdədir. Bu gün Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib. "Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır", - deyən Prezident bildirib ki, yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir:"Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir".

AVROPA İLƏ ASİYANI BİRLƏŞDİRƏN BAKI-TBİLİSİ-QARS DƏMİR YOLU

Regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verən Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyətli layihələr həyata keçirilir. Gələcəyə hesablanmış bir layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verərək növbəti dəfə bütün dünyaya bəyan etdi ki, ölkəmizin təşəbbüsü ilə qlobal əhəmiyyətli layihələr həyata keçirilir. Vurğulamaq yerinə düşər ki. dəmiryol nəqliyyatı əsrdən də artıq bir dövrdə yük və sərnişin daşımalarında mühüm potensial istiqamət kimi daha çox diqqət çəkir. Çünki bu nəqliyyat vasitəsilə daha böyük həcmdə yükləri və çox sayda sərnişinləri münasib zaman çərçivəsində daşımaq mümkündür. Bu baxımdan dəmir yolları digər nəqliyyat vasitələrindən bütün parametrləri ilə fərqlənir. Bakı-Tbilisi-Qars Dəmir Yolunun açılışı regionda sabitliyə eləcə də, iqtisadi inkişafa böyük töhfə oldu. Tarixi İpək Yolu üzərində qurulan bu yol Transavropa və Transasiya Dəmir Yolu şəbəkələrinin birləşməsində böyük əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars Dəmir Yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırmış oldu. Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars Dəmir Yolu xətti ilk növbədə, yük daşımalarındakı intensivliyi artırır. Qeyd edək ki, bu layihə ölkələr arasında ticari və iqtisadi əlaqələrin genişlənməsinə və bundan irəli gələn sabitliyə yönələn layihədir və dövlətlər arasında münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi kimi, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb.

YERLİ VƏ BEYNƏLXALQ TRANZİT DAŞIMALARININ SÜRƏTİ ARTIB

Təbii ki, hər bir ölkənin tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır. Etibarlı tranzit ölkə kimi xidmət göstərən Azərbaycan, məhz bu münasibətlərin davamlı olmasına təkan verir. Bundan əlavə, beynəlxalq nəqliyyat əlaqələrinin təmin olunması üçün həyata keçirilən M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, M-2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolu, 6 M-3 Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu, Şəki–Oğuz–Qəbələ və Füzuli–Şuşa (Zəfər yolu) kimi avtomobil yolu layihələri yüksək keyfiyyətli və təhlükəsiz hərəkət imkanları təqdim etməklə, həm yerli, həm də beynəlxalq tranzit daşımalarının sürətini artırmağa və yükdaşımaların effektivliyini yüksəltməyə kömək etmişdir. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı sərnişin nəqliyyatını asanlaşdırmaq məqsədilə icra edilmiş Bakı dairəvi avtomobil yolu, Böyükşor–Pirşağı, Zığ–Hava Limanı, Hava Limanı–Mərdəkan–Zuğulba, Böyükşor şosesi, Mərdəkan şosesi, H.Əliyev prospekti, Babək prospekti və 8 Noyabr prospekti layihələri şəhər və ətraf ərazilər arasındakı əlaqələri sürətləndirərək nəqliyyat infrastrukturunun gücləndirilməsinə töhfə vermiş, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə imkan yaratmışdır.

"DOQQUZUNCU BEYNƏLXALQ HAVA LİMANI BU İL LAÇINDA İSTİFADƏYƏ VERİLƏCƏK"

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan hava nəqliyyatının əsaslı şəkildə yenidən qurulması prosesini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısının son illərdə mülki aviasiya sahəsinə göstərdiyi daimi diqqət və qayğısının nəticəsi olaraq bir çox nailiyyətlərə imza atılıb. Bəllidir ki, Azərbaycana gələn əcnəbi üçün ölkəmizə səyahət bu qapıdan - hava qapısı adlandırılan məkandan başlayır. Ölkə Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafın keyfiyyət və miqyası etibarilə yeni bir mərhələsinə qədəm qoyub. Milli aviasiyanın inkişafı, infrastrukturunun təkmilləşdirilməsi və aviaparkın yeniləşməsində Prezident İlham Əliyevin qayğı və diqqəti də olduqca böyük əhəmiyyətə malikdir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, aviasiya sahəsində kompleks tədbirlər həyata keçirilir. Paytaxt və regionlarda olan hava limanlarının maddi-texniki bazası möhkəmləndirilib, müasir xidmət infrastrukturu yaradılıb. "Naxçıvan" beynəlxalq hava limanı, "Gəncə" beynəlxalq hava limanı və "Zabrat" hava limanında yeni təyyarə vağzalının binası istismara verilib. "Lənkəran" və "Zaqatala" beynəlxalq hava limanları açılıb. Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü olsa da qənaətbəxş deyildi. "Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu", - deyən Prezident bildirib ki, Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu: "Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir. Beləliklə, indi dediyim kimi, doqquzuncu bu il istifadəyə veriləcək və bu məsələni də tam bağlayırıq. Onu da bildirməliyəm ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik". Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aviasiya sahəsində kompleks şəkildə həyata keçirilən tədbirlər bu sahənin daha parlaq gələcəyindən xəbər verir. Milli aviasiyamızın sürətli inkişafı, yeni-yeni nailiyyətlərin əldə olunacağına əminlik yaradır.

Göründüyü kimi, regionda yeni reallıqların müəllifi olan Azərbaycan Prezidenti İlham Əliyev sülh və təhlükəsizlik fonunda siyasət həyata keçirərək iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirərək beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər