“Azərbaycan zəlzələ zamanı Türkiyəyə geniş şəkildə qardaş köməyi etdi”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.Onun sözlərinə görə, hətta Türkdilli Dövlətlər Təşkilatının həmin dövrdə xüsusi bir toplantısı keçirildi: “Həmin dövrdə zəlzələdən zərər çəkmiş Türkiyəyə yardım üçün təşəbbüskar Azərbaycan oldu. Baxmıyaraq ki, təmaslar yox idi, pandemiya və çətin dövr idi və s. Burada türk xalqları hamısı dəstəklərini verdilər. Amma Azərbaycan öz xüsusi münasibətini göstərdi. Belə faciəvi məqamlarda birlik, dostluq və qardaşlıq özünü göstərir. Həmin o qardaşlıq sınaqdan üzüağ çıxdı”.Akif Nağı sözlərinə belə davam edib: “Həmin dövrdə Azərbaycan özü də çətin vəziyyətdə idi. Belə ki işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri gedir və bura külli miqdarda vəsait sərf olunurdu. Amma buna baxmayaraq Azərbaycan Türkiyəyə yardım etdi. Bu yardım həm dövlət, həm də xalq səviyyəsində oldu. Hər kəs əlindən gələni etməyə çalışdı.Azərbaycan Kahraman Maraşa xilasedici və texnika da göndərməklə əlindən gələn yardımı edirdi. Həm maddi, həm də mənəvi yardım baş tutdu. Həmçinin, Azərbaycan Kahraman Maraşda bərpa işlərinin bir hissəsini öz üzərinə götürdü. Burada böyük bir şəhər salınıb. Məsələ bu gün gündəmdədir. Azərbaycan dediyi sözə əməl edir. Hesab edirəm ki, zəlzələ vaxtı Azərbaycanın Türkiyəyə dəstəyi Azərbaycan-Türkiyə qardaşlığının mühüm bir səhifələrindən biri oldu. Bunun da şah əsəri Kahraman Maraşın bərpası ilə bağlıdır. Bu istiqamətdə indidən sonra da işlərimiz davam edəcək”.
Ayşən Vəli