Prezident İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz ötən illər ərzində tarixi və möhtəşəm uğurlara imza atıb. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə bütün sahələr inkişaf etmiş, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Məhz dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib. Ən əsası ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Məhz bütün bunların nəticəsidir ki, 7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xalqımız öz Liderinə - cənab İlham Əliyevə bir daha sonsuz inam və etimadını ifadə edib.
Belə ki, seçicilərin 92,12 faizi cənab İlham Əliyevə səs verərək onu növbəti müddətə Prezident seçib. Budəfəki prezident seçkiləri də yüksək seçici fəallığı fonunda baş tutub. Yəni, respublika üzrə 4 milyon 971 min 32 nəfər (seçici fəallığı 76,43 faiz) seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər.
Prezident seçkilərinə beynəlxalq səviyyədə də maraq kifayət qədər yüksək oldu. Təsadüfi deyil ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilən seçkiləri 72 beynəlxalq təşkilat, 89 ölkədən 790 beynəlxalq müşahidəçi izləyib. Ən önəmli və tarixi məqam isə seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi şəraitində keçirilməsi idi. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə - şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi. Azərbaycan cəmiyyəti haqlı olaraq bu seçkiləri Zəfər seçkisi kimi səciyyələndirir. Cənab İlham Əliyev səsvermə günü ailəsi ilə birlikdə Xankəndi şəhərində təşkil olunmuş seçki məntəqəsində səs verdi. Dövlət başçısının dediyi kimi, Xankəndidə qutuya atdığı bülleten separatçıların tabutuna vurulan son mismar oldu.
Prezident İlham Əliyevin seçkilərdə növbəti dəfə inamlı qələbə qazanması onun uğurlu siyasətinin nəticəsidir. 2003-cü ildə etibarən cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün mənzərəsi də göstərir ki, dövlət başçısı xalqa verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirib. Ölkə iqtisadiyyatında və sosial sahədə misilsiz uğurlar qazanılıb. Bu müddət ərzində ümumi daxili məhsul 4 dəfə artıb, yoxsulluq səviyyəsi 50 faizdən 5,5 faizə enib.
Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə, o cümlədən qonşularla müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Eləcə də Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi, habelə dünya ölkələrinin ən mötəbər beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərarı ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.
Qazanılan uğurların zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 2020-ci ilin Vətən müharibəsi, ən nəhayət 2023-cü ildə rəşadətli ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri dayanır. Öz Lideri ətrafında “Dəmir yumruq” kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində məhz xalq-iqtidar birliyi dayanır.
Ötən dövrdə Azərbaycanın keçdiyi yola nəzər saldıqda, biz Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət, ilk növbədə, milli maraqların nəzərə alınması ilə şərtlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyət nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Azərbaycan Prezidenti bütün məsələlərlə yerindəcə tanış olur, həmçinin verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edilməsi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.
Ümumiyyətlə, Prezident İlham Əliyev qətiyyətli Lider kimi həmişə dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi görüb və bütün qüvvəsini bu istiqamətdə səfərbər edib. Dövlətimizin başçısı Özünün “güclü dövlət” konsepsiyasını həyata keçirmək üçün bir qayda olaraq xalqa arxalanıb.
Öz növbəsində, müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə Ona dəstək verib. Xalqımız Prezident İlham Əliyevi qalib Lider kimi birmənalı şəkildə dəstəkləyir.
Beləliklə, seçkilərin nəticələrində xalq-Lider birliyi müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, bu birlik uzun illərdir mövcuddur və müstəqil dövlətimizin nailiyyətlərinin əsasını təşkil edir. Milli birlik və həmrəylik, xüsusilə 44 günlük Vətən müharibəsində öz təntənəsini parlaq şəkildə nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə bütün xalq dəmir yumruq kimi birləşdi. Məhz xalq-Lider-ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi. Heç bir qüvvə bu sarsılmaz birliyin qarşısında duruş gətirə bilmədi.
Bu gün dünyanın ayrı-ayrı ölkələrindəki mənzərələrdən fərqli olaraq respublikamızda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir. Dövlət başçısı suverenliyimizin təmin olunmasını yeni dövrün başlanğıcı kimi səciyyələndirib. Bu mənada 7 fevral tarixli növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin seçki kampaniyasının “Qalib xalqın qalib Lideri!” şüarı ilə həyata keçirilməsi təqdirəlayiq haldır. Beləliklə, yeni mərhələdə qarşımızda yeni hədəflər dayanır. Bu hədəflərə çatmaq üçün 7 fevral prezident seçkilərinin nəticələri müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan xalqı seçkilərdə cənab İlham Əliyevə etimad göstərməklə yeni hədəflərə çatacağını təsdiqləmiş oldu.
Qarşıdakı əsas hədəflər sırasına regional sülhün təmin olunması, ölkə iqtisadiyyatının daha da gücləndirilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artırılması, müəyyən qlobal layihələrin reallaşdırılması və s. məsələlər daxildir. Seçkilərdən ötən bir il ərazində bu hədəflərə doğru mühüm addımlar atılıb. Şübhəsiz ki, Azərbaycan dövləti və xalqı cənab İlham Əliyevin liderliyi ilə qarşıda yeni möhtəşəm nailiyyətlər qazanacaq.
Samir Vəliyev
Milli Məclisin deputatı