“Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, müsahibəsi Azərbaycan reallıqlarının təbliğində zəngin mənbədir. Ölkə Prezidenti daim düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində yaradılan möhkəm təməlin hər bir ölkənin uğurlu inkişafında əhəmiyyətli rol oynadığını əsaslı şəkildə diqqətə çatdırır.Təbii ki, bu uğurlarda lider amilinin rolu da xüsusi qeyd edilir. Bu baxımdan cənab İlham Əliyevin bu ilin yanvar ayında Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 55-ci toplantısı çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi diqqətdədir. Qeyd edək ki, dövlətimizin başçısının bu müsahibəsi fevralın 11-də həmin televiziya kanalında yayımlanıb. Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan, son illərin ən mühüm nailiyyəti olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən, ölkəmizin çoxqütblü dünyada yerindən və sair kimi mühüm məqamlardan geniş bəhs edən Prezident İlham Əliyev bildirdi ki, biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Azərbaycan güclü, özünü təmin edən iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirildi və aid olduğumuz Cənubi Qafqaz, Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Ölkəmiz milli maraqlarını, həyat tərzini və müstəqil siyasətini qəti şəkildə müdafiə edir və çoxlu uğurlar qazanıb. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, güclü Azərbaycan həmişə hədəf olub: “İstər 30 illik işğal, istərsə də postmünaqişə dövrünün reallıqlarına diqqət yetirsək bunu aydın şəkildə görərik. Məhz Azərbaycan gücləndi, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində informasiya cəbhəsində üstünlük qazandı, bütün sahələrdə davamlı uğurlara imza atdı, bunların fonunda tarixi ədaləti bərpa etdi. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ölkəmizin qarşısında yeni imkanlar açır, xarici siyasət uğurlarımızın miqyası daha da genişlənir. Hazırkı dövrdə də hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini daha da möhkəmləndirməsindən ibarətdir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə, həmçinin üzv olmaq istədiyi beynəlxalq təşkilatlara diqqət yetirsək dünya birliyində yerinin və rolunun aydın mənzərəsi yaranır. Dövlətimizin başçısı İlham Əliyevin sözügedən müsahibəsində qeyd etdiyi kimi, təxminən 200 ölkəni bir araya gətirən COP29-a ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, namizədliyimizi təqribən 200 ölkə və beynəlxalq təşkilat yekdilliklə dəstəklədi. Ölkəmiz bundan əvvəl 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etdi. Bu onu göstərir ki, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir”.Malik Həsənov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə dost münasibətlərinə də diqqəti yönəldib: “Dövlətimizin başçısı İlham Əliyev ötən il Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşündə iştirak etdi. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun, göstərilən böyük etimadın ifadəsi idi. Cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının, həmçinin 2022-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən Zirvə görüşündə də iştirak etmişdir. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. Cənab İlham Əliyev müsahibəsində də Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələrindən bəhs edərək bu məqamı xüsusi qeyd etdi ki, ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salınır. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq”.
Millət vəkili Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu vurğulayıb: “Dövlətimizin xarici siyasəti çoxşaxəlidir. Azərbaycan daim əməkdaşlığa, yeni körpülərin qurulmasına çağırışlar edir. Ötən ilin mühüm hadisəsi olan və nəticələri bu gün də geniş müzakirə edilən COP29 bir daha bu çağırışlara işıq saldı. İqlim konfransı çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bir daha diqqəti COP29 iqlim konfransına yönəldərək bildirdi ki, ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi”.
“İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, yeni istiqamətlər üzrə inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin əsas tərkib hissəsidir. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı, arzuolunan tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri Azərbaycanla siyasi-iqtisadi münasibətlərin inkişaf etdirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verirlər. Bu xüsusda, dünyanın fövqəldövləti hesab edilən Çinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyət xüsusi qeyd olunmalıdır. Azərbaycanla Çini min ildən çox əvvəl qədim İpək yolu birləşdirib. Tarixi İpək yolundan başlanan münasibətlər ötən illər ərzində hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı inkişaf edir və möhkəmlənir. Cənab İlham Əliyev müsahibəsində Çin, eyni zamanda, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq, Türkiyə, Özbəkistan ilə müttəfiqlik bəyannaməsi imzalandığını önə çəkərək bildirdi ki, şaxələnmiş xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi Azərbaycanın da xarici siyasəti daxili siyasətinin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir”,- deyə Malik Həsənov bildirib.