PDF Oxu

Siyasət

  • 964

Azərbaycan – Somali: əməkdaşlıq tarixində yeni səhifə

image

Azərbaycan qüdrətli və bölgədə əsas söz sahibi olan önəmli ölkə kimi ardıcıl şəkildə beynəlxalq əlaqələrini gücləndirir, yeni tərəfdaşlar qazanır və ən əsası da dünya birliyi üçün son dərəcə etibarlı tərəfdaş imicini möhkəmləndirir. Bu gün Azərbaycan dövləti Afrika ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsini özü0233-46anün xarici siyasət prioritetlərindən biri hesab edir. Daima etibarlı tərəfdaş kimi ən mühüm görüş və tədbirlərə ev sahibi edən Azərbaycan, artıq Afrika qitəsindəki ölkələr üçün də mühüm əməkdaşlıq faktorna çevrilir. Bu baxımdan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bu, Somali Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir və onun nəticələrini çox səmərəli hesab etmək olar. Belə ki, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq sənədlər imzalandı. Prezident İlham Əliyevin mətbuata açıqlamasında qeyd etdiyi kimi, əldə edilmiş münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.

Ölkələrimiz arasındakı münasibətlərin tarixinə nəzər salsaq görərik ki, Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Azərbaycanla Somali arasında siyasi məsləhətləşmələr haqqında imzalanmış sazişə uyğun olaraq, əməkdaşlığın genişləndirilməsində bu kimi mexanizmlərdən istifadə olduqca vacibdir. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.

Prezidentlərin mətbuata bəyanatı zamanı dövlətimizin başçısı Azərbaycanın Somaliyə sərmayə yatırmaq perspektivlərindən də bəhs edib. Təbii ki, bu fakt çox önəmlidir. Çünki Azərbaycan sərmayəsi bu ölkənin inkişafında vacib rol oynayacaq. Eyni zamanda, Somali Prezidenti Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirib və bu təcrübənin ölkəsində tətbiq etmək niyyətini ifadə edib. Somali də Azərbaycanı mühüm strateji tərəfdaş və müttəfiq kimi görür. Prezident Həsən Şeyx Mahmudun Azərbaycana səfəri zamanı o, bu səfərin iki ölkə arasında əhəmiyyətli və strateji müttəfiqliyin başlanğıcı olduğunu vurğuladı. Onun sözlərinə görə, Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və rifah kimi ümumi məqsədləri var. Bu səfər iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini və perspektivlərini təsdiqlədi.

İnfrastruktur, logistika və kənd təsərrüfatı qarşılıqlı maraq doğuran əsas sahələr kimi dəyərləndirilir. Tərəflər bu sahələrdə əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini vurğulayaraq, mövcud potensial və imkanları müzakirə ediblər. Özünü təmin etmə modeli və inkişaf strategiyaları çərçivəsində tərəfdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

İkitərəfli münasibətlərin ən mühüm istiqamətlərindən biri müdafiə sahəsində əməkdaşlıqdır. Görüş zamanı müdafiə sənayesində birgə fəaliyyət, təlim mübadilələri və müdafiə avadanlıqlarının potensial olaraq birgə istehsalı məsələləri müzakirə edilib. Dövlətimizin müdafiə sənayesi son illərdə mühüm inkişaf yolu keçib və ölkə hazırda müasir müdafiə avadanlıqlarının istehsalı və ixracı sahəsində əhəmiyyətli imkanlara malikdir. Somali Prezidenti bu sahədə Azərbaycan təcrübəsinin onların ölkəsi üçün faydalı ola biləcəyini qeyd edib. Görüş çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin təcrübəsinin Somalinin təhlükəsizlik qüvvələri ilə mübadiləsi və xüsusi təyinatlı bölmələrin birgə təlimlər keçirməsi məsələləri də gündəmə gətirilib.

İki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək vermək niyyətindədirlər. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi hədəflənir. Xarici işlər nazirlərinin mütəmadi görüşləri və qarşılıqlı əlaqələrin gücləndirilməsi bu sahədə irəliləyişi təmin edəcək.

Əlbəttdə, xüsusilə qeyd olunmalıdır ki, imzalanan sənədlər və aparılan müzakirələr Azərbaycan və Somali arasında yeni əməkdaşlıq imkanları açaraq, ikitərəfli münasibətlərin gücləndirilməsinə təkan verəcək. Qarşılıqlı maraqlara əsaslanan bu tərəfdaşlıq iqtisadi, siyasi və təhlükəsizlik sahələrində uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradacaq.

Bundan başqa, görüş zamanı müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsi də müzakirə edilib. Azərbaycan müdafiə sənayesində yüksək potensiala malikdir və bu sahədəki təcrübəsini Somali ilə paylaşmaqla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bu istiqamətdə imzalanmış sənədlər iki ölkənin müdafiə sahəsində qarşılıqlı dəstəyini artırmaq, təlim mübadilələri keçirmək və potensial olaraq birgə müdafiə avadanlığı istehsalını nəzərdən keçirmək niyyətində olduqlarını göstərir.

Azərbaycanın hərbi sahədə qazandığı uğurlar, xüsusilə İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi hərbi strategiyalar və peşəkar hazırlıq səviyyəsi nəzərə alınaraq, bu təcrübənin Somalinin təhlükəsizlik qüvvələri ilə bölüşülməsi müzakirə olunan məsələlərdəndir.

Ölkəmizin müasir idarəetmə modeli və ASAN xidmət sisteminin uğurları dünya miqyasında tanınır. Prezident İlham Əliyev görüş zamanı vurğulayıb ki, ASAN xidmətlər vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətini artırmaqla yanaşı, idarəetmədə şəffaflığı təmin edir. Somali Prezidenti də bu təcrübənin onların dövlət idarəçiliyi üçün əhəmiyyətli ola biləcəyini qeyd edib. Azərbaycanın təcrübəsi əsasında Somalidə oxşar xidmətlərin yaradılması üçün müzakirələr aparılıb və bu istiqamətdə təlim proqramları və texniki dəstəyin təmin edilməsi planlaşdırılır. Xüsusilə vurğulanıb ki, ASAN xidmətlər sisteminin Azərbaycanda böyük uğurlar əldə etməsi, xüsusilə vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsi onun səmərəliliyini göstərir. Həmçinin, bu modelin beynəlxalq səviyyədə tanınması digər ölkələrlə işbirliyi qurulması və müsbət təcrübənin paylaşılması perspektivlərini önə çəkir.

Beləliklə, Somali Prezidentinin Azərbaycana ilk səfəri həm də ölkələrimiz arasındakı münasibətlər üçün yeni səhifə, yeni tarixi imkan yaradıb. Bu səfər həm də ölkəmizin Afrika qitəsi ilə gələcək perspektivli əməkdaşlığı üçün ilk cığır, ilk addımdır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Digər xəbərlər