1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçu dəstələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində törədilmiş soyqırımı aktının 33 ili tamam olur. Tarixin ən amansız, dəhşətli soyqırımı olan Xocalı soyqırımını yüz illər keçsə də unutmaq, yaddan çıxarmaq mümkün olmayacaq. Çünki Xocalıda törədilən erməni vəhşiliyi amansızlığına görə o dərəcədə qəddar xarakter daşımışdır ki, insan olan kəs bu dəhşətləri unuda bilməz. Yaddan çıxması insanlığın bəlası ola bilər. Dəhşətli faciələrin unudulması yeni faciələrin, qanlı olayların yaranmasına əsas ola bilər. Erməni vəhşi toplumu unutqanlıqdan istifadə edərək nəinki azərbaycanlılara, ümumilikdə bəşəriyyətin hər bir varlığına qarşı terror aktları törədə bilərlər. Nəzərə almaq lazımdır ki, son iki əsr ərzində 2 milyondan çox azərbaycanlı erməni vəhşiliyinin qurbanı olub, yüzlərlə şəhər və qəsəbə, kəndlər dağıdılmış, minlərlə tarixi bina, məscidlər, memarlıq nümunələri yerlə yeksan olub. Təəssüflər olsun insanlıq əleyhinə olan cinayətlərə, vəhşiliklər dünya birliyi susmaqla seyrçi qalıblar. Sovetlər birliyi dönəmində də ermənilər öz vəhşi xislətlərindən əl çəkməmişdir. 1988-ci illərdən başlayaraq ermənilər Moskvadakı himayədarlarına arxalanaraq azərbaycanlılara qarşı qətliamlar həyata keçirmiş, şəhər və kəndlərimizdə terror hadisələri törətmişlər. O zaman Azərbaycana rəhbərlik etmiş Ə.Vəzirov, A.Mütəllibov ermənilərin vəhşiliklərinə göz yummuş və bununla da öz xalqına xəyanət, təcavüzkara isə güzəşt mövqeyi tutmuşlar. Azərbaycanın ozamankı rəhbərliyinin öz xalqına xəyanət yolu tutmasından istifadə edən SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSRİ-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Məkrli niyyətin əsas məqsədi Qarabağı Azərbaycandan alıb Ermənistana verilməsini təmin etmək idi. Lakin xalq məkrli niyyəti başa düşdüyündən ayağa qalxıb Moskvanın qərarına etiraz olaraq aksiyalar keçirdilər. Sərt çağırışlarla müşahidə olunan etiraz aksiyaları nəticə verdi və yanvarın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum - Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Hansı ki, hazırda Ermənistan separatçı səhvi aradan qaldırmaq üçün referendum keçirməyə hazırlaşır. Zamanında etdiyi kobud səhvinə, xüsusilə də Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktına Moskva göz yumdu. Bundan ruhlanan terrorçu toplum 1991-ci ilin sentyabrın 2-də “Dağlıq Qarabağ Respublikası” adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etdi, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olundu.
Erməni terrorçular bu dəfə Xocalı şəhərini və əhalisini hədəfə alırlar
1991-ci il sentyabrın 2-də ermənilər separatçılıq və terrorçuluq meyillərini gücləndirərək DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiya keçirərək, "Dağlıq Qarabağ Respubliakı" adlı saxta qurum yaradırlar. Ardınca xarici güclərin hərbi dəstəyi ilə Qarabağda azərbaycanlıların total etnik təmizlənməsini həyata keçirildi. 1991-ci il noyabrın 20-də Martuninin azərbaycanlılar yaşayan kəndlərinə uçan nümayəndə heyətini aparan vertolyot Qarəkənd üzərində ermənilər tərəfindən terrora məruz qalır. Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, dövlət müşaviri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, prezidentin mətbuat katibi Osman Mirzəyev, Vaqif Cəfərov, Vəli Məmmədov, Qurban Namazəliyev, DQMV hüquq-mühafizə, təhlükəsizlik orqanlarına başçılıq edən rusiyalı generallar daxil olmaqla 20 nəfərdən çox adam həlak olur. Noyabrın 26-da Azərbaycan parlamenti DQ MV-ni milli ərazi qurumu kimi ləğv edir, "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır. Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert Xankəndi, Mardakert Ağdərə, Marturi Xocavənd adlandırılır. Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır. Ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir. İtkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 30 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilib. Dövlət Komissiyası və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Araşdırma zamanı 18 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı da aşkar edilərək Azərbaycan Respublikası Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb. Hər cür hərbi silah sursatla təmin olunan erməni seoparatçıları öz terrorçu əməllərini daha da genişləndirirlər. Terrorçular bu dəfə Xocalı şəhərini və əhalisini hədəfə alırlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı.
Xocalıda insanlıq əleyhinə törədilən soyqırımı aktı dünyanın əksər mətbu orqanlarının manşet yazısı olub
Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəkilə salınanlar çoxluq təşkil edirdi. İstintaq materiallarından məlum olur ki, hücuma rəhbərlik edən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın, eləcə də 366-cı alayın 3-cü batalyonunun komandiri Yevqeni Nabokixin komandasında əlavə olaraq 50-dən çox erməni zabiti və giziri iştirak ediblər. Mühasirəyə alınan şəhərdə qalmış 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Lakin terrorçular mülki əhalinin hərəkət edə biləcəkləri əraziləri mühasirəyə almaqla insanları kütləvi şəkildə qətlə yetirdilər. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 155 xocalılı itkin düşdü. Həmin gecə Xocalı sakinləri ilə bərabər, 1988-ci ildə Ermənistandan qaçqın düşərək Xocalıya pənah gətirmiş qaçqın və məcburi köçkün azərbaycanlılar, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi olan Xankəndi şəhərini işğal edən zaman qaçıb canını qurtarmış Xankəndi qaçqınları və 1989-cu ildə Fərqanə hadisələri zamanı Azərbaycana sığınmış 54 ailədən ibarət Axısxa türkləri də bu dəhşətli soyqırımının qurbanı olublar.İngilis jurnalisti Tomas de Val “Qarabağ” kitabında konkret olaraq göstərir ki, Xocalı soyqırımının törədilməsi ilə bağlı Serj Sarkisyana sual etdikdə, o, Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib: “ Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bilirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət törətməyəcəyik. Amma biz azərbaycanlılara sübut etdik ki, bunu bacarırıq”.
Xocalıda insanlıq əleyhinə törədilən soyqırımı aktı dünyanın əksər mətbu orqanların manşet yazısı olub. Demokratik düşüncəli dünya xalqlar erməni vəhşiliyindən dəhşətə gəldiklərini qeyd edirlər. Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il yazır: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu.” Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.”Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.” Xocalı faciəsindən sonra o dəhşətli hadisələri lenta alan Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir. Tayms qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.”İzvestiya (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.”Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.”R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” və s.
Soyqırımı cinayətinin iştirakçılarından 39 nəfərin adları istintaq orqanlarına məlumdur
Xocalıya hücum əməliyyatına 366-cı alayın ikinci tağımının komandiri Seyran Ohanyan, üçüncü tağımının komandiri Yevgeni Nabokix, birinci tağımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Dinc əhaliyə qarşı soyqırımı cinayətinin iştirakçılarından 39 nəfərin adları Azərbaycan Respublikasının istintaq orqanlarına məlumdur, digər iştirakçıların müəyyənləşdirilməsi üçün başlanmış cinayət işinin təhqiqi hələ də davam edir. Onların arasında Koçaryan, Sarkisyan, Ohanyan və digərlərinin də adları var. Hazırda bir neçə terrorçu 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 - dəqiqə çəkən antiterror tədbirlərindən sonra həbs olunaraq Azərbaycanın istintaq orqanlarına təhvil veriliblər. Meşəlidə 25 azərbaycanlını qətlə yetirən Vaqif Xaçaturyan məhkəmə tərəfindən layiqli cəzasını alıb. Növbədə isə Arayik Artunyan, Saakyan, Ruben Vardanyan, Qukasyan və digərləridir. Artıq məlum olduğu kimi sözügedən hərbi cinayətkarların məhkəməsi keçirilir. Məhkəmənin ədalətli qərar verəcəyi şübhəsidir. Çox qürurluyuq ki, şəhidlərimizin, o cümlədən də xocalıda soyqırımı qurbanlarının ruhları şaddır, torpaqlarımızın bütövlüyü təmin etməklə onların qisası alınıb. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.
Prezident İlham Əliyev: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Hazırda şəhərin yenidən qurulması və keçmiş qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıdışı istiqamətində iş aparılır. Daha doğrusu Xocalı şəhər sakinləri tədricən öz yurd-yuvalarına qayıdırlar. Yaxın vaxtlarda isə məskunlaşma tam başa çatacaq. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar ölkəmizdə və xarici ölkələrdə anım mərasimləri keçirilir. Hələ 1994-cü il fevralın 24-də Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Ümummilli Lider Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Hər il Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən “Ana harayı” abidəsi önündə minlərlə insanın iştirakı ilə anım mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımı qurbanlarının anım mərasimində demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün dövlət başçısının, ölkənin siyasi elitasının iştirakı ilə ümumxalq yürüşü də keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Mehriban xanım Əliyevanın, həmçinin, paytaxtın “Azadlıq” meydanından başlayan və 100 minə yaxın insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı. Təbii ki, bu il də Xocalı qurbanlarını anım mərasimləri yüksək səviyyədə təşkil ediləcək və keçiriləcək. Artıq bununla bağlı ölkəmizin hər yerində, eləcə də xarici dövlətlərdə hazırlıq işlərinə başlanılıb. Xocalı soyqırımı öncəsi bəzi ölkələrin parlamentlərinin erməni vəhşiliyinin qurbanı olan Xocalı soyqırımını tanımaqla bağlı qərar qəbul edə biləcəkləri gözlənilir.
İLHAM ƏLİYEV