PDF Oxu

Siyasət

  • 515

Bəşəri cinayət-Xocalı soyqırımı

image

Son iki əsr ərzində azərbaycanlılara faciələr yaşadan, qətliamlarla, soyqırımları ilə üz-üzə qoyan erməni faşistləri qanlı əməllərini Birinci Qarabağ müharibəsi dövründə də davam etdirərək bəşəri cinayətlər törədiblər. Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti - Xocalı qətliamını həyata keçirdilər. Dinc sakinlərin qəddarcasına öldürülməsi, girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, əhalinin bir qisminin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir.Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğal nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və 1 tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Təəssüf ki, bir çox dövlətlərin ikili standartlardan çıxış etməsinin, bəzilərinin məsələyə ehtiyatla yanaşmasının nəticəsidir ki, dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı olduğunu dilinə gətirmək istəmir. Təsəvvür etmək çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermişdir. Təəssüf ki, dünya unudur ki, bu cinayət təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmişdir.

Ulu öndərimiz Heydər Əliyev"Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir" demiş və
Xocalı soyqırımına ilk siyasi qiymət də məhz onun tərəfindən verilmişdir. Ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Xocalı hadisəsi barədə dünya ictimaiyyətinə əsl həqiqətləri çatdırdı və bu soyqırımı tanıtmağa çalışdı. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın böyük xidmətləri olmuşdur.Məhz Leyla xanımın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət" kampaniyası Xocalıda ermənilərin törətdikləri vəhşilikləri bütün dünyaya olduğu kimi çatdırdı.Bundan sonra bir neçə Avropa və Cənubi Amerika dövlətləri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı Xocalı hadisəsini soyqırım kimi tanıdı.Lakin hələ də əksər dünya dövlətləri bu faciəni soyqırım kimi tanımır.Bu dövlətlər 10 illiklərdir orada fəaliyyət göstərən erməni lobbisinin milyarderlərinin əlində oyuncağa çevriliblər.
2020-ci ildə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun mərd, cəsur əsgər və zabitləri Ermənistan ordusunu məğlub edərək torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə Prezidentimizin qətiyyətli siyasəti, möhkəm siyasi iradəsi və Azərbaycan Silahlı Qüvvələrinin igidliyi sayəsində Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Xankəndində, Xocalıda və işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə Azərbaycan bayrağı dalğalandırıldı. Bununla da hərb meydanında Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərimizin, Xocalı qurbanlarının qisası alındı.Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Digər xəbərlər