Fevralın 20-də Bakıda Küveytin 64-cü Milli Günü və 34-cü Qurtuluş Gününün ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Küveytin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə iki ölkənin Dövlət himnləri səsləndirilib.
Sonra çıxış edən Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairi deyib: "Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrdən məmnunluğumu ifadə etməkdən şərəf duyuram. Siyasi əlaqələrdən bəhs edərkən qeyd etmək lazımdır ki, iki ölkə arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi sahəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək əməkdaşlıq və koordinasiya mövcuddur".
Onun sözlərinə görə, son vaxtlar Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb: "Belə ki, 2024-cü il ərzində Azərbaycana gələn küveytli turistlərin sayı əvvəlki illərə nisbətən daha da artaraq 31 min 400 nəfərə yaxın olub. Əlavə etmək istərdim ki, hazırda ölkələrimiz arasında həftədə 4 aviareys həyata keçirilir".
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayıb. O bildirib ki, 1994-cü ildən etibarən qurulan diplomatik əlaqələr daim inkişaf edib və bu gün də möhkəmlənməkdədir.
"Azərbaycan və Küveyt arasında əməkdaşIıq əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam edir. Xüsusilə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər mühüm beynəlxalq platformalar daxilində fəal əməkdaşlıq aparılır", - deyə nazir müavini əlavə edib.
Tədbir ziyafətlə davam edib.