Xocalıda 33 ildən sonra həyat canlanır. Köç karvanları, sevincli, çöhrəsi ümidli insanlar Vətənə qayıdır. Tarixin ən acı faciəsini yaşayan Azərbaycan xalqı yaralarını sağaltmağa çalışır. Xocalıda həyat dirçəlir, infrastruktur yenilənir, əhali öz doğma evlərinə, xatirələrinə qovuşur.
“Xocalıya ədalət!” deyib dünyaya səsləndiyimiz halda ədaləti Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri bərpa etdi. 44 günlük Vətən müharibəsinin ardından cəmi 23 saat 43 dəqiqə ərzində azərbaycan oğulları Qarabağda qeyri-qanuni xunta rejimini ləğv etdi, separatçıların əsas rəhbərlərini həbs etdi və Azərbaycanın dövlət suverenliyini tam təmin etdi. Azərbaycan Respublikasının Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Qəhrəmanlıq salnaməsini yazan Azərbaycan Ordusu uşaq, qadın qatili olmaqdan, günahsız mülki şəxsləri məhv etməkdən uzaq durdu, beynəlxalq hərb normalarından kənara çıxmadı. Bu, dünyaya, Azərbaycanı sevən və sevməyənlərə insanlıq dərsidir. Doğma torpaqlarını azad edən azərbaycanlılar erməni uşaqlarını qarda, çovğunda ayağı yalın dağlara qovmadı, silahsız qadınları, qocaları gülləbaran etmədi, cəsədləri təhqir etmədi. Sadalananlar yalnız və yalnız özgə torpaqlarına göz dikən qatil xislətli erməni terrorçuların tərzidir. Azərbaycan xalqı isə humanizmi ilə cəzalandırılan və buna baxmayaraq heç vaxt ali-insani dəyərlərdən vaz keçməyən dərin köklərə malik xalqdır. Humanizmə görə həqiqəti tapmaq insanın haqqıdır. Haqq bərqərar oldu. Lakin XX əsrin ən ağır faciələrindən biri Xocalı soyqırımını hec vaxt unutmayacağıq, unutdurmayacağıq.
Leyla Hüseynova
YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun ərazi partiya təşkilatının sədr müavini