Soyqırımı – konkret olaraq insanların kütləvi şəkildə, düşünülmüş ən ağır bir cəza metodu əsasında yer üzündən silinməsi deməkdir. Soyqırımlara bəşər tarixində hələ XIII-XIV əsrlərdə kütləvi qırğınlar kimi təsadüf olunurdu. Belə ki, dünyanın ayrı-ayrı bölgələrində İngiltərədə, Amerikada, İspaniyada, Norveçdə müxtəlif səbəblərdən irimiqyaslı, yəni 100 minlərlə insanın tələfatına səbəb olan soyqırımlar baş vermişdir. Soyqırımların törədilməsinin bir məqsədi olur. İnsanı vəhşicəsinə məhv etmək. Bunu insana, topluma və xalqlara aid etmək olar və belə idi. Məsələn, İngiltərə Krallığı XVIII-XX əsrlər ərzində Avstraliyadakı aborigen əhalini sistemli şəkildə soyqırıma məruz qoymuşdur. Burada məqsəd etnik təmizləmə idi. Bundan başqa yaxın keşmişdə “II Dünya müharibəsi zamanı faşist Almaniyası dünyada yalnız alman millətini saxlamaq naminə milyonlarla qeyri-almanları xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirərək soyqırım törətmişdi”. Bəşər tarixində müxtəlif məqsədli soyqırımlar olmuşdur. Lakin, xatırlayaq ki, Belarusiyanın Xatın kəndi, Vyetnam müharibəsi zamanı Sonqmi kəndi və Xocalı soyqırımı zamanı sakinləri eyni metodla Yer üzündən silinərək məhv edilməsi kimi hadisələr baş vermişdi. Daha geniş mənada məhz yaxın iki əsrdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanlılara qarşı reallaşan soyqırımlar, etnik təmizləmələr, deportasiyalar, qırğınlardan bəhs etsək görərik ki, Rusiyanın yaratdığı Ermənistan adlı qondarma dövlət yaxın iki əsrdə Azərbaycanın əksər bölgələrində xalqımıza qarşı irimiqyaslı soyqırımlar törətmişdir. Tarixi mənbələr və arxiv materialları sübut edir ki, ermənilər bütün türk-müsəlman dünyasına qarşı soyqırımlar həyata keçirmişlər. Belə ki, Cənubi Azərbaycanda Urmiyada1918-1920-ci ilərdə, Şərqi Anadolu bölgəsində (Türkiyə), Naxçıvan və İrəvan quberniyası və Zəngəzurda, Quba, Şamaxı qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırımlar yetərincə araşdırılmış, tarixi faktlarla sübuta yetirilmişdir.
Məsələ budur ki, ermənilər Azərbaycan xalqının məhz öz ölkəsində, öz torpağında əsrlər boyu düşünülmüş və sistemli şəkildə, tam və ya qismən məhvetmə üsulu olan soyqırımdan istifadə etmişdilər. Təkcə XX əsrdə Azərbaycan əhalisinə qarşı törətdikləri vəhşiliklər, deportasiyalar və soyqırımlar beş mərhələni əhatə edir: 1905-1907-ci illərin kütləvi qırğınları, 1915-1920-ci illərdə əsasən Quba-Şamaxı bölgələri və ətraf rayonlarda törədilən soyqırımlar, 1948-1953-cü illərdə baş verən deportasiyalar, 1986-1988-ci illərdə yenə də Ermənistan adlanan Qərbi Azərbaycanda və Qarabağ bölgəsindəki kütləvi zorakılıq, məhvetmə, genosidin həyata keçirilməsi və nəhayət 1992-ci ildə törədilmiş əsrin ən faciəli Xocalı Soyqırımı.
“1905-1907-ci illərdə ermənilər tərəfindən Qərbi Azərbaycanda baş vermiş soyqırım və deportasiyalar azərbaycanlıların bir hissəsinin hətta Turkiyənin Qara dəniz ətrafı bölgələrinə köçüb getmələrinə (əsasən də Amasyaya köçmüş və hal-hazırda azərbaycanlılar orada kök salıb yaşayırlar–X.İ.) səbəb olmuşdur”.
Ermənilərin törətdikləri soyqırım dalğası Azərbaycanın bütün bölgələrini kütləvi şəkildə bürümüşdü. Bu soyqırım təkcə Azərbaycan xalqı, milləti üçün yox, eyni zamanda ölkəmizdə kompakt səkildə yaşayan xalqların nümayəndələrinin də amansızcasına məhv edilməsinə gətirib çıxarmışdır. Məsələn, ermənilər Qubada törətdikləri qırğınlar zamanı orada yaşayan azərbaycanlılarla bərabər ləzgiləri, yəhudiləri də kütləvi şəkildə məhv etmişdilər. Əslən yəhudi olan Quba sakini Aqorun Simoqodsev hadisələri belə şərh edərək deyir: “Hamazaspın silahlı dəstəsi Qubaya gələrək, əvvəlcə əhalini qırıb, qəsəbələri və kəndləri talan edərək yandırdıqdan sonra oranı tərk edib getmişdilər”. Bu soyqırımların törədilməsində ermənilər daha məkrli niyyətləri həyata keçirmək məqsədi ilə xəyali “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək istəyirdilər. Ermənilərin “Böyük Ermənistan” ideyasını həyata keçirmək, xəyallarında qurduqları “dövlətin” ərazi baxımından genişləndirməsi üçün türk-müsəlman əhalisini kütləvi şəkildə məhv etmələrindən bəhs edən fransız konsulu Malevil yazır: “Qurmaq istədikləri “avtonom bir Ermənistan”a çatmaq və bu istiqamətdə” siyasətlərini müvəffəqiyyətə çatdırmaq üçün erməni qiyamçılarının müsəlman əhalisini yox edərək, azlıqdan əksəriyyət yaratmaqdan başqa çarələri qalmamışdı. Onlar hər zaman bu yola müraciət etmiş, rusların təşviqi ilə istədikləri hər şeyi etmişlər”. Bax, buradan belə nəticəyə gəlmək olur ki, ermənilər hər zaman rusların himayəsində olmuşlar və bu gun də belədir. Onlar eyni zamanda öz millətçilik ideyalarını genişləndirmək üçün Qərbin güclü xristian dövlətlərindən də istifadə etmişlər. Tarixdən də məlum olduğu kimi, Azərbaycan xalqının başına gətirilən bu hadisələrin kökündə Gülüstan (1813), Türkmənçay (1828) kimi müqavilələr dururdu ki, məhz bu da torpaqlarımızın hissə-hissə parçalanmasına və eyni zamanda əhalinin yaşadıqları dədə-baba yurdlarından əzəli torpaqlarımız olan Qərbi Azərbaycandan-indiki Ermənistan adlanan ərazilərdən axırıncı nəfərinədək varı-yoxu əllərindən alınaraq deportasiya edilməsinə gətirib çıxarmışdır. Soyqırıma məruz qalan əhalinin içərisində dərin düşüncəli zəkalar, ziyalılar, alimlər, sənətkarlar, həkimlər, müəllimlər, milli, mədəni, mənəvi ideyaların, milli maraqların daşıyıcıları olan, öz dərin bilik və bacarıqları ilə xalqı, milləti arxasınca apara bilən elit təbəqə də var idi. Bu gün o nəsillərin nümayəndələrinin yaşaması Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün qorunması, daxili və xarici siyasətinin möhkəmlənməsi yönümündə fəaliyyət göstərmələrinə cox mühüm töhfə verə bilərdi. Bu deportasiyalar, qırğınlar, talanlar təkcə insanlar üçün yox, həm də əzəli Azərbaycan torpaqlarına, qədimdən mövcud olmuş yer, oba, rayon, kənd adlarına, tarixi memarlıq abidələrinə, konkret olaraq yuzlərlə məscidlərimizə və s. qarşı olan bir soyqırımı idi.
Artıq 1988-ci il Qarabağ ətrafında baş verən hadisələr, düşünülmüş məkrli planlar, mənfur ermənilərin Azərbaycan xalqına, torpaqlarımıza qarşı soyqırım, genosid, etnik təmizləmə hərəkatlarının başlamasına hazırlıq oldu. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım həm hərbi, həm siyasi cinayət sayılırdı. 1990-cı ilin qanlı Yanvar hadisələri, tərkibində yaşadığımız Sovetlər Birliyi sərhədləri daxilində planlı şəkildə təşkil olunmuş qəfil hücumlar, dövlətimizin həmin ərəfədə üzərinə düşən səlahiyyətlərini yerinə yetirə bilməyən, dövlətinə, xalqının gələcəyinə qiymət verməyən səriştəsiz rəhbərlərin laqeydliyi bir daha sübut etdi ki, Azərbaycan xalqını cox dərin təhlükələr gözləyir. Və belə də oldu. Bütün bu məkrli planlar Azərbaycanın müstəqilliyinin, azadlıq hərəkatının qarşısını ala bilmədi. Müstəqil Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev ölkəni daha dəhşətli bəlalardan, parçalanmalardan xilas etdi. Öz siyasi-hüquqi həllini tapmayan 1918-ci il mart soyqırımını tarixiləşdirərək Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra 1998-ci il martın 26-da xalqın müqəddaratını həll edən tarixi addım ataraq “31 mart gününü Dünya Azərbaycanlıların Soyqırımı günü” elan etdi. Lakin, Soyqırımı təkcə 1918-ci il mart qırğınları ilə bitmədi...
Tarixdə azərbaycanlılar üçün heç vaxt unudulmayacaq 100 illik bir dövr ərzində iki dəfə: 1918-ci il mart qırgınları və sonra 1988-ci ildən başlayan Qarabag müharibəsi zamanı ətraf rayonların, kəndlərin işğal olunması insanların kütləvi şəkildə məhv edilməsi, onlara görünməmiş işgəncələr verilməsi də soyqırımın əlamətlərindən idi. XX əsrin ən qəddar soyqırımı olan, dünyanı lərzəyə salan 1992-ci ilin fevralın 25-dən-26-sına keçən gecə vəhşi erməni seperatçıları məhz Rusiyanın 366-cı alayının II taborunun komandiri olmuş Seyran Ohanyanın rəhbərliyi ilə (halbuki o əliqanlı cani 1979-1983-cü illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində hərbi təhsil almışdı.) törədilən Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri oldu. Ermənilər minlərlə dinc sakini, əliyalın insanları, uşaq, qadın və qocaları xüsusi amansızlıqla, qəddarcasına qətlə yetirdilər, neçə-neçə ailələri, hətta nəsilləri məhv elədilər. Xocalıdan olan hələ də itkin və girov düşən yüzlərlə sakindən heç bir xəbər-ətər yoxdur. Xocalı soyqırımı məhz o vaxtkı hakimiyyəti idarə edən səriştəsiz rəhbərliyin xalqın müqəddaratını düşünməməsi nəticəsində baş vermişdir.
Bu gün artıq bu hadisələr geridə qaldı. Məhz 44 günlük müharibə nəticəsində, zəbt edilmiş torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı ordumuz azad etdi. Azərbaycan dövlətinin tarixində Yeni Azərbaycan yarandı. Xalqımız artıq yeni, daha da inkişaf edən bir ölkə üçün hazırda böyük səylə irəliləməkdədir: bu onu göstərir ki, öz müqəddaratını həll edən, ərazi bütövlüyünü, suverenliyini, sabitlik şəraitini qazanmış tolerant və multikultural ənənələrə malik Azərbaycanın möhkəmlənməsində bütün Xalq-Rəhbər birliyini daimi etməliyik. Azərbaycan güclü bir dövlət kimi özünü dünyada tanıtmışdır.
Bütün bunlarla yanaşı bu tarixi hadisələri həmişə yadda saxlamalı, dərin hörmətlə şəhidlərimizi yad etməliyik. Çünki, xalqımız bu gün məhz şəhidlərimizin qanı ilə yogrulmuş azad Azərbaycanda dinc və firavan yaşayır. Dövlətimizin Prezidenti İlham Əliyev başda olmaqla, Azərbaycanın birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın xarici dövlətlərə etdiyi işgüzar səfərlərində mütəmadi olaraq əzmlə çalışırlar ki, Xocalı soyqırımına bütün dünyada ədalətli, hüquqi-siyasi qiymət verilsin. Hər il xaricdə yaşayan azərbaycanlılar Xocalı Soyqırımı– gününü dərin hüznlə yad edərək orada yaşayan xarici vətəndaşları da ermənilərin törətdikləri vəhşi soyqırıma qarşı çıxmağa, ədalətin bərpası üçün təbliğatlar aparır. Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları və onların çoxsaylı nümayəndələri də əhəmiyyətli işlər görürlər, fotosərgilər təşkil edərək bu hadisə barədə yetəri qədər məlumatlar verir, erməni vandalizmini ifşa edirlər. Amma təəssüflə xatırlayaq ki, Xocalı Soyqırımı hələ dünyada tam olaraq öz siyasi-hüquqi qiymətini, həllini, təsdiqini tapmayıb. Yeri gəlmişkən, ermənilər Azərbaycanın əzəli ərazilərində yaşasalar da azərbaycanlıları soyqırımına uğratmalarına baxmayaraq həmişə ölkəmizə qarşı torpaq davası edirlər. Onu da qeyd etmək lazımdır ki, dünya dövlətləri: yəni ermənipərəst dövlətlər ikili siyasi oyunlarla Xocalı Soyqırımını guya tanıdıqlarına inandırmağa çalışırlar. Lakin rəsmiyyətə gəldikdə isə təəssüf ki, bu özünü təsdiq etmir.
Hər il ölkəmizin bütün bölgələrində, dövlət qurumlarında olduğu kimi, AMEA-nın institutlarında, eyni zamanda Fəlsəfə və Sosiologiya İnstitutu və YAP Ərazi təşkilatı, o cümlədən, Qadınlar Şurası Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər, elmi konfrans və toplantılar keçirir və fəaliyyət baxımından onların qarşısında mühüm vəzifələr qoyulur. Bizim fikrimizcə, ölkədə və xaricdə dünya səviyyəsində soyqırımla bağlı araşdırmalar aparılmalı, elmi nöqteyi-nəzərdən tutarlı faktlarla əsərlər yazılmalı, bu soyqırımı hadisələri tarixi baxımdan çox diqqətlə öyrənilməli, eyni zamanda bu barədə yazılmış əsərlər başqa dillərə tərcümə edilərək xarici ölkələrin nüfuzlu institutlarına, kitabxanalarına göndərilməlidir. Bununla da ermənilərin iç üzü açılmalıdır.
İnanırıq ki, yaxın vaxtlarda Azərbaycan xalqı, dövləti bu soyqırımının dünyada tanıdılmasına və soyqırımı aktının həqiqiliyinin təsdiqinə nail olacaqdır. Çünki, Ali Baş Komandan, respublikamızın Prezidenti İlham Əliyev bu məsələlərlə bağlı çox böyük işlər aparır, bütün səfərlərində, eləcə də ölkəmizdə səfərdə olan xarici dövlətlərin nümayəndələri ilə təşkil olunmuş görüşlərində mütəmadi olaraq Xocalı Soyqırımından, xalqımızın başına gətirilən müsibətlərdən söz açır və bu faciəyə siyasi-hüquqi qiymətin verilməməsini xüsusi ilə vurğulayır.
Sonda xüsusi qeyd edək ki, Xocalı soyqırımını heç zaman unutmaq olmaz, amma sevindirici və qürurverici məqam ondadır ki, bu gün artıq Xocalıda da Azərbaycan bayrağı vüqarla dalğalanır!
Xanımağa İsmayılova
YAP Yasamal rayon təşkilatının fəalı, AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin elmi işçisi