PDF Oxu

Siyasət

  • 1 252

"Tərəflərin şərtləri uzlaşarsa, müharibənin sonu sürətlənə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"ABŞ nümayəndələrinin Moskvada keçirdiyi kritik görüş təkcə diplomatik jest deyil - bu, böyük güclərin müharibənin gələcəyinə dair siyasi iradəsini yoxlayan ciddi mərhələdir. Lakin belə görüşlərin müharibəni dərhal bitirəcəyini düşünmək həm sadəlövh yanaşma olar, həm də regiondakı geosiyasi reallıqlara uyğun gəlməz". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.Onun sözlərinə görə, ABŞ-Rusiya arasında aparılan hər hansı dialoq münaqişənin dinamikasına təsir edə biləcək yeganə mexanizmlərdən biridir: "Çünki hazırkı geosiyasi sistemdə müharibənin uzanması və ya sonlanması yalnız lokal tərəflərdən asılı deyil; böyük güclərin maraqları və təhlükəsizlik arxitekturası bu prosesin əsas müəyyənedicisidir. Bu baxımdan, Moskva görüşü tərəflərin “qırmızı xətləri”, minimal şərtləri və güzəşt məkanını müəyyənləşdirmək üçün real imkan yaradır. ABŞ və Rusiyanın şərtləri bir-birindən kəskin şəkildə fərqlənir. Vaşinqton əsasən regional təhlükəsizlik balansının dəyişməsinə, Rusiyanın təsir imkanlarının məhdudlaşdırılmasına və münaqişənin nəzarətli şəkildə dayandırılmasına çalışır. Moskva isə öz təhlükəsizlik zonası üzərində nəzarəti itirməmək, siyasi-ərazi güzəştlərini öz xeyrinə təmin etmək və Qərbin təzyiq mexanizmlərini yumşaltmaq istəyir. Belə diametral fərqlər tərəflərin razılaşmasını çətinləşdirir, amma mümkünsüz etmir.Müharibənin dayanması üçün tərəflər yalnız öz şərtlərini yox, həm də qarşı tərəfin minimum tələblərini qəbul etməyə hazır olmalıdır. Bu gün tərəflərin mövqeləri hələ də sərtdir, mövcud vəziyyət isə daha çox “pozisiya savaşı”na bənzəyir. ABŞ-Rusiya görüşü bu sərt mövqeləri yumşaltmaq üçün diplomatik platformadır, lakin hələ ki, razılaşma üçün real kompromis mexanizmləri tam formalaşmayıb. Bununla belə, belə görüşlərin ən vacib təsiri odur ki, müharibənin nəzarətsiz eskalasiya riski azalır. Yəni tərəflər heç olmasa masada danışırsa, bu, ən azı genişmiqyaslı qarşıdurmanın qarşısını alır və siyasi həll üfüqlərini açır. Bu, artıq münaqişənin gedişində mühüm dönüş nöqtəsidir. ABŞ nümayəndələrinin Moskvadakı kritik görüşü müharibənin dərhal sonunu gətirəcək qərar nöqtəsi deyil, amma siyasi prosesin mühüm hissəsidir. Əgər tərəflər minimal razılaşma paketinə yaxınlaşa bilsələr, bu görüş gələcək atəşkəsin və ya dondurulmuş kompromisin başlanğıcı ola bilər. Mövcud geosiyasi reallıqlarda müharibə yalnız döyüş meydanında deyil, məhz belə diplomatik masalarda həll olunur".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər