"Azərbaycan və Ermənistan arasında sülh prosesində bir sıra əngəllər mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.Politoloq bildirib ki, bu əngəllərin əsas mənbəyi Ermənistandır: "Çünki sülh müqaviləsinin mətni ilə yanaşı Azərbaycanın haqlı tələbləri var. Bu tələblərin yerinə yetirilməsi önəmlidir ki, sülh müqaviləsi imzalansın. Bu tələblərdən biri Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidlər mövcuddur. Ermənistanın müstəqillik haqqında bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsi fikri yer alır. Ona görə də Ermənistan konstitusiyası dəyişdirilməlidir.Bununla yanaşı ikinci tələb ATƏT-in Minsk Qrupunun buraxılmasıdır. Minsk Qrupu artıq öz dövrünü bitirib. Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycanın bir qarış torpağı azad olunmadı. Belə olan halda bu qurupun mövcudluğu sual yaradır. Minsk Qrupunun buraxılması üçün Bakı və İrəvan ATƏT-in katibliyinə müraciət etməlidir. Ermənistan təəssüflər olsun ki, bu müraciəti də həyata keçirmir. Minsk Qrupunu ölü format kimi saxlamağa çalışırlar ki, qarşıdakı illərdə bundan istifadə etsinlər.Sülh müqaviləsinin mətninə gəldikdə deyə bilərik ki, 17 maddəlik sülh müqaviləsinin 15 maddəsi razılaşdırılıb. Açıq qalan iki maddə beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq çəkişmələr müstəvisində dövlətlərin bir-birinə qarşı iddia qaldırmaması ilə bağlıdır. Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan bir-birinə qarşı çoxsaylı iddialar qaldırmışdır. Buna son qoymaq, həm də sülh müqaviləsində yer alır"."Digər məsələ Azərbaycan və Ermənistan sərhədində üçüncü dövlətlərə, güc mərkəzlərinə aid qüvvələrin geri çəkilməsini əhatə edir. Burada ciddi bir maneəni görürük. Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyası yerləşib. Onların müddətinin iki il uzadılması haqqında Ermənistan qərar qəbul edib. Brüssel bunu dəstəkləyir. Belə görünür ki, iki il müddətində sülh mümkünsüz olacaqdır. Yaxud, Avropa İttifaqının missiyasının regionu tərk etməsi halında sülh müqaviləsinin maddəsi razılaşdırılacaq. Göründüyü kimi bir sıra ciddi problemlər var. Bütün bu məsələlərin həll edilməsi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıracaq" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə