PDF Oxu

Siyasət

  • 983

Azərbaycan Ordusu Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldı

image

“Xocalı soyqırımı terrorçuluğun İrəvanın dövlət siyasətinin tərkib hissəsi olduğunu bütün dünyaya göstərdi. Bu qətliama birbaşa rəhbərlik edən şəxslərin sonradan Ermənistan prezidenti olmaları bu ölkənin olmayan tarixinə qara ləkədir. Hərbi cinayətkarların dövlət rəhbərliyinə gətirilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Təəssüf ki, dünya dövlətləri, təşkilatları bu biabırçılığa göz yumdu, onların qanlı əməllərinə beynəlxalq səviyyədə hüquqi qiymət verilmədi. Bu da Ermənistana imkan verdi ki, Azərbaycan dövlətinə, xalqına qarşı soyqırımı siyasətini davam etdirsin”. Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, ermənilər “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün işğalçılıq siyasətini davam etdirəcəkdir: “Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət idi. Ermənistan keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalıya hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edildi, 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. Xocalı şəhəri yerlə bir edildi”.
T.Mirkişili bildirdi ki, 1992-ci ilin 26 fevralında Xocalının məhv edilməsi, 600-dən çox dinc sakin, qadın və uşaqların qətlə yetirilməsi sonradan Ermənistan prezidenti olmuş Sərkisyanın da qeyd etdiyi kimi, ermənilərin Azərbaycana qarşı “zarafat” etmədiyini göstərdi: “Doğrudan da, biz hesab edirdik ki, ermənilər nə qədər nankor olsalar da, azərbaycanlılara qarşı bu miqyasda, insanlığa sığmayan cinayət törətməzlər. Amma onlar biz düşündüyümüzdən də artıq qana susamışdılar. Onlar faciə günü Xocalı şəhərini tərk edən dinc əhalini pusquya saldılar, Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında qətlə yetirdilər və sağ qalanları əsir götürdülər. Məqsədləri təkcə Xocalını işğal etmək deyildi, həm də onun bütün əhalisini öldürməklə Azərbaycan xalqında xof yaratmaq idi. Bu faciə Azərbaycan dövlətini və xalqımızı sarsıtsa da, mübarizə əzmini qıra bilmədi. Dövlətimizin həyata keçirdiyi düzgün siyasət nəticəsində Xocalı soyqırımı bizim üçün gözümüzün odunu alan, təşviş yaradan deyil, vətənpərvərlik, qisas hisslərini alovlandıran bir hadisəyə çevrildi. Biz daim Xocalı soyqırımı qurbanlarının intiqamını ermənilərdən almaq arzusu ilə yaşamışıq. İşğal dövründə Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində çox böyük işlər gördü. Xocalı soyqırımı bir çox ölkələrin parlamentlərinin aktları ilə tanındı. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edildi. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, konfranslar keçirildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. 25 fevral 1997-ci il tarixli sərəncam ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi”.
Millət vəkili sonda bildirdi ki, müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı: “2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Cənab Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu gün Xocalıda həyat yenidən canlanır. Şükür ki, Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin qanı yerdə qalmadı, onların ruhları şaddır. Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Xocalıda dalğalanan bayrağımız bu cinayəti törədənlərə ən layiqli cavabdır”.

Digər xəbərlər