PDF Oxu

Siyasət

  • 554

Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş faciədir

image

33 il əvvəl, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə soyuq qış gecəsində erməni cəlladları Xocalı şəhərində heç bir günahı olmayan dinc insanları, o cümlədən qocaları, qadınları və uşaqları yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirməklə insanlıq tarixinə qara ləkələr vurdular. Xocalı soyqırımı, təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş tarixi bir cinayətdir. Buna görə də bu qanlı cinayətin təşkilatçıları və icraçıları – Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməli və öz layiqli cəzalarını almalıdırlar. Cəzasızlıq mühitinin nəticəsidir ki, həmin şəxslər və onların təsiri altında olan revanşist çevrələr bu gün də iki ölkə arasında və regionda sülhün bərqərar olması istiqamətində görülən işlərə, o cümlədən beynəlxalq ictimaiyyətin təşəbbüslərinə mane olmağa çalışırlar.

33 il keçməsinə baxmayaraq Xocalının işğalı zamanı erməni faşistlərindən və imperiya ordusunun 366-cı motoatıcı alayının narkotik qəbul etmiş əsgərlərinin Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmur. Əksinə olaraq, illər keçdikcə qaysaq bağlamayan yaralar göynəyir, Azərbaycan xalqına qarşı soyqırımı törədənlərə nifrət artır. İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə 33 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasını xüsusi diqqət mərkəzində saxlayır.

Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb.

Ali Baş Komandan, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardıqları təbliğatı döyüş meydanında, düşməni təslimçiliyə məcbur etməklə davam etdirən, “qana-qan” deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə dalğalandırdıqları üçrəngli bayraqlarımız soyqırımı qurbanlarına xalqımızın vəfa borcudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın qısamüddətli müharibə ilə işğaldan azad olunması 1992-ci ilin 26 fevralında Bakıdan kömək gözləyən xocalıları təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə təkbətək qoyan o dövrdəki iqtidara, hələ nizami ordu kimi formalaşmamış, təcrübəsiz gənclərdən ibarət könüllü dəstələri cəbhə bölgəsindən uzaqlaşdıraraq əraziləri ermənilərə təhvil verənlərə, satanlara tarixi dərs idi.

Vətən müharibəsində XXI əsrin müharibəsinin döyüş taktika və strategiyasını çaldığı qələbə nümayiş etdirən Rəşadətli Azərbaycan Ordusu havadarları hesabına Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi qovdu. İkinci Qarabağ müharibəsi davam etdiyi müddətdə döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəni, Tərtəri, Bərdəni və digər yaşayış məntəqələrini raket atəşinə tutan erməni vandalları Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri təkrarladılar. Həmin şəhərlərə yağdırılan mərmilər xalqımızın inamını sarsıtmadı. Bütün dünya ictimaiyyəti gördü ki, xain düşməni susduran azərbaycanın güclü iradəsi, qüdrətli ordusu vardır.

Xocalı şəhərinin 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizlənmişdir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını sübut etdi.

Xocalıya həyat qayıdır, şəhər yenidən dirçəlir. Xocalı sakinləri 32 ildən sonra, ötən ilin 28 May Müstəqqillik günündə doğma torpaqlarına qayıtmağın sevincini yaşadılar.

Artıq 4 ilə yaxındır ki, Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Məcburi köçkün, qaçqın sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü başlanır. Uzun illər doğmalarının taleyindən narahat olan Xocalı qurbanlarının ruhları rahatlıq tapır. Şəhidlərimizin xatirəsi sevinc göz yaşları ilə yad edilir. Onu da qeyd edim ki, indiyədək Xocalıda 44 ailənin, 169 nəfərin daimi məskunlaşması təmin edilmişdir.

Azərbaycan xalqı heç bir zaman Xocalıda baş verən dəhşətləri unutmayacaq. Nə qədər illər keçsə də, Xocalı faciəsini heç zaman unutmayacağıq. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini faciənin 33-cü ildönümündə dərin hüznlə və böyük ehtiramla yad edərək Uca Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.

Heç kim unudulmur, heç nə yaddan çıxmır!

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının əməkdaşı

Digər xəbərlər