PDF Oxu

Siyasət

  • 2 546

Erməni vandalizmi

Erməni vandalizmi

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçılıq siyasəti 30 ilə qədər davam etdi. Ermənistanın Qarabağa ərazi iddiasının tarixi kökləri, onun təcavüzkar mahiyyəti, Ermənistanın Azərbaycana qarşı müharibəsinin işğalçı xarakteri "Böyük Ermənistan" yaratmaq xülyasının nəticəsi idi. Onun Azərbaycana qarşı olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində dövlətimizə külli miqdarda ziyan dəymişdir. 10 mindən çox insanın vəhşicəsinə qətlə yetirilməsi, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi bütün dünyanın, o cümlədən demokratiya və insan haqlarını yüksək tutduğunu iddia edən Avropanın gözü qarşısında baş verirdi. Azərbaycan torpaqlarının işğalını pisləyən və erməni hərbi qüvvələrinin bütün işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının Qətnamələri 30 il ərzində kağız üzərində yerinə yetirilməmiş qalmışdı. Yüzlərlə yaşayış məntəqəsini viran qoymuş, minlərlə insanın həyatına son qoymuş Ermənistan ordusunun 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması Avropa parlamentarilərini hərəkətə gətirə bilmədi. Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilmiş etnik təmizləmə, vandalizm və müharibə cinayətlərinin izləri bu gün də işğaldan azad olunmuş ərazilərdə qalmaqdadır.

Azərbaycanın tarixi abidələrinə münasibətdə ərazilərimizdə yüzlərlə tarixi-dini abidələrimizi məhv ediblər. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

ÜMUMDÜNYA KONVENSİYALARINA ZİDD ƏMƏLLƏR

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılmışdır. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilmişdir. Bu dağıntıları 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərdən sonra bu ərazilərə səfər edən xarici KİV nümayəndələri, diplomatik korpusların nümayəndəliklər öz gözləri ilə gördülər.

İşğalçılar genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparmış, kurqanları dağıtmışlar. Həmin ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103,2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal dövründə dağıdılmış və ya yararsız hala salınmışdır. Dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa respublikamıza dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dolları təşkil edir.

Bu və ya digər faktlara diqqət salarkən, onu da qeyd etmək yerinə düşər ki, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun 300-dən çox əşyası qarət olunmuşdur. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar da olmuşdur.

DÜNYA 30 İL ƏRZİNDƏ SƏSSİZ QALDI

30 ilə yaxin işğal altında olan ərazilərdə və Qərbi Azərbaycanda vəhşi işğalçılar abidələrimizə, bizim tariximizlə, mədəniyyətimizlə bağlı yerlərə divan tutublar. Bu abidələri yer üzündən silməklə, keçmişimizi, yaddaşımızı silməyə çalışıblar. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Azərbaycan torpaqları 1828-ci ildə "Türkmənçay" müqaviləsi ilə Rusiya və İran arasında bölüşdürüldükdən sonra çar Rusiyası mərhələli şəkildə ermənilərin bu ərazilərdə məskunlaşmasına imkan yaratdı. Özlərinə yer eyləyən ermənilər illər uzunu öz murdar niyyətlərini həyata keçirməyə başladılar. Onlar Azərbaycan torpaqlarını işğal etməklə, tarixi-mədəni irsimizi, adət-ənənələrimizi, musiqimizi və incəsənətimizi özününküləşdirməyə cəhd etmiş, qədim tarixə malik olduqlarını bu yolla sübut etməyə çalışmışlar. Məkrli niyyətlərinə nail ola bilmədikdə isə tarixi-mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları vəhşicəsinə dağıdıb, yer üzündən siliblər. Qərbi Azərbaycan torpaqlarında 1913- 1918-ci illərdə İrəvan şəhərində Sərdar sarayı kompleksi, çoxsaylı karvansaralar, hamamlar, türbələr dağıdılmışdır. Şah İsmayıl Xətainin öz vəziri Rəvanqulu xana tikdirdiyi Irəvan qalası, o cümlədən 1870-dən çox Azərbaycan-türk mənşəli tarix və mədəniyyət abidələri, bir o qədər də qədim və orta əsrlərə aid qəbiristanlıq, heykəllər, incəsənət nümunələri tamamilə məhv edilib. O illərdə İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid talan edilərək yandırılmışdır.

Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. 30 il müddətində işğal altında saxladıqları bütün tarixi, dini abidələrimizi məhv ediblər. Cəbrayılda 132 tarixi abidə, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər və Füzuli rayonlarında yüzlərlə tarixi, memarlıq və mədəniyyət abidələri, on minlərlə eksponatı olan muzeylər düşmən əlinə keçərək viran edilmişdir. Şuşada XVIII əsrə aid Gövhər Ağa məscidi, Hacı Abbas məscidi və karvansaray, Hacı Yusifli məscidi, Cəbrayılda V və VII əsrlərə aid səkkizguşəli türbə, XVIII əsrə aid Sultanməcid hamamı, Zəngilanda XII əsrə aid Qız qalası, XIV əsrə aid səkkizguşəli türbə, Laçında XIV əsrə aid Məlikəjdər Türbəsi, Ağdamda dünyada ikinci olan Çörək Muzeyi, eramızdan əvvəl V əsrə aid Çalaqtəpə yaşayış məskəni, Qubadlıda IV əsrə aid Gavur dərəsi, V əsrə aid Qalalı və Keyqala abidələri, Kəlbəcərdə XIII-XVIII əsrlərə aid Xotavənd məbədi, Füzulidə 1682-ci ildə tikilmiş Qiyasəddin məscidi, 1684-cü ildə tikilmiş Qarğabazar karvansarayı və digər tarixi memarlıq abidələrimiz erməni vandalizminə məruz qalmışdır.

Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub, 44 məbəd və 9 məscid təhqir edilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min kitab və misilsiz əlyazma nümunələri məhv olunub. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləridir. Ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər dini dəyərlərimizə hörmətsizlik edərək Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlıların heysiyyətlərinə toxunmağa çalışıblar. Dövlətimizin başçısı işğaldan azad olunmuş Zəngilan rayonunda mənfur düşmən tərəfindən dağıdılan məsciddə olarkən "Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb", deyərək dünyanın buna 30 il ərzində səssiz qaldıgını qeyd edib: "Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib. Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb?".

Ermənistan hərbi qüvvələri tərəfindən yer üzündən silinmiş Xocalı şəhəri və törədilən soyqırımı dünyanın gözü qarşısında olmuşdur. Başlıbel, Ağdaban və onlarla digər kəndlərdə ermənilərin törətdiyi soyqırımı hadisələri dünyanın gözü qarşısında olmuşdür .

Nəzakət ƏLDƏDDİNQIZI

Digər xəbərlər