PDF Oxu

Siyasət

  • 789

Ermənistanın işğalının nəticələrini yaddan çıxara bilmərik ŞƏRH

image

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək bildirib ki, “Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə biz onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi. 65 məscid dağıdılıb və nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək üçün orada donuz və mal saxlayıblar. Biz bunu yaddan çıxarmayacağıq”.

Uzun illərdir ki, erməni millətçiləri xalqımıza qarşı sistemli, mütəşəkkil və müntəzəm olaraq müxtəlif cinayətlər törədiblər. Bu çirkin və faşist siyasətin son mərhələsi 1988-1991-ci illərdə Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya edilərək etnik təmizləməyə və soyqırımına məruz qalması, 1991-1993-cü illərdə isə tarixi, əzəli və əbədi torpağımız olan Qarabağın işğalı idi. Xalqımıza qarşı yönələn soyqırımın miqyasını təsəvvür etmək üçün erməni millətçilərinin onları dəstəkləyən havadarları ilə bölgəmizdə son üç yüz il ərzində törətdikləri cinayətin tarixinə nəzər salmaq kifayətdir. Elmi araşdırmalar erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхinin ХVIII əsrin əvvəllərindən başladığını tarixi dəlillərlə sübut edirlər. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdu. Ermənilər həmin fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdu.

Ermənilər işğal etdikləri torpaqlarda "viran qoymaq, dağıtmaq" taktikasına əl atdılar. Birinci Qarabağ döyüşləri acı nəticələrlə başa çatdı. Müharibədə minlərlə azərbaycanlı şəhid oldu, yaralandı, sağlamlığını itirdi. Bir milyondan çox insan doğma ocaqlarından köçkün düşdü. Rəsmi məlumatlara görə, erməni işğalçıları tərəfindən 4.852 nəfər azərbaycanlı, o cümlədən 323 qadın, 54 uşaq və 410 qoca əsir və girov götürüldü. Erməni faşistləri əsir və girovların dəqiq sayını beynəlxalq humanitar təşkilatlardan gizlədirlər. Əsirlərlə qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar.

27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı nəticəsində başlanan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğalda qalmış torpaqlarımız azad olundu. İndi azad olunan ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır. Bunlar hamısı ermənilərin beynəlxalq təşkilatlarından gizlətdikləri 1992-1994-cü illərdə əsir və girov götürülmüş insanların qalıqlarıdır.Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər Təşkilatı (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər. Bu qətnamələri Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri icra etdi.Erməni işğalçıları ələ keçirdikləri qəsəbə və kəndlərdə xalqımıza qarşı dəhşətli soyqırımlar törətdilər. Üstündən illər keçməsinə baxmayaraq, həmin dəhşətli hadisələr bu gün də qəlbimizi göynədir. Düşmənin xalqımıza qarşı törətdikləri bu dəhşətli soyqırımları, qırğınları tarix heç vaxt unutmayacaq.

Şamo Qasımov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər