PDF Oxu

Siyasət

  • 1 148

Novruz Azərbaycan xalqının milli bayramıdır ŞƏRH

image

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada yeni gün deməkdir. Amma, ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, qohum və yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur. Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. Bu çox geniş yayılmış və ümumi bir fikirdir. Bu prizmadan baxaraq bir qədər də irəli gedən araşdırmaçılara görə, Novruz əski “inisiasiya” mərasimi ilə əlaqəlidir. İnsanlar təbiətin qışla ölüb yazla dirilməsini bayram edirlər. Novruzda biz bu ritualın rudimentini “Kosa-kosa” oyununda görürük. Bu oyunda Kosanın ölümü simvollaşdırılmışdır. Onun “kəfənsiz ölməsi” belə heç kimi məyus etmir, əksinə, güldürür. Kosanın ölümü ritual epizodunun oyunda ifadəsidir, yəni arxaik ritualın özü və ya onun bütövü deyildir. Amma bu oyunda arxaik ritualın bərpası üçün çox əhəmiyyətli detallar saxlanmışdır. Novruz bayramı ərəfəsində bayram hazırlıqları başlanır. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. daxildir. Bayramda müqəddəs yerlər ziyarət edilir, qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıblara yardım edilir, bayram payı paylanır. Təmizlənməmiş həyət-baca, köhnə paltar, kasıblıq və aclıq xaosu simvolizə edir. Küsülülük, kommunikativ böhran sosial xaosun ifadəsidir. Təmizlik, təzə paltar, yeməklər, xaosun natəmizlik, köhnəlik, aclıq kimi formalarını aradan qaldırır və onları yeni nizamla əvəz edir. Küsülülük barışla əvəzlənəndə sosial harmoniya bərpa olunur. Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruzda yumurta döyüşdürülməsi adəti iki dünyanın-qışla yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini nümayiş etdirməkdir. “Toxum cücərtmək” və ya “Səməni qoymaq” da bir şəkildə təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. “Qulaq falı” və ya “qapı pusmaq” yeniləşmənin məlumat səviyyəsini əks etdirir. Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda bu adətlərin zərdüştlük dönəmində mövcud olduğu və onun xüsusi icraçılar – Zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir. Sonrakı dövrlərdə “torba atmaq” “qurşaq atmaq” və ya “şal sallamaq”la əvəzlənmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər öz təsirlərini göstərmişdir. Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal atmaq” və “papaq atmaq” kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. Novruz bayramının ritual əsaslarının təhlilindən gəldiyimiz qənaətlərə görə, onun yaranışı nə zərdüştlüklə, nə də islam dini ilə əlaqəlidir. Çünki burada müşahidə olunan arxaik ritual elementləri şaman, buddist, xristian və müsəlman türklərin mövsümlə bağlı icra etdikləri ortaq rituallardır. Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır. Bu gün də Azərbaycan xalqı hər dörd çərşənbəni və Novruz bayramını böyük sevinc hissi ilə qeyd edir.

Lalə Səlimzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər