"Azərbaycan dövləti özünün zəbt olunmuş ərazilərini özü işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Ərazilərin minadan təmizlənməsi prosesini də Azərbaycan özü həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidentinin ilk qərarlarından biri mina agentliyinin yaradılması və onun səlahiyyətlərinin genişləndirilməsi oldu: "Bundan əlavə, Müdafiə Nazirliyinin 22 hərbi hissəsi, mühəndis qoşunları, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti bu istiqamətdə fəaliyyət göstərdi. Qısa müddət ərzində xeyli ərazi minalardan təmizləndi. Bu ərazilərdə yollar çəkildi, hava limanları salındı, dəmir yolları bərpa olundu, şəhərlər və kəndlər yenidən qurulmağa başladı. Böyük struktur layihələri həyata keçirilir - məktəblər, xəstəxanalar, uşaq bağçaları, dövlət qurumlarının və hərbi hissələrin tikintisi və bərpası aparılır. Bu proses yüksək səviyyədə təşkil olunub. Eyni zamanda dövlət sərhədlərinin bərpası istiqamətində də xeyli işlər görülür. Bununla yanaşı, ərazilərin minalardan təmizlənməsi zamanı müasir texnologiyaların tətbiqi ilə böyük uğurlar əldə edilib. Hazırda dünyada müharibədən çıxmış iki ən çox minalanmış ərazi varsa, biri Əfqanistan, digəri isə Qarabağdır. Ermənistanın verdiyi xəritələrə görə, təkcə Ağdam-Füzuli istiqamətində 97 min mina bastırılıb.Adətən yalnız təmas xəttinə mina basdırılır, lakin ermənilər bütün ərazini minalayıblar. Verdikləri xəritələrin yalnız 25%-i dəqiq olub. Nəzərə almaq lazımdır ki, mina yalnız peşəkarlar tərəfindən basdırıla bilər və bunun üçün üç xəritə hazırlanır: biri baş qərargahda, biri mina basdıran hərbi hissənin qərargahında, digəri isə konkret sahənin qərargahında olur. Ermənistanın basdırdığı minalar nəticəsində 400-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Təəssüf ki, Ermənistan beynəlxalq öhdəliklərinə əməl etmir. Onların verdiyi xəritələrin düzgün olmaması, həmçinin beynəlxalq ictimaiyyəti aldatması bunu bir daha sübut edir. Əgər doğrudan da onlar xəritələri tam versəydilər, öz hərbçiləri, vətəndaşları və sülhməramlılar da həmin ərazilərdə zərər görərdi. Amma belə bir şey baş verməyib. Çünki xəritələri gizlədir və ya təqdim etmirlər. Bir daha qeyd edirəm ki, mina ancaq peşəkarlar tərəfindən basdırıla bilər, əks halda bu, basdıran şəxs üçün təhlükə yaradır".
Müəllif: Ziya Hikmətoğlu