"Paşinyanın MDB tribunasından bu məzmunda açıqlama ilə çıxış etməsi siyasi baxımdan əhəmiyyətli və tarixi hadisə kimi qiymətləndirilə bilər. Bu bəyanat eyni zamanda sülh gündəliyi çərçivəsində tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi mesaj xarakteri daşıyır" . Bu sözləri SİA- ya açıqlamasında Turan Rzayev bildirib.Onun sözlərinə görə, Azərbaycan tərəfinin, o cümlədən Azərbaycan Prezidentinin tədbirdə iştirak etməməsi ilə bağlı mövqe əvvəlcədən açıq və əsaslandırılmış şəkildə ifadə olunmuşdur. Bu kontekstdə Paşinyanın verdiyi açıqlama regionda gedən siyasi proseslər fonunda müsbət və konstruktiv addım kimi dəyərləndirilir:"Paşinyanın bu çıxışı ilə Rusiya faktoruna dolayı yolla mesaj verdiyi də müşahidə olunur. Belə ki, Ermənistan tərəfi sülh sazişi istiqamətində danışıqların üçüncü tərəflərin birbaşa iştirakı olmadan da davam etdirilə və ortaq nəticəyə gəlinə biləcəyini nümayiş etdirməyə çalışır. Bu yanaşma regional diplomatiyada yeni siyasi reallıqların formalaşdığını göstərir.Eyni zamanda, sözügedən açıqlama 2026-cı ilin sülh sazişi baxımından perspektiv il kimi ön plana çıxmasına zəmin yaradır. Paşinyanın bu addımı situativ deyil, əvvəlcədən hesablanmış və məqsədyönlü siyasi strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər".
Müəllif: Günay Hacıyeva