PDF Oxu

Siyasət

  • 639

Azərbaycanın müasir inkişaf modeli ŞƏRH

image

“Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”

Prezident İlham Əliyev

XXI əsrin mürəkkəb geosiyasi və iqtisadi reallıqları şəraitində dayanıqlı inkişaf yalnız resurslara deyil, ilk növbədə düşünülmüş strategiyaya, güclü siyasi iradəyə və effektiv idarəetməyə söykənir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası məhz bu prinsiplər əsasında müasir, çevik və dayanıqlı inkişaf modelini formalaşdırmışdır. Dövlət başçısının vurğuladığı kimi, “Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillik, iqtisadi güc və siyasi iradədir.”

Son iyirmi ildən artıq dövrdə Azərbaycan yalnız iqtisadi göstəricilərini deyil, dövlət suverenliyini, beynəlxalq mövqelərini və sosial rifah səviyyəsini fundamental şəkildə gücləndirmiş, regionun aparıcı güc mərkəzinə çevrilmişdir.

Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə sosial-iqtisadi inkişaf dövlət siyasətinin əsas prioritetinə çevrilmişdir. İqtisadi artımın keyfiyyətli və inklüziv xarakter alması məqsədilə sistemli struktur və institusional islahatlar həyata keçirilmişdir. Makroiqtisadi sabitlik təmin olunmuş, dövlət borcu və büdcə kəsiri nəzarət altında saxlanılmış, inflyasiya iqtisadi fəallıq üçün məqbul səviyyədə qorunmuşdur. Qeyri-neft sektorunun inkişafı, sahibkarlığın təşviqi, kiçik və orta biznesin iqtisadiyyatda dominant mövqeyə yüksəlməsi milli iqtisadiyyatın dayanıqlığını artırmışdır. İqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxaraq xarici təsirlərə davamlı olduğunu sübut etmişdir. Dövlət büdcəsi sosial rifahın dəstəklənməsi ilə yanaşı, investisiya fəallığının təminində də mühüm rol oynamışdır.

Azərbaycanın inkişaf modelində insan kapitalı əsas strateji resurs kimi müəyyən edilmişdir. Təhsil infrastrukturunun müasirləşdirilməsi, müəllimlərin peşəkar inkişafı, məktəbəqədər təhsilə çıxışın genişləndirilməsi gələcək nəsillərin rəqabət qabiliyyətli yetişdirilməsinə xidmət edir. Elmi tədqiqat potensialının gücləndirilməsi, tətbiqyönlü innovasiyaların təşviqi və əqli mülkiyyətin inkişafı ölkənin bilik iqtisadiyyatına keçidini sürətləndirmişdir. Səhiyyə sahəsində həyata keçirilən islahatlar əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını artırmış, pandemiya dövründə çevik qərarlar minlərlə insanın həyatının qorunmasına imkan yaratmışdır. Ünvanlı sosial yardım mexanizmləri, aztəminatlı ailələrin dəstəklənməsi və genişmiqyaslı sosial proqramlar sosial ədalətin təmininə xidmət etmişdir.

Postpandemiya və postkonflikt dövründə Azərbaycan Respublikası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi ilə keyfiyyətcə yeni strateji mərhələyə daxil olmuşdur. Bu sənəd dayanıqlı artım, sosial ədalət, innovasiya, Böyük Qayıdış və yaşıl inkişaf kimi prioritetləri bir sistem daxilində birləşdirir.

2022–2026-cı illəri əhatə edən Strategiyanın icrası nəticəsində iqtisadiyyatın şaxələnməsi dərinləşmiş, maliyyə dayanıqlığı güclənmiş və uzunmüddətli ehtiyatlar formalaşdırılmışdır. Növbəti mərhələdə isə süni intellekt, rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar əsas inkişaf drayverlərinə çevriləcəkdir.

Azərbaycanın enerji siyasəti dövlət müstəqilliyinin və beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynamışdır. Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirmişdir. Bu layihələr iqtisadi dividendlərlə yanaşı, ölkənin geosiyasi çəkisini də artırmışdır. Eyni zamanda, nəqliyyat-logistika infrastrukturunun inkişafı Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində mühüm tranzit mərkəzinə çevrilməsini təmin etmişdir.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrilmişdir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə milli gücün, siyasi iradənin və xalq–ordu birliyinin təntənəsi oldu. 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı ilə Azərbaycan öz suverenliyini tam bərpa etmiş, dövlətin ərazi bütövlüyü və konstitusiya quruluşu təmin olunmuşdur. Zəfər diplomatiyası cənab İlham Əliyevin qlobal informasiya məkanında apardığı prinsipial siyasətin parlaq nümunəsidir.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı müasir dünya tarixində analoqu az olan yenidənqurma modelidir. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur, müasir infrastruktur qurulur, yaşayış və məşğulluq təmin edilir.

Minatəmizləmə, yol, enerji, su və sosial obyektlərin tikintisi bölgənin iqtisadi reinteqrasiyasını sürətləndirir. Bu proses yalnız bərpa deyil, gələcəyə hesablanmış dayanıqlı inkişaf modelidir. Şəhid ailələri və qazilərə göstərilən diqqət Prezident İlham Əliyevin sosial siyasətinin əsas sütunlarından biridir. Mənzil, avtomobil, təqaüd və reabilitasiya proqramları dövlətin vətəndaşa məsuliyyətinin real təzahürüdür. “YAŞAT” Fondu bu siyasətin institusional davamı kimi çıxış edir.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

Prezident cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılmış Azərbaycan inkişaf modeli güclü dövlətçilik, dayanıqlı iqtisadiyyat, sosial ədalət və milli qürur üzərində qurulmuşdur. Qazanılmış Zəfər, Böyük Qayıdış, artan beynəlxalq nüfuz və yüksələn rifah bu modelin real nəticələridir.

Azərbaycan bu gün qalib, suveren və gələcəyə inamla baxan dövlətdir. Qarşıdakı illərdə də bu strateji kurs ölkəmizi daha yüksək inkişaf mərhələlərinə daşıyacaqdır.

Həsən Bayramov,

Pedaqogika üzrə elmlər doktoru, professor

Digər xəbərlər