Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı forumları Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Hər bir beynəlxalq əhəmiyyətli tədbir ev sahibliyi edən ölkə ilə yanaşı, digər iştirakçı dövlətlərin də malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu tədbirlər, həmçinin tarixi həqiqətlərimizin, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında yardımçıdır.
“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan XII Qlobal Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak etdilər. Dövlət başçısı İlham Əliyev Forumun açılışındakı çıxışında
30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından, yeni dünya nizamının formalaşmasından və sair kimi mühüm məsələlərdən geniş bəhs etdi. “Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq” söyləyən Prezident İlham Əliyev bildirdi ki, azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi. 65 məscid dağıdılıb və nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək üçün orada donuz və mal saxlayıblar. Bunu yaddan çıxarmayacağıq. 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, gələcəyə nəzər salmalıyıq. Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir.
Cənab İlham Əliyev bu reallığı da diqqətə çatdırdı ki, BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bu gün bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir.
Prezident İlham Əliyev postmünaqişə dövrünün əsas çağırışı olan regionda dayanıqlı sülhə nail olmaq üçün Ermənistana təklif edilən, beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsindən də danışaraq bu çağırışın reallığa çevrilməsindən sonrakı dövrün aydın mənzərəsini təqdim etdi. Bir daha bu çağırış səsləndi ki, biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq.
Dövlət başçısı İlham Əliyev Forum zamanı “Euronews” televiziyasına müsahibəsində regionda baş verən dəyişikliklərlə bağlı ölkəmizin mövqeyini də açıqladı. Qeyd etdi ki, əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq: “Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri