PDF Oxu

Siyasət

  • 1 074

Sülh, dostluq, qarşılıqlı anlaşma və milli həmrəylik: mənəvi yaddaşımızın mühüm komponentləri kimi

image

Novruz bayramı Şərq və türk xalqlarının mədəniyyətində dərin izlər buraxmış, həmrəylik, dostluq, vətənpərvərlik və milli kimliyin təcəssümü olan dəyərləri özündə ehtiva edir. Tarixi əhəmiyyət daşıyan Novruz hər il mart ayında təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə edən bayram olaraq qeyd edilir.

Novruz uzun illər ərzində nəsildən-nəslə ötürülən, xalqın adət-ənənələri və folkloru ilə zənginləşən, mədəniyyəti yaşadan bir bayramdır. Bu bayramın əsas xüsusiyyətlərindən biri cəmiyyəti birləşdirərək ümumi dəyərlərə və ənənələrə olan bağlılığı gücləndirməsidir. Novruz bəşəriyyətin ümumi dəyərlərinə - sülhə, dostluğa və həmrəyliyə xidmət edir, bu xüsusiyyətləri ilə insanların birliyini və həmrəyliyini əks etdirən yüksək mənəvi dəyərlərin təcəssümüdür.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “...Bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.
Son illərdə Novruz bayramı Azərbaycan xalqı üçün xüsusi bir məna kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm zəfərdən sonra Novruz bayramının qeyd olunması tarixə yeni bir mərhələ ilə daxil olmuşdur. Şanlı Zəfərdən sonra dövlət başçısının iştirakı ilə Novruz bayramı həm də işğaldan azad edilmiş ərazilərdə - 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda və 2024-cü ildə Xankəndidə qeyd olunur. Bu, dövlətin və xalqın Qarabağ və Şərqi Zəngəzurda abadlıq və yenidənqurma yolunda qətiyyətini və mübarizliyini nümayiş etdirir. Cənab İlham Əliyev 20 mart 2021-ci il tarixində Şuşada Novruz bayramı münasibətilə xalqa etdiyi təbrikində demişdir: “Biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik”.
Novruz bayramına olan diqqət yalnız daxili müstəvidə deyil, həm də beynəlxalq aləmdə geniş şəkildə təbliğ olunmuşdur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri ilə Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildə BMT Baş Assambleyasının qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olunmuşdur. Bu təşəbbüslər bayramın beynəlxalq miqyasda əhəmiyyətini artırmış və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermişdir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Hərəmiz bir ağac əkək” kampaniyası Novruz bayramı ilə əlaqədar ətraf mühitin sağlamlaşdırılmasına əhəmiyyətli bir töhfədir. Ekoloji məsələlərə diqqət çəkən bu kampaniya çərçivəsində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır.
Novruzun Su, Od, Yel və Torpaq çərşənbələri xüsusi mənaya sahibdir və bunların hər birinin təbiətin müxtəlif elementləri ilə əlaqələndirilməsi bayramın zəngin ənənələrini daha da gücləndirir. İnsanlar bu çərşənbələri müxtəlif adət-ənənələrlə qeyd edirlər. Novruz bayramı fərqli mədəniyyətlərin bir-birinə yaxınlaşmasına şərait yaradır, xalqlar arasında həmrəylik və qarşılıqlı hörmətin inkişafını təşviq edir.
Beləliklə, Novruz bayramı Azərbaycanın keçmişi, bu günü və gələcəyi arasında bir körpü rolunu oynayır. Bu, xalqın birliyini, həmrəyliyini və irəliləyən inkişafını nümayiş etdirən, həmçinin bəşəriyyətin ümumi dəyərlərinə xidmət edən bir bayramdır. Novruz həm də bütün dünyada dostluq, sülh və qarşılıqlı anlaşma istiqamətində mühüm bir addım olaraq qəbul edilir.

Asif Əsgərov
Milli Məclisin deputatı

Digər xəbərlər