Prezident İlham Əliyev martın 13-də "Euronews" televiziyasına verdiyi müsahibəsində yeni dünya nizamının yaradılması, regional vəziyyət və Azərbaycanın mövqeyi barədə geniş və aydın fikirlər açıqlayıb. Hər zaman məntiqli və düşünülmüş fikirlərlə çıxış edən dövlətimizin başçısı, bu müsahibəsi zamanı ən aktual məsələlər barədə danışıb. Həmişə olduğu kimi, bu müsahibə də həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub. Prezidentimizin müsahibəsi bir tərəfdən Azərbaycanın qlobal arenadakı rolunu, digər tərəfdən isə müstəqil xarici siyasətinin mühüm prinsiplərini aydın şəkildə büruzə verir. Dövlət başçımız cənab İlham Əliyev müsahibəsində beynəlxalq münasibətlərdəki mövcud vəziyyətin və dünyadakı qlobal düzənin artıq dəyişməkdə olduğunu vurğulayıb.
Prezident İlham Əliyev dünyada baş verən proseslərə öz təcrübəsindən, nüfuz və sərştəsindən, bütün çətinlikləri dəf edərək çatdığı həqiqətlərdən çıxış edərək aydın fikirlərini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibəsində qlobal münaqişələrin artmasının dünya sabitliyinə mənfi təsir etdiyini vurğuladı və hər bir ölkənin öz taleyini idarə etməsinin vacibliyini qeyd etdi. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginliklər, dövlətlərin öz milli maraqlarını qorumağa çalışdıqları və xarici yardımlara arxalanmadıqları bir dövrün əlamətləridir. Prezident, bu cür hadisələrdən alınması gərəkən dərsləri açıqlayaraq, dövlətlərin öz güclərinə və daxili resurslarına daha çox güvənmələrinin əhəmiyyətini vurğuladı.
Dövlət başçısının vurğuladığı kimi, növbəti hərbi qarşıdurmanın qarşısını almaq üçün davamlı sülh sazişi imzalanmalıdır. Bu baxımdan, Azərbaycanın strateji yanaşması özünü doğruldur. Qarabağ məsələsinin beynəlxalq hüquq və tarixi ədalət əsasında həll olunması Azərbaycanın prinsipial siyasətinin nəticəsidir. Ölkəmiz müharibədən sonra bərpa və quruculuq işlərinə yönəlmiş, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma layihələrinə start vermişdir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan milli maraqlarını təmin etmək üçün heç bir xarici təsisata və ya dövlətə güvənmədən, öz resurslarına əsaslanaraq siyasət yürüdür. Ölkə başçısının müsahibəsi hər zamankı kimi milli maraqların üzərində qurulmaqla, həmçinin dünyada baş verən münaqişə və ziddiyyətlərə vurğusu ilə də seçilir. Prezident İlham Əliyev şəxsi təcrübə və qənaətlərinə əsaslanaraq, analiz və təhlillərini sərgiləyir. Azərbaycan-ABŞ münasibətlərinin dinc məcraya düşməsini bildirir, Rusiya-Ukrayna arasında davam edən müharibə ilə bağlı qənaətlərini bölüşür və Azərbaycan-Ermənistan arasında hələ də həllini gözləyən sülh müqaviləsini yenidən aktuallandırır. Prezident haqlı olaraq bildirir ki, sülh müqaviləsi imzalanmayınca müharibə bitmiş sayılmır. Qlobal kollektiv yanaşma olaraq hadisələrdən nəyi öyrənərək irəliləmək olar fikrinə gəlincə cənab Prezident bildirib ki, “Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya h eç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir. Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək. Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”.
“Euronews” televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləsinin olmadığını diqqətə çatdırdı. Ölkə başçısı bildirdi ki, sakitlik və itkilərin olmaması bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır. Təkcə Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.
Prezidentin müsahibəsi ilə bağlı digər bir nüansa diqqət edək. Azərbaycan Prezidentinin müsahibədə səsləndirdiyi fikirlərdən biri də budur: “Öz resurslarımıza güvənirdik, suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq”. Bu yanaşma müasir dövrdə dövlətlərin öz daxili resurslarına əsaslanaraq siyasət yürütməsinin nə qədər zəruri olduğunu göstərir. Kiminsə yardımına bel bağlamaq həm zəiflik, həm də strateji asılılıq yaradır. Bu isə uzunmüddətli perspektivdə dövlətlərin suveren qərarvermə qabiliyyətini riskə atır.
İndi bütün dünya başa düşür və açıq-aşkar şəkildə etiraf da edir ki, Bakıda keçirlən və ölkəmizin ev sahibliyi etdiyi Forumun layiqincə təşkil olunması, həmin tədbirdə və öz müsahibəsində ölkə rəhbəri cənab İlham Əliyevin söylədikləri, bildirdiyi fikirlər, ünvanladığı mesajlar, həmçinin ortaya qoyduğu yol xəritəsi əsl diplomatik qələbə sayılır.
Bəli, yenə də dövlətimizin başçısı özünün siyasi ustalığı ilə növbəti diplomatik qələbəyə imza atdı. Artıq Azərbaycan Prezidentinin ənənə halına çevrilmiş diplomatik qələbəsi siyasi ustalıq olaraq qəbul edilir. Cənubi Qafqazın lider ölkəsinin rəhbəri tərəfindən dünyaya verilən mesajlar artıq xarici media orqanlarında müzakirə olunmaqdadır.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri