PDF Oxu

Siyasət

  • 987

Dəyişən geosiyasi reallıqlar: Azərbaycan qlobal çağırışlara hazırdır

image

Dəyişən qlobal siyasi mənzərə fonunda milli maraqları qorumaq və beynəlxalq proseslərə çevik şəkildə uyğunlaşmaq hər bir dövlət üçün əsas prioritetə çevrilib. Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə bu məqamlar dərin siyasi baxış və praqmatik yanaşma ilə şərh olunub.

XII Qlobal Bakı Forumu artıq beynəlxalq münasibətlər sahəsində dəyərli bir platformaya çevrilib. Forum iştirakçılarının – sabiq və fəaliyyətdə olan dövlət və hökumət başçılarının çoxluğu bu tədbirin əhəmiyyətini göstərir. Bu kimi tədbirlərdə müxtəlif mövqelərin və yanaşmaların səsləndirilməsi, müstəqil və açıq fikir mübadiləsi beynəlxalq məsələlərin konstruktiv həllinə töhfə verir. Məhz bu səbəbdən Bakı Forumu beynəlxalq münasibətlərdə yanaşmaların formalaşmasında mühüm rol oynayır.
Beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunması, siyasi ikili standartlar və böhranların artması qlobal əlaqə modellərini kökündən dəyişir. Bu vəziyyətdə hər bir dövlət daxili dayanıqlığını gücləndirməli, xarici yardımlardan asılılığını minimuma endirməlidir. Dövlətimizin başçısı vurğulayıb ki, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var: “Gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq”.
Bəzi beynəlxalq təşkilatlar ya qeyri-effektiv fəaliyyət göstərir, ya da praktiki olaraq fəaliyyət qabiliyyətini itirib. Məhz bu səbəbdən artıq dövlətlər daha çox ikitərəfli əlaqələrə üstünlük verirlər. Çünki ikitərəfli münasibətlər daha çevik, şəffaf və konkret maraqlara əsaslanır. Bu, həm də beynəlxalq sistemin transformasiya dövründə baş verən təbii dəyişiklikdir.
Azərbaycan Prezidentinin müsahibəsində diqqət çəkən digər önəmli məqam Cənubi Qafqazın gələcəyi ilə bağlıdır. Dövlət başçısı qeyd edib ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda isə region nisbətən sakit dövrə qədəm qoyub. Bu fürsətdən istifadə etməklə gələcəkdə hərbi qarşıdurmanı istisna edəcək təhlükəsizlik mexanizmləri yaradılmalıdır. Tarixi təcrübəyə əsaslanaraq, qarşılıqlı təmaslar və qonşuluq münasibətləri regionun sabitliyinə xidmət edəcək.
Müsahibənin əsas məqamlarından biri də odur ki, heç bir dövlət milli maraqlarını xarici təsisatlara həvalə etməməlidir. Dövlət başçısının qeyd etdiyi kimi, bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir, yəni biz öz resurslarımıza güvənirdik. Suverenlik və milli təhlükəsizlik məsələsində kənar yardım gözləmək əvəzinə, daxili potensiala əsaslanmaq strateji üstünlüyü təmin edir.
Azərbaycan Prezidenti vurğulayıb ki, sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Qarabağ münaqişəsi ilə bağlı əldə olunmuş nəticə beynəlxalq hüquq və tarixi ədalət əsasında formalaşmış yeganə uğurlu model kimi dəyərləndirilir. Bu model münaqişələrin həllində güc, iradə və hüquqi əsasların uzlaşdırılmasının mümkünlüyünü nümayiş etdirir. Eyni zamanda, regional təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm istinad nöqtəsi hesab olunur.
Prezident İlham Əliyevin “Euronews” müsahibəsi həm də qlobal proseslər kontekstində ciddi analitik baxışları təqdim edir. Müsahibədə səsləndirilən fikirlər müasir dünyada dövlətlərin mövqelərini yenidən nəzərdən keçirməsinin vacibliyini göstərir. Qlobal qeyri-müəyyənlik şəraitində güclü daxili siyasət, milli maraqlara əsaslanan strateji yanaşma və real diplomatik baxış bu günün əsas çağırışlarıdır.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Digər xəbərlər