Azərbaycanın çoxəsrlik tarixində özünəməxsus yeri olan Şuşa milli-mədəni irsimizin, ədəbi-bədii düşüncəmizin və mənəvi dəyərlərimizin formalaşdığı mühüm mərkəzlərdən biridir. Qarabağın tacı adlandırılan bu şəhər əsrlər boyu Azərbaycan mədəniyyətinə, musiqisinə, ədəbiyyatına və incəsənətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərlə xalqımızın tarixində silinməz iz qoyub. Şuşanın əhəmiyyəti onun coğrafi mövqeyi və tarixi keçmişi ilə məhdudlaşmır. Bu şəhər Azərbaycan xalqının milli kimliyini, zəngin mədəni ənənələrini və tarixi yaddaşını özündə yaşadan mənəvi sərvətdir. 2020-ci ildə işğaldan azad edilməsi isə Şuşanın tarixi-mədəni irsinin qorunması, bərpası və beynəlxalq miqyasda təbliği üçün yeni imkanlar yaratdı.
Şuşanın Azərbaycan mədəniyyətinin inkişafındakı rolu ilk növbədə burada formalaşmış zəngin ədəbi və musiqi mühiti ilə bağlıdır. XIX əsrdə şəhər Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilmiş, burada ədəbi məclislər, musiqi toplantıları və müxtəlif yaradıcılıq ənənələri inkişaf etmişdir. Şuşanın yetirdiyi görkəmli şəxsiyyətlər Azərbaycan mədəniyyətini ölkə hüdudlarından kənarda da tanıtmış, milli incəsənətin dünya mədəniyyətinə inteqrasiyasına mühüm töhfələr vermişlər. Bu baxımdan Şuşa yalnız keçmişin xatirələrini yaşadan şəhər deyil, həm də Azərbaycan mədəniyyətinin inkişafını müəyyənləşdirən mühüm tarixi məkandır.
Azərbaycan musiqi sənətinin inkişafında Şuşanın xüsusi xidmətləri vardır. Dahi bəstəkar Üzeyir Hacıbəyli, dünya şöhrətli vokal sənətinin nümayəndəsi Bülbül, görkəmli xanəndə və tarzənlər bu şəhərin yetişdirdiyi sənətkarlar sırasında xüsusi yer tuturlar. Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin əsasını qoymaqla milli musiqi tarixində yeni mərhələ yaratmış, Bülbül öz ifaçılıq məktəbi və elmi-pedaqoji fəaliyyəti ilə vokal sənətinin inkişafına mühüm töhfələr vermişdir. Azərbaycanın musiqi tarixində Sadıqcanın da xüsusi yeri vardır. Tarın quruluşunda etdiyi yeniliklər və ifaçılıq imkanlarını genişləndirməsi onu milli musiqi sənətimizin görkəmli nümayəndələrindən birinə çevirib. Bu şəxsiyyətlərin Şuşa ilə bağlı irsinin qorunması və gələcək nəsillərə çatdırılması şəhərin mədəni dirçəlişinin əsas istiqamətlərindəndir.
Şuşa Azərbaycan ədəbiyyatının inkişafında da mühüm rol oynayıb. Molla Pənah Vaqifin yaradıcılığı milli poeziyamızın inkişafında yeni mərhələnin əsasını qoymuş, Azərbaycan ədəbi dilinin və poetik düşüncəsinin zənginləşməsinə böyük təsir göstərmişdir. Xurşidbanu Natəvan isə şairə kimi yaradıcılığı, xeyriyyəçilik fəaliyyəti və ictimai mövqeyi ilə Azərbaycan tarixində özünəməxsus yer tutmuşdur. Onun rəhbərlik etdiyi “Məclisi-üns” ədəbi məclisi Şuşanın XIX əsrdəki zəngin ədəbi mühitinin mühüm nümunələrindən biri idi. Bu ənənələrin bərpası, Vaqif və Natəvan irsinin yaşadılması Şuşanın mədəni həyatının yenidən canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Şəhərin işğal altında olduğu dövrdə onun tarixi-mədəni irsinə ciddi zərər vurulmuşdu. Tarixi binalar, məscidlər, muzeylər və digər mədəniyyət obyektləri dağıdılmış, bir sıra abidələr öz tarixi görkəmini itirmişdi. Görkəmli şəxsiyyətlərin xatirəsini yaşadan məkanların dağıdılması və mədəni sərvətlərin talan edilməsi Azərbaycan xalqının tarixi yaddaşına qarşı yönəlmiş ciddi zərbə idi. Şuşanın azad edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində genişmiqyaslı işlərə başlanıldı. Bu prosesdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də mühüm yer tutur. Məqsəd yalnız ayrı-ayrı abidələri bərpa etmək deyil, bütövlükdə Şuşanın tarixi-memarlıq simasını və zəngin mədəni mühitini yenidən canlandırmaqdır.
Şuşada həyata keçirilən bərpa işlərinin mühüm istiqamətlərindən biri görkəmli şəxsiyyətlərin ev-muzeylərinin və xatirə məkanlarının yenidən qurulmasıdır. Bülbülün ev-muzeyinin bərpadan sonra açılması, Üzeyir Hacıbəylinin ev-muzeyinin yenidən qurulması, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası milli mədəniyyət tariximizin qorunması baxımından əhəmiyyətli hadisələrdir. 2024-cü il sentyabrın 19-da Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışı, 2026-cı il iyulun 11-də isə Sadıqcanın evinin bərpadan sonra istifadəyə verilməsi bu istiqamətdə işlərin davamlı xarakter daşıdığını göstərir. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinin bərpası və yenidən nümayiş etdirilməsi də tarixi yaddaşın qorunmasına xidmət edir.
Şuşanın mədəni dirçəlişində mühüm yer tutan tədbirlərdən biri “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalıdır. Uzun illər işğal səbəbindən doğma şəhərində keçirilməsi mümkün olmayan festivalın 2021-ci ildə yenidən Şuşada təşkil edilməsi xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıyırdı. Cıdır düzündə keçirilən festival Azərbaycanın zəngin musiqi ənənələrini, müxtəlif xalqların musiqi mədəniyyətini və milli sənət nümunələrini bir araya gətirir. Festivalın beynəlxalq xarakter alması Şuşanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni artırır, şəhərin dünya mədəniyyət məkanında tanıdılmasına xidmət edir. Bu tədbir həm də Azərbaycan mədəniyyətinin işğaldan sonra öz tarixi məkanına qayıdışının rəmzi kimi xüsusi məna daşıyır.
Şuşanın ədəbi ənənələrinin bərpasında Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi də mühüm hadisədir. Molla Pənah Vaqifin yaradıcılığına həsr olunan bu tədbir Azərbaycan poeziyasının zənginliyini nümayiş etdirməklə yanaşı, şəhərin tarixi ədəbi mühitini canlandırır. Şuşada şairlərin, yazıçıların, sənət adamlarının və ədəbiyyatsevərlərin bir araya gəlməsi milli poeziyamızın təbliği və yeni yaradıcılıq əlaqələrinin qurulması baxımından əhəmiyyətlidir. Belə tədbirlər Şuşanın yalnız tarixi abidələr şəhəri deyil, həm də canlı mədəniyyət və yaradıcılıq məkanı kimi inkişafına şərait yaradır.
Şuşanın mədəniyyət paytaxtı statusu onun beynəlxalq səviyyədə tanıdılması üçün də geniş imkanlar yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı sərəncamla Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Sonrakı illərdə şəhərin beynəlxalq mədəni əlaqələri daha da genişlənib. Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu statuslar şəhərin zəngin tarixi irsinin, musiqi və ədəbiyyat ənənələrinin daha geniş coğrafiyada təbliğinə, türk və islam xalqları arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Şuşanın 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıması isə onun beynəlxalq tanıdılması istiqamətində yeni imkanlar açır.
Şuşanın mədəni irsinin dünyaya təqdim olunması Azərbaycanın mədəni diplomatiyasının mühüm istiqamətlərindən biridir. Beynəlxalq festivallar, poeziya günləri, sərgilər, elmi konfranslar və müxtəlif mədəni tədbirlər vasitəsilə şəhərin tarixi və mədəni potensialı xarici ölkələrin nümayəndələrinə nümayiş etdirilir. Şuşada keçirilən tədbirlər müxtəlif xalqların mədəniyyət nümayəndələrini bir araya gətirərək qarşılıqlı anlaşma və əməkdaşlıq üçün yeni platformalar yaradır. Bu baxımdan Şuşa Azərbaycanın zəngin mədəni irsini beynəlxalq ictimaiyyətə təqdim edən, milli dəyərlərimizi dünyaya çatdıran mühüm mədəniyyət mərkəzidir.
Bu gün Şuşada aparılan bərpa və quruculuq işləri ilə yanaşı, mədəni həyatın canlandırılması da ardıcıl şəkildə davam etdirilir. Tarixi abidələrin qorunması, muzeylərin yenidən fəaliyyətə başlaması, milli musiqi və poeziya ənənələrinin yaşadılması, beynəlxalq tədbirlərin təşkili şəhərin öz tarixi missiyasına qayıdışını təmin edir. Şuşanın mədəni dirçəlişi həm də gələcək nəsillərin milli-mənəvi dəyərlər əsasında formalaşması, tarixi yaddaşın qorunması və Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə daha geniş tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Şuşa Azərbaycan xalqının tarixini, mədəniyyətini və milli kimliyini özündə birləşdirən əvəzsiz mənəvi sərvətdir. Bu şəhərin azad edilməsi ilə başlayan yeni mərhələ onun tarixi-mədəni irsinin bərpası, zəngin ənənələrinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması ilə davam edir. Şuşanın yenidən mədəniyyət və yaradıcılıq mərkəzinə çevrilməsi Azərbaycanın öz tarixi dəyərlərinə sahib çıxmasının, milli irsini qorumasının və gələcək nəsillərə ötürməsinin bariz nümunəsidir. Bu gün Şuşa yalnız keçmişin şanlı səhifələrini yaşatmır, həm də Azərbaycan mədəniyyətinin gələcək inkişafına istiqamət verən, milli sərvətlərimizi dünyaya təqdim edən şəhər kimi öz tarixi missiyasını davam etdirir.
Oktay Kərimov,
YAP Neftçala rayon təşkilatının veteran üzvü