Bayraq hər bir dövlətin müstəqilliyini, suverenliyini, milli kimliyini və dövlətçilik ənənələrini özündə əks etdirən ən müqəddəs rəmzlərdən biridir. O, yalnız bir dövlət atributu deyil, həm də xalqın varlığının, milli birliyinin, azadlıq iradəsinin və müstəqil yaşamaq əzminin ifadəsidir. Hər bir millətin bayrağı onun tarixi keçmişini, mənəvi dəyərlərini və gələcəyə olan inamını təcəssüm etdirir. Azərbaycan xalqı üçün də üçrəngli Dövlət Bayrağımız milli qürurun, Vətən sevgisinin və dövlətə sədaqətin ən ali simvollarından biridir.
Hər bir Azərbaycan vətəndaşı üçün bayraq qürur və güvənc mənbəyi, milli özünütəsdiq rəmzidir. Onun dalğalanması müstəqil dövlətə sahib olmağın, milli iradəmizi və kimliyimizi qoruyub saxlamağın göstəricisidir. Bayrağımızın kölgəsində birləşmək, onun mənasını dərk etmək və müqəddəsliyini qorumaq hər birimizin mənəvi borcudur. Çünki bayrağa sevgi, əslində, Vətənə, xalqa və dövlətə olan sevginin ifadəsidir.
Ümummilli Lider Heydər Əliyev dövlət rəmzlərinə, xüsusilə də Azərbaycan Bayrağına hər zaman böyük ehtiramla yanaşmış, onun xalqımızın həyatında daşıdığı mənəvi əhəmiyyəti xüsusi vurğulamışdır. Ulu Öndər deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. Bu fikirlər dövlət rəmzlərinə münasibətin yalnız vətəndaşlıq məsuliyyəti deyil, həm də milli-mənəvi dəyər olduğunu bir daha təsdiqləyir.
Ulu Öndərin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” çağırışı isə milli birlik və həmrəyliyin mahiyyətini ifadə edir. Bu çağırış bu gün də öz aktuallığını qoruyur. Çünki Azərbaycan Bayrağı xalqımızı vahid amal ətrafında birləşdirən, dövlətçilik dəyərlərinə bağlılığımızı gücləndirən müqəddəs rəmzdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli Dövlət Bayrağımız milli suverenliyin əsas rəmzlərindən biri kimi öz layiqli yerini tutmuşdur. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətindən yaranan bayrağımız xalqımızın milli kimliyini, müasir inkişaf düşüncəsini və mənəvi dəyərlərini özündə birləşdirir. Onun hər rəngi və üzərindəki rəmzlər dövlətçilik tariximizin, milli ideologiyamızın və mənəvi dünyamızın mühüm ifadəsidir.
Bu gün Azərbaycan Bayrağı yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif guşələrində, beynəlxalq tədbirlərdə və mötəbər platformalarda qürurla dalğalanır. Xüsusilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra üçrəngli bayrağımızın doğma Qarabağda və Şərqi Zəngəzurda yüksəlməsi xalqımızın milli qürurunu daha da artırmışdır. Bu mənzərə müstəqilliyimizin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin təntənəsini nümayiş etdirir.
Dövlət Bayrağımızın ucalığı həm də xalqımızın birliyinin, qəhrəmanlığının və sarsılmaz iradəsinin göstəricisidir. Bu bayraq Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini, qazilərimizin fədakarlığını və gələcək nəsillərin azad, müstəqil Azərbaycanda yaşamaq arzusunu özündə yaşadır. Ona görə də bayrağımıza hörmət etmək, onu qorumaq və gələcək nəsillərə sevgi ilə ötürmək hər bir vətəndaşın müqəddəs vəzifəsidir.
Azərbaycanın üçrəngli Dövlət Bayrağı bizim qürur mənbəyimiz, milli kimliyimizin və dövlət müstəqilliyimizin əbədi rəmzidir. O, daim yüksəklərdə dalğalanaraq xalqımızın azadlıq ruhunu, dövlətimizin qüdrətini və Azərbaycanın gələcəyə inamla addımladığını bütün dünyaya nümayiş etdirir.
Cəlal Əliyev
YAP Masallı rayon təşkilatının əməkdaşı