Bu il görkəmli oftalmoloq alim, Azərbacan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü qeyd olunur. Şəfqət və mərhəmət nümunəsi olan Zərifə xanım Əliyevanın yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir həkim üçün həyat və mənəviyyat dərsi və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Onun həyat fəlsəfəsi, mənəvi dünyası oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və cox cəhətlidir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin “Müalicə profilaktika” fakültəsinə daxil olub. 1947-ci ildə Azərbaycanda geniş yayılmış, gözü zədələyən, ağır nəticələrə və hətta tam korluğa səbəb olan “traxoma” infeksion xəstəliyinin kökünün kəsilməsi uğrunda mübarizə aparmaq Zərifə xanımın ən böyük töhfələrindən biri olub. O, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmış, böyük əmək sərf etmişdir. O dövrdə bu məsələ bütünlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyıb. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhs Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.
Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyası olub. Alim ilk dəfə olaraq dünyada görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb. Bu sahədə fundamental tədqiqatları ona böyük şöhrət gətirib və dünya oftalmologiyası məkanında məhşurlaşdırıb. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Məşhur oftalmoloq akademik M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd etmişdir ki, əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kəşflərin rəhbəri ola bilərdi.
Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi əsərlərlə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” adlı iki monoqrafiya hazırlamışdır. O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərəli təklifin müəllifidir.
Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində həkim-xəstə münasibətləri, etika və tibbi deontologiya, əxlaq məsələlərinə xüsusi yer verib, həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib edib. Bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkib. Onun vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışlarının öz əksini tapdığı "Həkimin yüksək vəzifəsi", "Oftalmologiyanın aktual problemləri", "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" adlı kitabları bu gün həkimlərin stolüstü kitabı və əsaslandığı elmi əsərlərdir.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan novator alim, akademik Zərifə xanım Əliyeva yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu - Ümummilli Liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anası Zərifə хanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Gözəl tədqiqatçı, övladlarına qayğıkеş valideyn, zəngin mənəviyyata sahib əsl Azərbaycan ziyalısı kimi Zərifə xanımın fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən daim ehtiramla yad edilir.
Günay Məmmədli
YAP Yasamal rayonu “Moskva pr. 67” (ADSEA) ünvanı üzrə ərazi partiya təşkilatının sədri