PDF Oxu

Siyasət

  • 1 077

Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə”yə müsahibəsi siyasi uzaqgörənliyin növbəti parlaq nümunəsidir

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə ölkəmizin regional və qlobal siyasətdə oynadığı rolun, həmçinin son illərdə əldə etdiyi nailiyyətlərin aydın ifadəsidir. Bu müsahibə yalnız Azərbaycanın Qarabağ məsələsində əldə etdiyi tarixi qələbənin qiymətləndirilməsi deyil, eyni zamanda gələcəkdə bölgədə və dünyada sülhün və inkişafın təmin olunması üçün irəli sürülən strateji baxışların bəyanı kimi mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın müstəqil siyasətini, praqmatik yanaşmalarını və beynəlxalq müstəvidə artan nüfuzunu bir daha təsdiq etmişdir. Dövlət başçısı müxtəlif mövzulara toxunaraq, ölkəmizin regional güc mərkəzinə çevrildiyini, iqtisadi, siyasi və humanitar sahələrdə nümunəvi model yaratdığını vurğulamışdır.

Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın 1990-cı illərin əvvəllərindən üzləşdiyi işğal və onun ağır nəticələrindən danışaraq bildirmişdir ki, ölkəmizin ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, bir milyon insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Dövlət başçısı qeyd etmişdir: “Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesində iştirak etdik.”

Azərbaycan xalqının tarixi iradəsi və güclü ordusu sayəsində 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi qələbə ilə yekunlaşdı. Prezident İlham Əliyevin sözləri ilə desək: “44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı.” Bu qələbə həm də xalqın milli birliyini, dövlətin siyasi müdrikliyini və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini göstərdi.

Azərbaycanın sülh təşəbbüsləri regionun gələcəyi üçün yeni imkanlar yaratmışdır. Prezident İlham Əliyev vurğulamışdır ki, məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etmiş və bu istiqamətdə sülh sazişi layihəsini təqdim etmişdir. Onun sözlərinə görə: “Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.”

Vaşinqton razılaşması bölgədə uzun illər davam etmiş münaqişənin başa çatmasının siyasi təsdiqi kimi qiymətləndirilməlidir. Bu sənəd hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, gələcək münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulması üçün mühüm zəmin yaratmışdır.

Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq Zəngəzur dəhlizinə diqqət çəkmişdir. Dövlət başçısının sözləri ilə: “Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır.” Bu dəhlizin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə yaratmaqla yanaşı, bütövlükdə region üçün strateji üstünlüklər və iqtisadi imkanlar açacaqdır.

Zəngəzur dəhlizi eyni zamanda Avrasiyanın nəqliyyat xəritəsində yeni bir alternativ marşrutun formalaşmasına xidmət edəcəkdir. Bununla da Azərbaycan həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətində beynəlxalq logistika mərkəzinə çevriləcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə bütün region ölkələri üçün qalib–qalib modelidir.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident İlham Əliyev qeyd etmişdir: “Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür.” Bu fakt Azərbaycanın qitənin enerji xəritəsində etibarlı tərəfdaş statusunu təsdiq edir.

Eyni zamanda, Azərbaycan bərpa olunan enerji sahəsində də ciddi addımlar atır. Körfəz ölkələri ilə birgə icra olunan layihələr nəticəsində 2030-cu ilə qədər 6 giqavat gücündə günəş və külək enerjisi istehsalı planlaşdırılır. Bununla yanaşı, Qarabağda yeni su elektrik stansiyaları tikilir. Bu proses Azərbaycanın enerji sektorunun şaxələndirilməsinə, ekoloji təhlükəsizliyin təmin edilməsinə və iqtisadi potensialın daha da artmasına xidmət edir.

Prezident İlham Əliyev müsahibədə məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı görülən işlərə də xüsusi diqqət ayırmışdır. Dövlət başçısı demişdir: “Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir.”

Bu siyasət yalnız sosial ədalətin bərpası deyil, həm də Azərbaycanın milli həmrəyliyinin və humanitar siyasətinin göstəricisidir. Ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması və yeni yaşayış məntəqələrinin inşası “Böyük Qayıdış” proqramının əsas prioritetlərindəndir.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi yalnız Azərbaycanın qələbəsini və əldə etdiyi uğurları təsdiqləmir, eyni zamanda gələcək üçün strateji yol xəritəsini də ortaya qoyur. Dövlət başçısının sözlərində ölkəmizin prinsipial mövqeyi, regional və qlobal sabitlik üçün atdığı addımlar, enerji, nəqliyyat və humanitar sahələrdə apardığı işlər aydın şəkildə ifadə olunmuşdur.

Prezident İlham Əliyevin Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər, verdiyi mesajlar bir daha Azərbaycanın qalib, qüdrətli, hər zaman qətiyyətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqeyi olan, dünyada nüfuzlu, söz sahibi olan dövlətlərdən biri olduğunun təsdiqidir.

Saleh MƏHƏRRƏMOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər