Hindistanın Bakının ŞƏT-ə üzv olmaq istəyini əngəlləmək qərarı əvvəlcədən qəbul edilib
Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyini əngəlləmək qərarı əvvəlcədən qəbul edilib və Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışları buna heç bir təsir göstərməyib. Bu fikri MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev “Ridus” nəşrinə müsahibəsində bildirib. O xatırladıb ki, İlham Əliyev Çində Pakistanın baş naziri Mian Məhəmməd Şahbaz Şəriflə görüşü zamanı İslamabadı Hindistan üzərində qələbə münasibətilə təbrik edib. Eyni zamanda ekspert hesab edir ki, bu, Hindistan tərəfinin Bakının təklifini əngəlləmək qərarına təsir edə bilməzdi, baxmayaraq ki, Azərbaycan Prezidenti özü bunu Cənubi Asiya dövlətini dəstəklədiyinə görə qisas almaqdan başqa bir şey hesab etmir.
Silayevin sözlərinə görə, İlham Əliyev şəxsiyyətinin bununla heç bir əlaqəsi yoxdur, amma indi o, Pakistanı qələbə münasibətilə təbrik edəndən sonra Hindistanın niyə Azərbaycanı ŞƏT-də görmək istəməməsinin "izahı” var. Alim hesab edir ki, Nyu Dehlinin Bakı ilə bağlı mövqeyi 1947-ci ildən bəri davam edən Hindistan-Pakistan münaqişəsinin əksidir. Beləliklə, Pakistan Hindistana dost olan Ermənistanın ŞƏT-də iştirakını istəmir, buna görə də Yeni Dehli İslamabada dost olan Azərbaycanın təşkilatda iştirakının əleyhinədir, deyə ekspert yekunlaşdırıb.
Sentyabrın 1-də Hindistanın Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv kimi daxil olmasına növbəti dəfə veto qoyduğu məlum olub. Səbəb isə Bakı ilə Pakistanın müttəfiqlik münasibətləri olub.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri tərəfindən Şanxayda yaradılıb. Terrorizm, ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və ticarət-iqtisadi əlaqələrin inkişafı ilə məşğuldur. Hazırda ŞƏT-də doqquz ölkə, müşahidəçi dövlətlər də var. Azərbaycan hazırda ŞƏT-in dialoq tərəfdaşıdır, lakin müşahidəçi statusu əldə etməyə çalışır.
Bundan əvvəl Azərbaycan, Türkiyə və Pakistan liderləri üçtərəfli əməkdaşlığı müzakirə ediblər.
V.VƏLİYEV