PDF Oxu

Siyasət

  • 1 332

Tibbi elminin inkişafına həsr olunmuş şərəfli ömür

image

Akademik Zərifə Əziz qızı Əliyeva Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən biri olmuş, ölkəmizdə oftalmologiya sahəsində böyük töhfələr vermiş və uzun illər ərzində həm elmi, həm də ictimai fəaliyyəti ilə dünyanın bir çox ölkələrində tanınmışdır.Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinin məzunu olan Zərifə xanım Əliyeva Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda (Moskva) diplomdan sonrakı hazırlıq fəaliyyəti nəticəsində oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmişdir.

Zərifə xanım Əliyeva fəlsəfə doktoru, H.Helmqolts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, professor elmi adını almış, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Bundan sonra Akademik Zərifə Əliyeva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi, böyük elmi işçi, daha sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri vəzifələrində də çalışmışdır.
Akademik Zərifə Əliyevanın təşəbbüsü ilə 1979-cu ildə Fiziologiya İnstitutunun Bakı Məişət kondisionerləri zavodu nəzdində işçilərin görmə orqanının fiziologiyası və professional patologiyasının problemi ilə məşğul olan ilk ixtisaslaşmış laboratoriyası təşkil edilmişdir. Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, ağır virus konyunktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, iridodiaqnostikanın əsasları, qlaukoma problemləri və s. təşkil etmişdir.
Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.
Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışdığı dövrdə bir çox cərrahiyə əməliyyatları aparmış, xəstələrə məsləhətlər vermi, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.
Akademik Zərifə Əliyevanın birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi akademik Z.Əliyevanın adını daşıyır. Eyni zamanda Bakı şəhərində mərkəzi küçələrdən birinə də alimin adı verilmişdir.
Azərbaycan aliminin apardığı tədqiqat işlərinin mövzuları üzrə və digər mövzularda qələmə aldığı çoxsaylı elmi əsərlər, monoqrafiya və kitablar hazırda da oftalmoloq həkimlər, tələbələr tərəfindən geniş istifadə olunur. Bu da o deməkdir ki, bu kitablar bütün dövrlər üçün yazılmış əsərlərdir və öz aktuallığını heç vaxt itirmir.
Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Akademik Z.Əliyeva onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri və məsləhətçisi olmuşdur. 1977-ci il Zərifə xanımın həyatında daha bir mühüm tarixi hadisənin əbədiləşdirməsi ilə yadda qaldı. Həmin ildə akademik Z.Əliyevanın təşkilatçılığı ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Rusiyadan, digər ölkələrdən gəlmiş görkəmli oftalmoloqlar bu tədbirin yüksək səviyyədə təşkilinə görə akademik Zərifə Əliyevaya öz təşəkkür və minnətdarlıqlarını bildirdilər. Həmin tədbirdə Zərifə xanımın peşə xəstəliklərinin diaqnostikası və müalicəsini həyata keçirmək üçün yüksək təchizatlı bir laboratoriya yaradılmasına ehtiyac olduğunu bilmişdir və plenum bu təklifi bəyənərək, onun təşkilinə yekdilliklə qərar vermişdir.
SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının (Moskva) redaksiya heyətinin, respublika “Bilik” Cəmiyyəti İdarə heyətinin üzvü olan Zərifə xanım Əliyeva, həmçinin SSRİ Tibb Elmləri Akademiyasının “Akademik M.Averbax” mükafatı ilə təltif olunan ilk qadın alim olmuş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü (2023) ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirmişdir.
Hər il olduğu kimi, bu il də 15 aprel tarixi akademik Zərifə xanım Əliyevanın anım günü kimi bütün ölkəmizdə yad edilir, elmi-praktik konfranslar keçirilir, xatirəsi ehtiramla yad edilir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Digər xəbərlər