PDF Oxu

Siyasət

  • 685

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi - ŞƏRH

image

Məlum olduğu kimi, Azərbaycan-Çin əlaqələrinin tarixi qədim “İpək Yolu”na qədər uzanır. Hələ 2500 il bundan öncə qədim “İpək Yolu” vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Xalqlarımız arasında olan tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin 12-ci əsrdə yazdığı əsərlərdə də öz əksini tapıb. Nizami Gəncəvi Çin xalqına olan hörmət və ehtiramını “Yeddi gözəl” poemasında “Çin gözəli”nin vəsfi ilə ifadə edib.

Yeri gəlmişkən, Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən tanınması və 1992-ci il 2 aprel tarixində ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 3 sentyabr 1993-cü ildə isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi açılıb. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. Ənənəvi olaraq dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. Hazırda da bu ənənə beynəlxalq münasibətlərin mühüm trendlərindən birini təşkil edir. Dünyada liderlərin dostluq əlaqələrinin töhfələri sayəsində yaxşı dövlətlərarası münasibətlər nümunəsindən söhbət açdıqda Azərbaycan-Çin əməkdaşlığını da qeyd edə bilərik. Dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Dövlətimizin başçısı Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çində işgüzar, 2015-ci ildə isə dövlət səfərində olub. 2019-cu ildə isə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə dövlət başçısı məhz Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpin özünün əsas qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi təkcə ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit potensialı ilə deyil, həm də dövlətimizin başçısına bir lider kimi olan etimadı ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanla Çin arasında nəqliyyat sektorunda əməkdaşlığın genişlənməsi diqqətəlayiq haldır. Çində Azərbaycan üzərindən keçən dəhlizlərin önəmi yüksək dəyərləndirilir. Bu ölkə 10 il bundan əvvəl Avrasiyada infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” layihəsini elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiya keçirilib. Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sessiyada iştirak ediblər. Hazırda respublikamız yaratdığı müasir infrastrukturla “Bir kəmər, bir yol” layihəsinin, eləcə də Orta Dəhliz strategiyasının həyata keçirilməsində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

21 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasına rəsmi dövlət səfəri ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibə verib. İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı qeyd edib ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir.

Qeyd edilməlidir ki, son illərdə iki ölkə arasında humanitar mübadilələr, xüsusən dillərin tədrisi və turizm sahələri inkişaf edir. Azərbaycan mənbələrinin məlumatına görə, ötən il Azərbaycana səyahət edən çinli turistlərin sayı əvvəlki illə müqayisədə iki dəfə artıb. Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur. Sevindirici haldır ki, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb. İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi baza yaradılır. Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislər hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaq, iki xalqın yaxınlaşmasına və qarşılıqlı mədəni zənginləşməsinə xidmət edəcək. Ötən il Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.

Ən əsası, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi müsahibəsi iki dövlət arasında münasibətlərin sülhə əsaslandığını, bundan sonra daha da genişlənəcəyinə əminlik kimi dinlənildi. Müsahibədə dövlət başçımız qarşıdakı səfərin Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcəyini də xatırlatdı.

Bəxtiyar Həsənov,

YAP Göygöl rayon təşkilatı üzrə 3 nömrəli "Magistral avtomobil yollarının istismarı" MMC ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər