Ana dili hər bir xalqın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini yaşadan müqəddəs bir sərvətdir. Qədim tarixə, zəngin mədəniyyətə, ictimai mövqeyə və müstəqil siyasətə sahib olan hər bir xalq üçün onun ana dili əvəzolunmaz dəyər daşıyır. Ulu Öndər Heydər Əliyev ana dilinə böyük sevgi və ehtiramla yanaşmışdır. 1978-ci ildə Ulu Öndər ciddi siyasi təzyiqlərə baxmayaraq, böyük qətiyyət və siyasi iradə göstərərək Azərbaycan dilinin dövlət dili kimi Azərbaycan SSR-in Konstitusiyasına daxil edilməsinə nail olmuşdur.Ulu Öndərin təşəbbüsü ilə 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyasında da Azərbaycan dili dövlət dili kimi rəsmiləşdirilmiş, bu sahədə davamlı hüquqi və təşkilati islahatlara start verilmişdir. 2001-ci ildə imzalanan “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar milli dil siyasətinin inkişafında mühüm mərhələ təşkil etmişdir.
2 yanvar 2003-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə dilimizin statusunu möhkəmləndirməklə yanaşı, onun tətbiq sahəsini genişləndirmişdir. Qanuna əsasən, dövlət qurumlarının, müəssisə və təşkilatların adları lövhələrdə yalnız Azərbaycan dilində qeyd olunmalı, rəsmi sənədləşmə prosesi tam şəkildə dövlət dilində aparılmalıdır.
Ulu Öndərin milli dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə bu sahədə bir sıra mühüm normativ-hüquqi aktlar qəbul olunmuş, yeni strateji yanaşmalar müəyyən edilmişdir. Xüsusilə 1 noyabr 2018-ci il tarixində imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman dövlətin dil siyasətində yeni mərhələnin başlanğıcı olmuşdur. Bu Fərmana uyğun olaraq Azərbaycan dilinin norma və qaydalarının qorunması, lüğət ehtiyatının zənginləşdirilməsi, dilin texnoloji platformalarda daha geniş istifadəsi istiqamətində ciddi tədbirlər görülməkdədir.
Prezident İlham Əliyevin “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik” fikirləri isə onun milli dəyərlərə, o cümlədən ana dilinə verdiyi yüksək qiymətin təzahürüdür.
Hazırda ölkədə dil siyasətinin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən xüsusi qurumlar yaradılmış, dövlət dilinin tətbiqi və təbliğinə yönəlmiş maarifləndirmə tədbirləri genişlənmişdir. Təhsil müəssisələrində ana dili fənninin tədrisi gücləndirilmiş, elektron informasiya mühitində Azərbaycan dilinin daha fəal və düzgün istifadəsi təşviq olunmaqdadır.
Azərbaycan dili bu gün təkcə bir ünsiyyət vasitəsi deyil, həm də milli şüurun daşıyıcısı, suverenliyin simvolu kimi dövlət həyatının bütün sahələrində geniş şəkildə tətbiq olunur. Məhz bu səbəbdən ana dilinin qorunması və inkişafı hər bir vətəndaşın mənəvi borcu, dövlətin isə strateji vəzifəsidir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri